Tehran Əlişanoğlu: "Ədəbiyyata gələnlər yaxşı, ya pis, burada yaşamağa məhkumdurlar..." - MÜSAHİBƏ

14.01.14

Tənqid.net jurnalının redaktoru, filologiya elmləri doktoru Tehran Əlişanoğlu ilə müsahibə.


- Bilirəm ki, ədəbiyyat sizin içinizdədir, çağdaş ədəbi prosesi mütəmadi izləyirsiniz. Eyni zamanda nəsr üzrə keçirilən müsabiqələrin münsifi kimi daim diqqət mərkəzindəsiz. Bu gün yaranan əsərlər ideya-məzmun, poetika-sənətkarlıq baxımından sizi qane edirmi? Ümumiyyətlə, sizcə bu günün qəhrəmanı necə olmalıdır, yeni estetik prinsiplər nədən ibarət olmalıdır, bu suallara müasir ədəbiyyatımız cavab verə bilirmi?


- Diqqətinizə görə təşəkkürlər. Görünür, "olan"dan daha artıq "görünürəm". Ölkədə keçirilmiş nəsr üzrə müsabiqələrdən MKM-də (Milli Kitab Mükafatı müsabiqəsi) üçündən son ikisində, Azadlıq radiosunun hekayə müsabiqəsində isə dördündən ikisində ekspert kimi çalışmışam, münsif yox. Yəni müsabiqələrə təqdim olunmuş mətnlərdən ən dəyərli bildiyimiz 50-liyin, 20-liyin, 10-luğun seçilməsində, cəmiyyətə, oxucu auditoriyasına tövsiyə olunmasında iştirak etmişəm. Son sözü isə cəmiyyət deyir, oxucu maraqları müəyyən edir. Əsl münsif də odur; sevimli, oxunaqlı, oxunmalı əsərlər hansılardır? - onun seçimidir. Biz ekspertlərin, ədəbiyyatçıların rolu burda olsa-olsa Ədəbiyyatın maraqlarını, ədəbi-bədii dəyərləri qorumaqdan ibarətdir. Yəni oxucunun diqqətini bacardıqca daha dəyərli, düşündürücü, yüksək zövq aşılayan əsərlərə yönəltməkdən, bu baxımdan cəmiyyətin mənəvi durumunu sığortalamaqdan ibarətdir...

Günün qəhrəmanı necə olmalıdır? - soruşursuz. Bir peşəkar oxucu olaraq hər bir yeni əsərdə mən ilk növbədə özümü axtarıram, qəhrəmanın yerinə qoyaraq, necə deyərlər, özümü qəhrəmanla eyniləşdirirəm, identifikasiya edirəm. Mənim duyduqlarımı-gördüklərimi-bildiklərimi deyə bilirsə, hələ yaxşıdır, təqdir edirəm; üstəlik bilmədiklərimə aparırsa məni, heyrətləndirirsə, düşündürürsə... - əhsən!, deyirəm, bu barədə başqalarına da xəbər verməyə çalışıram. Yəni həm də yazı əhliyəmsə, yazıram. İstər MKM-in 1-ci və 2-ci müsabiqələrindən sonra, istərsə də Azadlıq radiosu Oxu zalının sifarişilə hekayələr barəsində mən sıra yazılar yazmışam, fikirlərimi oxucularla bölüşmüşəm. Birinci baxımdan vəziyyət hələ dözümlüdürsə, yəni kifayər qədər tanış mənzərələrə nəsr diqqət çəkə, bu ətrafda düşündürə bilirsə, ikinci məqama - heyrətləndirəsi əsərlərə say və sanbalca axıracan qane olmaq olmur...

