Əli Şirin Şükürlü - Bir sevgi hekayəsi
22.01.14
- iki sevən qovuşanda sevgi yox olur, bəyəm? – bir qadın yazmışdı “inbox”a. - bəzən hə, bəzən də yox, məncə, - hansısa şeirimə işarə etdiyinidüşünüb, cavab verdim ona. - bəs iyirmi il birini sevmək olar, sizcə? - bir ömür sevmək olar hətta.
sonra yazdı qadın, mən də oxudum qəmli sevgi hekayəsini: kiçik bacımı ötürüb idman zalına qayıdarkən yenə də gördüm onu qapı ağzında. salam verdi. nədənsə utanırdım ondan. “sənə sözüm olacaq” – deyib uzaqlaşdı məndən. tir-tir əsməyə başladım həyacandan. cəmi 16 yaşım vardı. o – bacımın idman müəllimi, düz 9 il böyükdü məndən. bacımla məktub göndərmişdi. məktubda telefon nömrəsi; zəng etməyi xahiş edirdi israrla. beləcə başladı sevgi hekayəsi. sonra kiçik qardaşı peyda oldu sevgi etiraflarıyla. məsələdən hali olsa da əl çəkmədi. min oyun quraşdırdı, axır inandıra bilmişdi qardaşını, deyəsən. daha zəng etmədi. özünü görməzliyə vurdu üz-üzə gələndə. bir günsə toy xəbərini gətirdi mənə kiçik qardaş. dözməyib, iki dəfə cəhd etdimintihara. yaşadım amma. bir il sonra qoşulub qaçdım sevmədiyim adamla. beləliklə, düz iyirmi il keçib, amma sevirəm sevgisindən asanlıqla imtina edən o adamı hələ də.
bir filmə bənzədi oxuduğum bu qəmli sevgi hekayəsi. duruxdum bir az, doğrusu. nə deyim qadına indi. soruşdum: -ərini sevə bilmədin bu neçə il ərzində? -yox. amma hörmətim var ona övladlarımın atasıdır deyə. -inan, bir yerdə olsaydınız sevdiyin adamla bu neçə ildə onu da sevməyəbilərdin həyatın hansısa dönəmində. amma indi düz iyirmi il sevgi yaşadırsan bir qəmli sevgi hekayəsindən sonra.
-bəyəm, sevgi – elə ayrılıqdı həmişə? -yox.yox.yox. hə. hə. hə...
... – 22.01.2014
|