Cavid Zeynallının “Leyla” romanının təqdimatı keçirilib
25.01.14
“APA Holding”də Cavid Zeynallının “Leyla” romanının təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Etimad Başkeçid, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, Lent.az informasiya portalının direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə “Leyla” romanının ilk oxucusu kimi əsərin ədəbi kriteriyalara cavab verdiyini söyləyib: “Bizim redaksiyada bütün materialları təbii olaraq bir adamın oxuması qeyri-mümkündür. Ona görə də materialları işçilər arasında bölürük. Cavidin əsərini isə şəxsən özüm oxudum. Onun ilk əsəri “Günəşi gözləyənlər”i də oxumuşdum. Romanda yerli şou-biznes aləmində baş verən problemlər, insan faciəsindən bəhs olunur. Ümumilikdə, əsər yaxşı alınıb. Biz “Azərbaycan” jurnalının iki nömrəsində “Leyla”nı çap etdik. Bu romanın çapından sonra Cavidlə dostlaşdıq. Mən gənc dost qazandım”. “APA Holding”in prezidenti Vüsalə Mahirqızı əsəri “Azərbaycan” jurnalında oxuduğunu diqqətə çatdırıb: “Cavidin əsərində ən yaxşı məqam ondan ibarətdir ki, əsər səni sonuna çatmağa vadar edir. Əsərdə bir emosiya var. Süjetin özündə konfliktlər var. Bu baxımdan maraqlı əsərdir. Bənzətmələrə rast gəlmədim. Bu, çox sevindirici haldır. Bu gün çox təəssüflər olsun ki, kitab satışı, ümumiyyətlə, kitabla dolanmaq çox çətindir. Arzulayıram ki, gələcəkdə Cavid, o cümlədən digər gənc yazıçılar əsərlərindən qazandıqları vəsait hesabına özlərini dolandıra bilsinlər”. Kitabın redaktoru Etimad Başkeçid isə son günlər romanın müğənni Röya Ayxandan bəhs etməsinə toxunub: “Son günlər yazırlar ki, roman Röyanın həyatından bəhs edir. İstənilən müğənni özünü bu romanda görə bilər. Bu onların problemidir. O ki qaldı kitaba, onun redaktəsinə, redaktə məsələsində elə bir problem yaşamadım. Çünki Cavid peşəkar yazıçıdır”. Nurşən Quliyev, İlqar Əlfioğlu, Qabil Abbasoğlu, Cavid Cabbaroğlu, Nəsimi Nəbizadə, Kənan Hacı, Qismət də roman haqda fikirlərini bildiriblər. Sonda Cavid Zeynallı kitab haqda danışıb: "Leyla bir müğənninin obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam". “Kulisin kitabxanası” seriyasından çap olunan “Leyla” romanında Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb. Kitab "Hədəf" nəşriyyatında çap olunub. “Leyla” romanı yazıçının sayca ikinci romanıdır. Yazıçının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb. /APA/
|