Niyəsini soruşursuz, ideya-məzmun, poetika-sənətkarlıq baxımından "yeni estetik prinsiplər"lə maraqlanırsız. Bunu əlbəttə ki, ədəbiyyat verməlidir, təklif etməlidir oxucuya ki, biz ədəbiyyatçılar da "kəşf edək"... Ümumən ədəbi praktika, təcrübə göstərir ki, "yeni" - milli ədəbiyyatın öz dəyərlərini, bugünəcən olan dəyərlərini zamanla, çağın konteksti ilə, dünya təcrübəsi ilə sintez edəndə yaranır, nəticə verir. Bu zaman sadəcə eksperimentdən, süni şəkildə yeni texnologiyalar tətbiqindən söhbət getmir, milli ədəbiyyat çağdaş dünya konteksti-yaşamını (ki, hazırda buna "qlobalizə prosesləri" aiddir) üzvi şəkildə həzm etməli, özününkü etməli, oxucusuna verməlidir... Bu sarıdan yanaşanda bir sıra əsərlərin adını da çəkmək olar. "İdeya-məzmun" baxımından deyirsiz, məsələn, Sabir Əhmədlinin "Ömür urası", Mövlud Süleymanlının "Erməni adındakı hərflər", Aqil Abbasın "Dolu", Zakir Sadatlının "Əfqanıstan uçurumu", Vahid Qazinin "Camayra. Kuba dəftəri", Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanlarını göstərə bilərəm. Poetik-estetik cazibədarlıq baxımından təkrarən özünü oxuda bilən mətnlərə misal olaraq isə, mənimcə: Rafiq Tağının, Fəxri Uğurlunun hekayələrini, Kamal Abdullanın "Labirint" silsiləsini və "Yarımçıq əlyazma" romanını, Elçinin "Nağıllar"ını, Məqsəd Nurun "Şəhər meri", Nəriman Əbdülrəhmanlının "Yolsuz", Aydın Talıbzadənin "Kəpənək modeli 102", Zahid Sarıtorpağın "Əlifba bayramında qətl", Nərmin Kamalın "Aç, mənəm", Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən" romanlarını fərqləndirmək olar. Dediyiniz "yeni estetik prinsipləri" də bəlkə bu növ ədəbiyyat içindən ayırıb, ayırd etmək gərəkir. Hərçənd "Tənqid.net" jurnalı vaxtında bu ədəbiyyatın əksərinə diqqət cəlb etmişdir. Və bir çox adını çəkmədiyim digər əsərlərə də...

Doğrusu, mən o fikirdə olanlarla razıyam ki, bütöv kontekstdə yanaşsaq, bu tip əsərlərimiz bəlkə də qlobalizə dövrünün "dünya ədəbi prosesi"ndən heç də kənarda deyil; tərcümə olunsa, ümimi ədəbi axında hətta seçilə, görünə də bilərlər. Əslində, son on ildə dünyanın müxtəlif dillərində uğurla yayılan "Yarımçıq əlyazma"nın təcrübəsi də bunu təsdiq edir... Amma bilirsizmi, ədəbiyyatımız ümumən "dünya təcrübəsi"nə nədə uduzur? Mənimcə, bütövlükdə intellektual düşüncə səviyyəsində! Ədəbiyyatımız çağın ağrılı suallarını elə bil orijinal düşünə-həzm edə bilmir, sanki "dünya təcrübəsi"ndə olanları təkrarən istehsal edir. Təzə, tam orijinal ideya-tərz-yanaşma, yəni sırf "öz sözümüz"ü təklif edə bilmir oxucuya. İstər modernizm məcrasında olsun, istərsə də elə postmodern. Görünür, oxucuların yaşadığımız qlobalizə dövrünün suallarına cavabı daha çox əcnəbi ədəbiyyatda axtarmaları da elə bununla bağlıdır...

- Bu yaxınlarda Azadlıq radiosu saytının "Oxu zalı"nda belə bir polemika təşkil olunmuşdu: ədəbiyyat kitabdan gəlməlidir, yoxsa həyatdan? Peşəkar bir nəsr tədqiqatçısı olaraq, sizcə ədəbiyyatda belə bir mənşə bölgüsü aparmağa ehtiyac varmı? Bu sualı həm də gənc nasir kimi öyrənmək baxımından verirəm.

