Filip Delerm - Pivənin ilk qurtumu

27.01.14

Filip Delerm 1958-ci ildə Şaponval şəhərində  doğulub. Müasir Fransada ən çox oxunan nasirlərdən biridir. Hekayələr toplusunun adı: “Birinci pivə qurtumu və həyatın digər sevincləri”. Bu topluya görə müəllifə “Qranquzye” ədəbi mükafatı verilib.
Bir romanı çox məşhurdur: “Əyyaş zaman”.Delerm kiçik bir Normand şəhərində ədəbiyyat müəllimidir. Minimalistdir, nəsrində həyatın ən xırda detallarından yapışır, hər şeyin rəngini, sevincin, kədərin gözə dəyməyən incəliklərini göstərmək istəyir.


Fransızcadan tərcümə Cavanşir Yusifli


SOVRULMUŞ BAĞ

Yay, hardasa Akvitaniyada bir bağ.  Avqust gününün qızmar istisi. Meh həsrəti, yarpaqlar qımıldanmır. Gün işığı belə pomidorların üstündə quruyub qalıb: qırmızı məhsulların hər birinin üstündə parıltılı ləkə donub, tərpənmir. Son yağışdan onların çöhrəsində torpaq dənələri quruyub. İstəyirsən beləcə götürüb suya çəkəsən, dişinə çəkib ipisti zərifliyindən dadasan. Bax. Bu yerində dayınıban fırlanan saat ən münasib vaxtdı – rənglərin tez-tez dəyişməsinə tamaşa etmək üçün. Hələ gömgöy pomidorlar da var, bitkidən çox qələməyə bənzəyir. Qonura çalan turşməzə pomidorlar da var. Beləsini gövdəsi ilə bərabər qıra bilməzsən. Yalnız yetişmişlər tamahlandırıcı ağırlıqla sallanır.

Gavalı ağacının gövdəsinə nərdivan qoyulub. Bostan boyu bir neçə gavalı tökülüb qalıb. Uzaqdan baxanda bənövşəyi rəngə çalır, yaxınlaşanda isə tünd göy və narıncı rənglərin tutaşmasının şahidi olarsan, üstəlik nazik qabığın üstündə ballanan dənələr – ani zərbədən partlayır, yumşaq, nəm torpağın üstünə qəhvəyi horra tökülür. Budaqların üstündə quruyub qalan və tam dəyməmiş gavalılar sarı-zeytun rənginə çalır, onları böyük gavalıların tünd göy rəngi tovlayıb yoldan çıxarır.

Kölgədə dayanmaq ləzzət eləyir. Ancaq isti günün yağışı yarpaqların arasından amansızlıqla töküldükcə tökülür. Günəş şüaları ləklərin üstünə düşəndə ağappaq ağarır: bunların içində boşalıb yerə sərilmiş kahı və hətta yarpaqları yerə sallanmış şəkər çuğunduru da var.  Yalnız yerkökü tağlarının möhkəm quyruqları dimdik durmuşdu, elə bil kiçik dişcikləri yorğunluğa yaxa vermək istəmirdi. Moruq artıq sovrulmuşdu və çəpər boyu uzanan budaqlarda, məxmər fonda tünd qırmızı giləmeyvələrlə birlikdə qırışıq yarpaqlar arasında qurumuş çəhrayı topalar görünürdü. Bağın o biri ucunda, alçaq daş divar üzərində bir-birinə sarmaşan  armud ağacları budaqlarını düz simmetrik qaydada uzatmışdı, bu da üzü çil-çil meyvələrin qadın utancaqlığını gizlədirdi. Yaxınlıqda isə təravətin, təzə-tərliyin ağız büzüşdürücü, eyni zamanda sakitləşdirici qoxusu yayılan muskat çubuqları vardı. Yaşıl sulu, yaxud tutqun-qızılı salxımlar, eyni zamanda şəffaf, biri bərq vuran, digəri bozumtul rəngə çalan salxımlar... Ancaq yaşılı tona çalan, yaşıl salxımların müdrik duruşunu pozan və avqust günəşinin bürküsünü acgözlüklə udan giləmeyvələr də gözə dəyir.

