Azad Qaradərəli - Bir Aslan Qəhrəmanlı vardı
21.01.14
Vida sözü Eldar Baxış bi gün məni yanına çağırdı. Əlindəki qollu, möhürlü sənədi qabağıma qoyub dedi: -Sən bu radioda işləyəcəyin müddətdə bu iki verilişin redaktoru olacaqsan: uşaqlarçün “Nağıl axşamı” və “Bəbə” radio teatrı. Mən də müəlliflər təklif edəcəm, amma sən daha ehtiyacı olanları yığ. Həm də istedadlıları. Yazıçıların bir çoxu çörəkpuluna möhtacdır... Sən də qaçqınsan. Elə et ki, həm özünə gün ağla, həm də bu yazıq qələm dostlarımıza şərait yarat...
Mən Eldar Baxışın nə demək istədiyini o saat anlamadım. Amma bir az sonra başa düşdüm ki, Eldarın şəxsi nüfuzu və bacarığı sayəsində radionun Uşaq verilişləri redaksiyasına smetalı iki veriliş verilib. Yuxarıda adlarını çəkdiyimiz verilişlərə pul yüksək smeta dəyəri ilə yazılırdı. Teleşirkətin sədri Babək Hüseynoğlunun sərancamı ilə (həm də Eldarın nüfuzu və ad-sanı sayəsində) yaradılmış bu şəraitdən elə istifadə etməliydim ki, həm radionun fondu zənginləşsin, həm də səfalət vəziyyətində olan yazıçılara dolanışıq üçün müəyyən şərait yaradılsın. Mən təbii ki, ilk növbədə vəziyyəti ağır olan istedadlı adamları bura cəlb etdim: Məmməd Elli, Camal Yusifzadə, İsa İsmayılzadı, Əhəd Muxtar, Qaçay Köçərli, Ələkbər Salahzadə, Aslan Qəhrəmanlı...
Elə sonuncudan – bu günlərdə dünyasını dəyişən Aslan Qəhrəmanlıdan danışacam. Digər qələm dostlarımız kimi Aslan bəy də bir-birinin ardıncan gözəl nağıllar və radio-pyeslər yazdı və istedadlı aktyorlarımız Məhluqə Sadıqova, Əminə Yusifqızı, İlham Təvəkküloğlu, Səfurə İbrahimova, eləcə də gözəl radio rejissorlarımız Sədrəddin İsrafilov, Südabə Nurulu və Ülviyyə Əhmədqızının köməyi ilə bu əsərlərə radio-tamaşa həyatı verildi. (İndi onların bir çoxu radiomuzun fondundadır)
Aslan müəllim o biri müəlliflərdən fərqli olaraq bəzən gəlib yazılış prosesində də iştirak edir, dəyərli məsləhətlərini əsirgəmirdi. Hətta radionun diktoru, radio-tamaşalarda bəzən aktrisa kimi iştirak edən Almaz Tahirzadə üçün ayrıca rollar yazdılğını bildirir, onun həmin rolları ifa etməsini israrla xahiş edərdi. (Bu istedadlı adam da çox ağır maddi durumda idi və yəqin ki, Aslan müəllim bunu nəzərə almışdı.) Aslan müəllimin yazdığı nağıllar və radio-pyeslər o biri müəlliflərinkindən kəskin surətdə fərqlənərdi. Onun əsərlərinin məzmununda bir ictimai motiv, haqsızlıqlara etiraz və ən ümdəsi bədiilik vardı. Ona görə də aktyorlar onun əsərlərini oynamağa həvəslə gələrdiərdilər. Televiziyada da Aslan müəllimi sevər və gəlişini sevinclə qarşılayardılar. Axı o, burada ilk dəfə olaraq tele-seriallar üçün tele-pyeslər yazmış və bunlar yüksək oxucu auditoriyası qazanmışdı. (Əlbəttə, bu günün prizmasından baxanda həmin əsərlərin zəif tərəfləri yəqin ki, vardı və bunlar televiziya və radio tənqidçiləri tərəfindən yəqin ki, yazılacaq və deyiləcək.)
Aslan müəllim həm də xeyirxah idi. Çox qısa müddətdə rektoru olduğu bir özəl universitetdə qələm dostlarımızın uşaqlarının çətin duruma düşməməsi üçün (söhbət, əlbəttə təhsil haqqından gedirdi) əlindən gələni edirdi.
Və Aslan müəllim yaxşı qələm dostu idi. Ədəbiyyatı duyan, ona can yandıran idi. Bizim “Yazı” dərgisi çıxanda ilk xeyir-duanı və həm də maddi dəstəyi göstərənlərdən biri o olub. Baxmayaraq ki, nə qədər çalışsaq da, yazısını dərgiyə vermədi – gəncləri çap etməyimizi istədi. (O ağır çağlarda yazıçılar bir yerə toplaşmaq, yeyib-içmək vərdişindən də soyumuşdular elə bil. Aslan müəllim bunu da nəzərə alıb tez-tez bizi başına yığar, aldığı qonarardanmı, yaxud hansısa qazancındanmı bilmirəm, bizlərə qonaqlıq verərdi.)
Aslan Qəhrəmanov həm də abırlı və ləyaqətli müəllim olub. Bunu mən demirəm. Sosial şəbəkələrdə onun vəfatı münasibətilə şərh yazan tələbələri deyir. Buyurub tanış ola bilərsiniz:
Kimdən: Babek Bekir. Haradan: Baki Allah rehmet elesin. Menim tetbiqi riyaziyyatdan müəllimim olub. Həm çox savadlı, həm də çox dürst adam idi.Ölənə qədər rüşvət almadı...
Kimdən: Shamil. Haradan: Baki Allah rəhmət eləsin. Müəllimim olub. Elə bilirəm təkcə mən yox, onun bütün tələbələri fəxr edir ki, bizə Aslan müəllim ders deyib. Onun yeri CƏNNƏTDİR.
Bu gün Aslan müəllim həyatda yoxdur. Amma bu kimi sözlər hər zaman bu gözəl insan haqqında yazılacaq. Onun üzündə gəzən xoş təbəssüm əsərlərində də duyulib həmişə. O təbəssümlərdə, bir də dostlarının qəlbində yaşayacaq Aslan Qəhrəmanlı. Əlvida, gözəl dost! Avanqrad.net
|