-Təbii ki, bu - şərti bölgüdür, ədəbi təcrübədə nəyisə daha aydın başa düşmək üçün uydurulan təsnifatdır. Ədəbiyyatda köklü-nəzəri olaraq, belə bir dilemma yoxdur. Çün istənilən halda yazıçı-yazar həyatdan gəlir, yazı isə kitabdan. Yəni hər bir qələm əhlinin yazmaq eşqi-həvəsi-haqqını həyat müəyyənləşdirir; amma yazmaq istəyirsə, istəsə də istəməsə də, kitabdan-ədəbiyyatdan-yazıdan, ona qədər yazılmışlardan keçməli olur. "Yazmaq üçün" bilməlidir axı "yazı"- "ədəbiyyat" nədir, bu necə olur. Yoxsa bir Molla Nəsrəddin lətifəsində deyildiyi kimi, öz yazdığını oxucuya anlatmaq üçün ardınca elə özü də düşməli olacaq. Elə bilmə ki, məsələni primitivləşdirirəm, aydınlıq üçün deyirəm, nəzəri kökdə heç bir təzad yoxdur. İntəhası, təkrar edirəm, ədəbi praktikada hansısa məqamları qabartmaq, nələrəsə diqqət çəkmək üçün şərti təsnifatlar da məqbuldur. Yəni elə olur ki, yazıçının əsərinə birbaşa yaşadığı həyat hadisələrinin şiddəti təkan olur, elə də olur ki, ideyalar, kitablardan aldığı düşüncələr üzərində düşüncələr... Bizdə bu bölgünü ortaya atan Yaşar bəlkə də öz "həyat hekayələri"nə diqqət çəkmək istədi, amma ən yaxşı misalı da elə özü, Kamal Abdulla yaradıcılığından dedi. Bəs ki, "Yarımçıq əlyazma"da yazıçı kitabdan, "Labirint" silsiləsində isə bilavasitə həyat materialından gəlir. Və mən əlavə edirəm: hər iki halda yazıçı eyni kökdən - Günün qarşımıza çıxardığı suallara cavab axtarışlarından gəlir... O ki qaldı, gənc yazar olaraq bilmək istəyinə, ara-sıra sənin sərt həyatın nəfəsi duyulan hekayələrini oxumuşam və mənə elə gəlir ki, bu yazılarda çatışmayan məhz yazının-hekayənin-kitabın nəfəsidir. Əgər istəmirsən ki, günlərin bir günü Molla Nəsrəddinin situasiyasına düşəsən, kitabları - ədəbiyyatı çox-çox, durmadan, fasiləsiz öyrənməyin gərəkdir. Hərçənd bu tövsiyəni çox-çox gənclərimizə də ünvanlamaq olar. Eşitsələr də, eşitməsələr də...

- Hər alimin tədqiqat predmetinə çevirdiyi bir sahə - konkret dövr, zaman, sənətkar və onun ədəbi mühiti sayılan bir hücrə, çevrə var. Bu məlum məsələdir. Amma bir qism ədəbiyyatşünaslarımız var ki, lap elə sizin də nəsildaşlarınız arasında, bir vaxtlar carı bədii təsərrüfatı dəyərləndirmədə aktivliyi ilə seçilmələrinə rəğmən bu gün çağdaş ədəbi prosesə münasibətdə çox loyal və təmkinli mövqe tutublar. Ümumiyyətlə, peşəkarların susmağı hansı əlamətin göstəricisidir, hansı reaksiyadan doğur: 1) bu gün çox qaynar və dinamik təsir bağışlayan ədəbi proses, əslində inertdir, ona baş qoşmağa dəyməz, 2) çox tez və sürətli baş verən yenilikləri, təbəddülatları yetərincə həzm (dərk) edə bilmirlər, 3) onlar sözlərini vaxtında dedilər, nəyə qadir olduqlarını göstərdilər, meydan cavanlarındır.

