Kənan Hacı - Uzunömürlü kədər
25.01.14
Uzunömürlü kədərin sonbeşiyidi bu ərköyün sükut, səhərəcən əllərimin kölgəsində gizlənir, əllərim boşluğu ovuclayarkən... uzunömürlü kədərin yetimləridi bütün tənhalar, qocalar evinin kalorisiz yeməkləri kimidi daddıqları sevinc, burda suvağı tökülmüş divar kimidi xoşbəxtlik – keçmiş zamanın nimdaş forması... suya qoyulmuş protez dişlər kimi irişir üzümə ölən arzular, minaya düşmüş ayağın yerini nöqtələrlə dolduran çəlik kimi uzanır taleyin yazısı... uzunömürlü kədərin qoca süpürgəçisi çox belə nöqtələr süpürüb puç olmuş ömürlərdən... suvağı qopmuş divar kimidi əllərimin kölgəsi, haçansa üstümə aşacaq...
25 yanvar 2014
Avanqrad.net
|