Görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasından 135 il keçir
31.01.14

XX əsrin əvvəllərində Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində şair və publisist kimi özünəməxsus yeri olan, teatr və poeziyada öz sözünü demiş, bütün varlığı ilə millətinə, Vətəninə bağlı olan, satirik şeirləri və felyetonları ilə dövrün problemlərini, ədalətsizlikləri əks etdirən Səməd Mənsurun anadan olmasından 135 il ötür.

Səməd Kazımov (Səməd Mənsur) 1879-cu ildə Bakıda doğulmuşdur. O, rus-müsəlman məktəbində təhsil almış, rus, ərəb və fars dillərini mükəmməl bilmişdir. Bir müddət müəllimlik etmiş, Bakıda “Səfa” Cəmiyyətinin məktəbində çalışmışdır.
Klassik ədəbiyyatın mükəmməl bilicilərindən olan Səməd Kazımov “Mənsur” təxəllüsü ilə şeirlər yazmışdır. “Bəsirət”, “İqbal”, “Tuti”, “Səfa”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış mətbu orqanlarında “Səməd Mənsur” imzası ilə satirik şeirləri nəşr edilmişdir. O, Bakıda çap olunan mütərəqqi fikirli “Şeypur” jurnalının naşiri olmuşdur.
Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus izi vardır. O, aktyorluq fəaliyyəti ilə yanaşı, pyeslər yazmış, tamaşalar hazırlamış, tərcüməçilik etmişdir.
Azərbaycanın məşhur təkamül qurumlarından olan “Səfa” Mədəni-Maarif Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksessuarların toplanmasında son dərəcə səmərəli işlər görmüşdür.
Onun təşkilatçılıq, inzibatçılıq və aktyorluq fəaliyyəti “Səfa” Mədəni-Maarif Cəmiyyəti ilə bağlıdır. 1913-cü ildə “Səfa” Mədəni-Maarif Cəmiyyəti tərəfindən Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi qeyd edilmişdir. Gecənin əsas təşkilatçısı olan Səməd Mənsur yubileydə Cahangir Zeynalovun rejissorluğu ilə hazırlanmış “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) tamaşasında tacir Hacı Salman rolunu oynamışdır.
Müəyyən vaxtlarda “Nicat” Cəmiyyətinin truppasında və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da rollarda oynayan Səməd Mənsur müxtəlif xarakterli səhnə obrazları yaratmışdır.
Səməd Mənsurun şairlik fəaliyyəti satira və romantika olmaqla iki xətt üzrə davam etmişdir. Satirik şeirlərində şair Mirzə Ələkbər Sabirin yolunu tutaraq ictimai bəlaları, köhnə münasibətləri qamçılamağa çalışmışdır. “İçkilər, oflar”, “Ey həkim”, “Qarabağlı”, “Qələmim” belə şeirlərdəndir.
Səməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Səməd Mənsur Bakıda yoxsulluq, pulsuzluq ucundan həkimə gedə bilməyən xəstələrin şikayətini onların dilindən qələmə almışdır:

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar, ey həkim.

Şairin yaradıcılığında ictimai məsələlərdən bəhs edən mövzular üstünlük təşkil edir. Onun şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhvali-ruhiyyəsinin olmasıdır.
S.Mənsur digər qələm sahiblərindən fərqli olaraq ateist olmamışdır. O, millətin inkişafında İslam dininin rol oynadığını bəyan edərək, xalqını fəlakətdən xilas etmək üçün Ulu Tanrını köməyə çağırırdı.
Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə daha məhsuldar işləmiş və bu dövrdə nəşr edilən “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olmuşdur.
S.Mənsur AXC dövründə naşirliklə də məşğul olmuşdur. Çox böyük maddi çətinliklər bahasına “Turan” elektrik mətbəəsində bu işə başlayan şair 1920-ci ilin may ayınadək burada çalışmışdır.
Ən güclü lirik və satirik şeirlərindən sayılan, poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini də elə bu vaxt yazmışdır.

Şairin yaradıcılığının üçüncü - sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox səhnə əsərləri yazmağa üstünlük verən ədib məşhur “Satir-aqit” səhnə əsəri ilə yanaşı, yeddi pyesini də bu illərdə qələmə almışdır. Həcmcə böyük olmayan bu əsərlərin məzmunu əsasən millətin maariflənməsi, ölkənin azad olması problemlərinə həsr edilmişdir.
Mollanəsrəddinçi şair kimi tanınan Səməd Mənsur əməkdaşlıq etdiyi mətbu orqanlarının əksəriyyətində “Pompuşəli”, “Kənarçı Pompuşəli”, “Tuti”, “Şeypur”, “Mütəşair” kimi gizli imzalardan istifadə etmişdir. Onun qələmə aldığı hər bir şeir, felyeton çox aktual mövzulara həsr edilmişdir. İstər ölkə daxilində, istər xaricində baş verən hər bir siyasi məsələyə həmin an münasibət bildirərdi. Milli azadlıq, milli mənlik, ana dilinə qarşı münasibət isə onun yaradıcılığının ana xəttini təşkil etmişdir.

Ədib “Şeypur”da çap etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarında ana dilimizə olan soyuq münasibətdən bəhs edir. Hələ o vaxt ana dilini bəyənməyərək rus dilinə üstünlük verən “ziyalılara” üzünü tutaraq onları “ruslaşdırma” siyasətindən uzaq olmağa çağıran şair yazırdı: “...İndi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitanniy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər”.
1920-ci ildən sonra baş verən siyasi hadisələr, milli azadlığın, müstəqilliyin boğulması, ölkənin sovet imperiyasının zəncirləri ilə buxovlanması şairi dəhşətə gətirirdi. Xalqına edilən zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb oldu. Dövrün haqsızlıqlarına, bəzi insanların məsləksizliyinə dözə bilməyən şair 1927-ci ildə 47 yaşında dünyasını dəyişmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz əsərlərində sovet rejiminin imperiya siyasətini kəskin şəkildə ifşa edən digər ədiblərimizlə yanaşı, görkəmli maarifçi, satirik şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə bu rayonda Səməd Mənsurun xatirə lövhəsi açılmışdır. /AzərTAc/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.