- Əhatəli suala elə özünüz də dolğun cavab verirsiz. Cari prosesə münasibətdə hər üç münasibətdə olan ədəbiyyatçılarımız var və özlüyündə hər üç halda da haqlı olurlar. Yəni 1) ədəbiyyatın dərin qatlarından nəşət edən proseslərə nəzərən çağdaş cari prosesləri "inert" kimi də qiymətləndirmək olar. Məsələn, ilk olaraq Qərb və dünya ədəbiyyatına inteqrasiya yolunu tutmuş M.F.Axundzadədən bəri köklü şəkildə ədəbi gedişatımızda nə dəyişib, hansı ideya-bədii çevrilişlər olub ki: həmin cəhdlərdir, canatmalardır, mənimsəmələrdir... Nə qədər çalışsaq da, bu yöndə yenə H.Caviddən, C.Məmmədquluzadədən, C.Cabbarlıdan geridəyik... 2) Bəli, ilk nəzərdə cari ədəbiyyat meydanında xaotik proseslər gedir. Ədəbiyyata profan və peşəkar yanaşmaların eyni uğurla mövcud olduğu hazırkı situasiyada peşəkarı əlavə enerji sərf edib bu "dolaşıqlıq"dan baş açmağa nə vadar edə bilər ki. Odur ki, nəinki "həzm edə" bilmir, heç "baş qoşmur" da... 3) Bu situasiyada söz, əlbəttə ki, cavanlarındır. Cari ədəbi prosesi yaradanlar ilk növbədə cavanlardır, onların sözünü də ən yaxşı cavan tənqidçilər deyə bilər, uğur və uğursuzluqlarına nüfuz edə bilər. Əsas bu nəsil tənqidçilərin yetişməyidir və mənimcə, həmin proses gedir...

Amma bu o demək deyil ki, bir zamanlar cavan, indi isə "təmkinli" ədəbiyyatçılarımız ümumən carilikdən kənardadırlar. Belə olmur, ədəbiyyata gələnlər, yaxşı ya pis, burda yaşamağa məhkumdurlar; ya da baş götürüb hansısa başqa sahələrə keçməlidirlər. Odur ki, nisbətən yaşlı, peşəkar ədəbiyyatçıların hazırda harda, necə, ədəbiyyatın nəfinə nə işlər gördüyünü, cariliyə necə "təsir göstərdikləri"ni sadəcə bilmək lazımdır. Məsələn, siz necə təyin edə, ölçə bilərsiz, çağdaş ədəbiyyatımızın gəlişməsinə AMEA Nizami adına Ədəbiyyat İnstitutu XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlımı, Qafqaz Universitetində gənc filoloqlara ədəbiyyatı anlatan Akif Hüseynlimi, Atatürk Mərkəzində oturub, ara-sıra yazıları, müsahibələri ilə ədəbi prosesə yuxarıdan belə nəzər salan Nizami Cəfərovmu, "Ədəbiyyat nəzəriyyəsi" müəllifləri: hardasa öz ədəbiyyatını qoşub-düzən Nizaməddin Şəmsizadəmi, yaxud BSU Yaradıcılıq fakültəsində mühazirələr deyib, arabir kəsərli yazıları ilə sözünü yeridən Rəhim Əliyevmi, adı AYB-də olsa da sözünü daha çox akademik tədqiqatlarla deyən Arif Əmrahoğlumu daha çox xidmət edir, doğru-düzgün yön verir..., ya adları ədəbi gündəmdə daim hallanan, cari prosesi izləyib burda "ədəbi intriqalar" yaratmağa çalışan Vaqif Yusifli, Cavanşir Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Tehran Əlişanoğlumu?.. Yaşadığımız postmodern dövrünün ədəbi mühiti elə onunla fərqlənir ki, əgər əvvəllər universitet auditoriyalarından geniş ədəbi çevrələrəcən ədəbi proses düzxətli, birmənalı mahiyyət kəsb edirdisə, indi çoxmənalı olub coxlu çevrələr şəklində mövcuddur. Ədəbiyyatın əsas tendensiyalarının hardan başlayıb hardan keçdiyinə, ədəbi dəyərləndirmələri hansı instansiyanın müəyyənləşdirdiyinə heç kəs axıracan qərar verə bilmir: ədəbi mətbuatmı - KİV-mi?, elmi kafedralarmı - Akademiya, ya Universitetlərmi?, AYB, AYO tipli QHT-lərmi, ya bəlkə Mədəniyyət Nazirliyi? Hər çevrə buna iddialı ola bilər, olur da... Son sözü isə, təbii ki, Ədəbiyyatın özü, yəni ədəbi dəyərlər, mətnlər deyir; hansı çevrə onu daha çox ifadə edir, verirsə, Söz də onundur. Sualınızdan çox kənara çıxmadım ki...