Bürküdən hara gizlənəcəksən, yeganə sığınacaq meyvə ağaclarının çətiri idi: ərik ağacı, gavalı və gilas – yaxşı ki, kölgə var, burda stolüstü tennis stolu görərsən, üstündəki yaşıl boyanın qabığı oyulub, ağacdan tökülən meyvələr necə var eləcə durub. Burada, bağda, avqust bürküsünün altında sular belə qımıldanmır. O, uzun bambuk çubuqlarının və rəngi qaçmış su şlanqlarının büküşləri arasında gizləndi. Necə gəldi vurulan, iplə və izolentlə sarınmış ilmələrindən süzülən nəsə dinclik gətirən bir şey vardı; oradan üşüdücü şırnaq şappıltıyla axıb tökülə bilməzdi. Ancaq gecə düşəndə axacaq, nəvazişli, dinc və rəvan...

Hələ ki, hakimi-mütləq günəşdir, bütün ağ-çəhrayı yaşıl palitra donub; yerində donmuş kimi tamaşa etməlisən.

 
PİVƏNİN İLK QURTUMU

Yalnız ən birincisi! Yerdə qalanlar – necə içsən də, hər dəfə nə qədər çox içsən də, o deyil – heç nə hiss etmirsən, olsa-olsa zəif alkoqol toxluğu yaranır. Ancaq bir də var son qurtum, onun ümidsiz sonluğu, nəsə vəd eləyən ümidi...
Ancaq ilk qurtum ki var! Qurtummu? Hər şey elə boğaza çatmamışdan başlanar. Əvvəlcə qızılı qovuqcuqlar, dodaqlarda köpüklü sərinlik, sonra ağır-ağır, ayışdırıcı acımtıl nəvaziş ürəyinə hakim kəsilir. İlk qurtumun ləzzəti uzun çəkir! Onu sövq-təbii hərisliklə içirsən. Əslində hər şey irəlicədən məlumdu: miqdarı da – nə bir elə çox, nə bir elə az, siftə üçün nə qədər lazımdısa elə o qədər;  nəfəs almaqla bilinən, ağzını marçıldatmaqla, yaxud mənalı-mənalı bir balaca ara verməklə, necə deyərlər yerinə çatan həzz; və bir də, bu həzzin sonsuzluğa qədər varan aldadıcı duyğusu... özün bilirsən: ən yaxşısı geridə qalıb. İndi stəkanı deşik-deşik parçın içinə qoymalısan və bir az da o tərəfə itələməlisən. Rənglərdən məst olmalısan – soyuq günəşin səpələdiyi rəng ləçəklərindən. Bütün mərasim necə gəldi yox, bütün, ən incə detallara əməl etməklə başlar, məqsəd aydındı – bax, indi əlindən sürüşəcək möcüzəni tutmaq. Stəkanın divarında həzlə adı oxuyursan – bəli, bu, sifariş verdiyin pivədir. Ancaq nə eləsən də, qəribə işdi, qabla içindəki bir-birinə uyğun gəlmir, nəsə yapışmır, möcüzə sürüşüb əlindən çıxır. Formulda xalis qızıl sintezinin sirrini ifadə etmək istəyirsən, ancaq bu ağ stol arxasında kimyagərlik günəş şüaları altında hansısa şərtiliyin tamaşası ilə bitir, ləzzət isə, nə qədər çox içsən, bir o qədər azalır. Burda sevinc-filan yoxdu: içirsən ki, birinci qurtumu unudasan.

 
BALZAKIN GERÇƏK MUZEYİ

Bu lap mənim kollecimlə yanaşıdır. Bəzən, yaxşı havalarda, əlimə fürsət düşən kimi gedib qəbiristan divarlarının böyründə otların üstündə otururam. Hər dəfə də qulağıma elə bil başqa əsrdən səs gəlir, kimsə uzun-uzadı monoloq söyləyir. Təqribən belə: mənzərəli, üstü şiferli və qırmızı kirəmitli evlərin arası ilə Berne şəhərinin yaşıllıqları içində çimən təpələr arasından keçən təsadüfi səyyah əyalətin bu sakitliyi və harmoniyası içində məst olur. Ancaq ardıcıllıqla, qayda-qanunla tikilmiş və bağlarla dövrələnmiş evlərin arasından dar bir cığırla Konye çayının sahilinə enəndə qəfildən səsli-küylü maşınların qulaqbatıran uğultusunu eşidirsən...