- Sözünüzün qüvvəti, bu gün bir çox mətbu orqanlar, internet saytları ədəbiyyata yer ayırıb, ədəbi prosesi görükdürməklə məşğuldur. Sizin üçün maraqlarınıza cavab verən çağdaş ədəbiyyat müstəvisi harda, yaxud hansıdır?

- Vaxtilə "Ədəbiyyat qəzeti"ndə redaktor müavini kimi çalışərkən, bəzi həmkarlarımın bu qəzeti izləməməsi məni qıcıqlandırırdı. Məsələn, Rəhim Əliyev deyirdi ki, on il də bu qəzeti izləməsəm, bilirəm orda nə var. Bu sözü mən qəzetdən gedəndən sonra anladım. Artıq on ilə yaxındır ki, "Ədəbiyyat qəzeti"ni izləmirəm və baxıb görürəm ki, bir şey itirmirəm. Halbuki bu qəzetin 1976-cı ildən 1996-cı iləcən bütün nüsxələri indi də mənim arxivimdə durur. Eləcə də "Ulduz" jurnalının 1977-dən az qala 2000-ci illərəcən bütün sayları; indi "Ulduz"u müzakirədən müzakirəyə, hansısa maraqlı materiallara diqqətimi cəlb edəndə tapıb oxuyuram. "Azərbaycan" jurnalı da həmçinin; kitabxanamda hətta 1966, 1969, 1972 və s. nüsxələri var, ardıcıl isə 1977-ci ildən 2000-ci illərəcən oxucusu olmuşam. İndi isə yalnız hər ilin son, 12-ci sayını alıram. Tofiq Mahmuda minnətdar olaraq, burda dərc olunan illik biblioqrafiyaya baxıram, hansı mətnlər gərək olursa, kitabxanadan həmin sayı götürüb oxuyuram... "Alatoran" jurnalının 18 sayının hamısı məndə var, marağım çəkən qədər oxumuşam. "Yazı" jurnalının ilk saylarını həvəslə qarşıladım, bir yazı ilə onu uğurladım da. Jurnalda nisbətən kölgədə qalan peşəkar yazarların əsərləri yer alırdı. Amma son sayları ümumi cari ədəbi prosesdən çox da seçilmir, yəni peşəkarlıqla profanlıq yanaşıdır, onu mən internetdə də izləyə bilirəm...

Cari ədəbi prosesi ardıcıl ədəbi internet səhifələrindən və bir də kitablardan izləməyə çalışıram. Əvvəllər daha çox Kult.az saytından; bu, Zahir Əzəmətin yaratdığı müntəzəm ədəbiyyat portalıdır. Bir neçə dəfə Tənqid.net jurnalında da onu uğurlamışam. Sonralar, Oxu zalı və Kulis.az-ı da bu sıraya qatdım. Ədəbiyyat dərc edən qəzetləri - "525", "Kaspi", "Ədalət"i də, müntəzəm olmasa da, internetdən izləyirəm. Bilirsiz, bir oxucu və peşəkar ədəbiyyatçı kimi indi mənim ədəbi prosesi izləmək təcrübəm o qədərdir ki, quşbaxışı bir nəzər yetirməyim də mənə lazım olanı seçib-ayırmağa bəs eləyir. Yəni çağdaş ədəbiyyatı indi mən imzalardan tutub oxuyuram. Ədəbiyyatda olan, marağımı çəkmiş yazarların təzə əsərlərinə mütləq baxmaq istəyirəm, görüm yazıçı neyləyir, nə deyir, hansı məsələləri qaldırır. Təzə imzaları isə adətən cari proses özü təklif edir sənə, bəsdir ki, sosial şəbəkələrdə olasan. Məsələn, Səxavət Sahilin "Avanqard" ədəbiyyat saytı, yaxud İbonun (İbrahim Sel) "Litparad"ı nəzərindən qaçmış yazıları da təkrarən diqqətinə çatdıracaq. Bu və ya digər imza məşhurlaşırsa, yaxud şəxsən marağımı çəkirsə, onu ardıcıl izləməyə, özlüyümdə qiymətləndirməyə çalışıram. Məni maraqlandırmış təzə kitabları kitab dükanlarından alıb-oxuyuram. Xüsusən seriyaları izləməyə çalışıram. Məsələn, "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" sırasından kitablarının hamısını tapıb-oxumağa çalışmışam. Ümumən, "Qanun" nəşriyyatının yeni ədəbiyyatın gəlişməsində böyük rolu oldu. İndi bura "Alatoran yayımları" və fəaliyyətə təzə başlayan "Zero" nəşriyyatının işini də əlavə etmək olar...

- İndi də keçək ədəbi tənqidlə bağlı suallara. Ölkədə nəşr olunan yeganə tənqid jurnalının redaktorusunuz. Jurnal ədəbi tənqidlə bağlı bütöv mənzərəni canlandırmağa müvəffəq olur. Yəni, bu sahədə görünən imzalar, doğrulan ümidlər, ilk addımlar, habelə peşəkar yanaşmalar və s. və i. Bir sözlə, görükdürür ki, tənqid var və funksionallığında davamlıdır. Bəs, jurnala göstərilən reaksiyalar sizi qane edirmi, yəni o şəkildə ki, belə çətin durumda jurnal hasilə gətirir, əziyyətinə və səviyyəsinə müvafiq dəyərini tapırmi?

- Məncə, bayaqdan ədəbi proseslə yanaşı elə tənqiddən də danışırıq. Çünki ədəbi-bədii və ədəbi-tənqidi proses bir-birindən ayrı deyildir. "Tənqid.net" barədə xoş sözlərinizə görə təşəkkür edirəm. Jurnal 2006-cı ildən çıxır, əvvəlcə ildə 2 say, 2008-ci ildən isə iri həcmdə - 400-456 səhifə olmaqla ildə bir dəfə hazırlayıb - nəşr etdirirəm. İdealda, ildə 4 say çıxmalıdır. İndiyədək jurnalın cəmi 9 sayı çıxıb, hazırda 2013-cü il sayı tamamlanıb-başa çatmaqdadır. Tənqid.net konseptual ədəbiyyat jurnalıdır. Qarşısına bir məqsəd olaraq müstəqillik illəri ədəbiyyatımızın köklü problemlərini üzə çıxarıb elmi-tənqidi şəkildə nəzərdən keçirmək, şərh və təhlil etməyi qoyub. Və məncə, xeyli dərəcədə buna nail oluruq da. Çağdaş ədəbiyyatımızın tarixi-mədəni, ictimai-siyasi, fəlsəfi-ideoloji konteksti nədir, dəyərləri, təcrübəsi, imkanları nədən ibarətdir, hansı ənənələrdən gəlir və hara istiqamətlənib, bütün bunları ədəbi proses nə dərəcədə ehtiva və ifadə edir, ədəbi-bədii mətnlər bunu necə əks etdirir... - ayrı-ayrı saylarda bu və ya digər məqamı qabartmaqla ümumi mənzərəni görükdürməyə çalışmışıq. Bu əsnada bizdə olan ədəbi tənqid qüvvələrini, demək olar ki, bir araya gətirə bilmişik. Mündəricata baxıb, təkcə 9-cu saydakı imzaları xatırlatsam, nə demək istədiyim əyan olar: Kamal Abdulla, Asif Hacılı, Nərmin Kamal, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Vaqif Yusifli, Nizami Cəfərov, Rüstəm Kamal, Aydın Talıbzadə, Qorxmaz Quliyev, Elnarə Akimova, Rahid Ulusel, Teymur Kərimli, Rəhim Əliyev, Elçin, Təyyar Salamoğlu, Elnarə Tofiqqızı, Əlizadə Əsgərli, Mətanət Vahid və bir çox digər təzə imzalar... Nüfuzlu imzalar indi məmnuniyyətlə Tənqid.netdə görünməkdən imtina etmirlər. Bu baxımdan bir redaktor kimi jurnalın elmi-ədəbi çevrələrdə doğurduğu reaksiyalardan razıyam. Jurnal peşəkar ədəbiyyat dairələri üçün nəzərdə tutulub və xeyriyyəçilik yolu ilə də onu ədəbi-mədəni ictimaiyyət arasında yayıram... Hələ ki, yeganə həllini tapmayan məsələ Tənqid.net layihəsinin maddi dəstəyinin olmamasıdır ki, buna da ümidlə baxıram. Jurnalı entuziazmla, öz gücümə hazırlayır, Tənqid.net dostlarının hesabına çap etdirirəm. O sıradan son saylarının çapına dəstək verdiyinə görə "Qanun" nəşriyyatının müdiri Şahbaz Xuduoğluna minnətdaram...