Balzaka bənzəyir. Elə bil hansısa romanının əvvəlidir. Sonra nə olacaq? Sakit kənd peyzajı ilə insan acgözlüyünün fontan vurması kontrast yaradır. İnəklərini nəşr işinə dəyişdirən keçmiş fermer – Qrandenin normand variantı olan qəhrəman ən həyasız fırıldaqlara əl atmaqla xeyli var-dövlət yığmışdı. Evi əvvəl otlaq olan yerdə hündür kərpic divarlar üzərində tikilmişdi; qorxaq arvadı, pianoda nəsə dınqıldadan və sulu boya ilə cəfəng şeylər çəkən dikbaş qızı. Ona vurulan oğlanı rədd etdikdən sonra qız dolandırıcıların cənginə keçir, bu da evin talan olması ilə sonuclanır. Həmişə eyni hadisə baş verir, həmişə eyni ürəkbulandırıcı yekrənglik. Amansız əhvalatlar.

Yox, qoy işin əvvəlinə qayıdaq; baxır və düşünürsən, bu nə mənzərədir belə, Sənt-Krua kilsəsi, hər iki çay – Şaranton və Konye – hər şey bu nəhəng kofe aludəçisinin baxışları altında və qələmi sayəsində dünyaya gəlib. Berne – İlya-Kombre, heç Epiney-lö-Fleryel deyil, o ki, Sənt-Aqatdır, burada Böyük Moln, yaxud Svan olmayıb, xəyali dünyalarla heç bir təmasdan söz gedə bilməz. Ancaq bu təpələrin arasıyla gəzinti Balzakı xatırlayır, bu hisləri heç onun doğrudan da bağlı olduğu yerlərdən keçəndə keçirmirsən. Yazıçının əsl, gerçək muzeyi həmişə açıq səma altındadı, bu muzeylər onun heç zaman güzarı düşməyən yerlərdir, gəzmədiyi, ancaq bizə nişan verdiyi yerlər.

 
ALMA HAVASI


Zirzəmiyə düşürsən. Və birdən... Alma ətri gəlir, arxası üstə çevrilmiş qurudulmağa qoyulan meyvə yeşiklərindən. Qəfildən ələ keçibsən. Bu şəkildə “vurulmağı” diləməmisən, heç kimdən xahiş etməmisən. Gecdir ancaq. Alma havası, dalğa kimi gəlib başın üstündən keçdi. Həm də aydın deyil: necə olub ki, indiyə qədər uşaqlığın bu ağız büzüşdürən şirinliyi olmadan yaşaya bilmisən?

Dünyada bu büzülmüş dilimlərdən dadlı heç nə yoxdu: baxırsan quru qabıqlardır, ancaq hər bir şırım qatı şirinliklə dolub. Bir şey də var ki, onları yemək də istəmirsən. Ətrin anlaşılmaz qoxusunun asan bilinən dada çevrilməməsi üçün. Bəyəm onun çox gözəl və dadlı olmasını deməyə lüzum var? Məsələ bunda deyil. Daxili rahiyədədir – bu, xoşbəxt çağların ətridir. İçində məktəb illərinin payızı var. Budur, başını dəftərin üstünə əyibsən və bənövşəyi mürəkkəblə hərfləri sıralayırsan. Yağış damcıları pəncərənin şüşəsini astaca döyür, uzun gecə düşür.

Ancaq alma havası təkcə keçənlərin xatirəsi deyil. O, ötüb keçmiş çiçəklənmə, təmizlik, şora qoxuyan zirzəmi, yaxud qaranlıq çardaqla bağlı fikirləri hardansa qovub gətirir. Bunların hamısını elə indi yaşamalı və elə buradaca saxlamalısan. Arxada hündür otlar və bağın rütubətli havası var, qabaqda isti girdab. Bu ətir yaşıllıqların canındakı bütün qırmızı, qəhvəyi tonları, turşluğu özünə çəkib. Onun canında zərif və kələ-kötür meyvə qabıqlarının cövhəri var. Boğazından necə keçdiyini hiss edirsən, ancaq bu atəşi söndürmək mümkünsüzdür. Dişlərini meyvənin ağ lətinə batırsan belə. Əlacı odur ki, özün oktyabr ayına çevrilməlisən, torpaq olmalısan, zirzəminin alçaq tağı, yağış, gözlənti olmalısan. Alma ətri can üzür. Gerçək həyatın qoxusu və dadı, səbirsizliyi... biz hələ buna layiq deyilik.


Avanqard.net

 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.