- Jurnalda sərgilənən bunca yazılardan sonra ədəbi tənqidin yoxluğu ilə bağlı fikirlər, aqressiv reaksiyalar sizi pəjmürdə etmir ki?

- Qətiyyən. Əksinə, düşünürəm ki, ədəbi tənqiddən daimi narazılıqlar ona olan tələbatı daha da qabardır. Sadəcə hələ ki, ədəbi ictimaiyyət bu tələbata həssas yanaşa, cavab verə bilmir. Tənqid.net jurnalı cari ədəbi prosesə köklənmiş nəşr deyil ki; jurnal çağdaş ədəbiyyatımızın ümumi nəzəri-tənqidi problemlərini hələ cızıb qurtara bilməmişdir. Mən həmişə deyirəm ki, cari prosesin problemlərinə ayna tutan fəal-çevik tənqidə və ədəbi tənqid tribunasına bizdə ehtiyac var. Yaşadığımız post-modern epoxası bütün mürəkkəbliyilə, bütün çevrələriylə öz ədəbi-tənqidi reaksiyasını, tənqid mexanizmini görmək istəyir. "Narazılıqlar", əslində, ənənəvi tənqid təsəvvürləriylə ədəbi-bədii mətnlərin yeni istehsal üsulu arasındakı təzadlardan doğur... Təsəvvür edin, yaradıcılıq özfəaliyyətindən tutmuş peşəkar yazarlara qədər bugün nə qədər çevrələr ədəbiyyat adına mətnlər ortaya qoyur və dərhal da çağın texnoliji imkanları, məsələn, internetin vasitəçiliyi ilə oxucuya təklif edir... Hər bir çevrə də "yaratdığı"nın cavabını tənqiddən istəyir. Hardadır o tənqid? Öz çevrələrində tapmayıb da üz tuturlar ənənəvi təsisatlara - AYB-də, Akademiyada, Universitetlərdə qərarlaşan Tənqid instansiyalarına. Necə ki, söhbətimizin əvvəlində bunu ədəbiyyatşünaslarımızdan ummuşdunuz... Vaqif Yusifli, Cavanşir Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu hətta nə baş verdiyini bilsələr də, buna axıracan cavablar çatdırmaq iqtidarında deyillər...

- Elə isə bu gün Azərbaycan ədəbi tənqidinin başlıca problemini nədə görürsünüz?

- İlk növbədə, dediyim kimi, gənc, yeni nəsil ədəbiyyatçılarının, ədəbi tənqid qüvvələrinin çatışmazlığında və eyni zamanda bu qüvvələri yetirəsi mexanizmin ortada olmamasında. Bayaqkı söhbətin davamı kimi deyim ki, bizdə tənqidçilik istedadı güclü olan və xeyli dərəcədə fəal xanım tənqidçilər var: Elnarə Akimova, Nərgiz Cabbarlı, İradə Musayeva, Bəsti Əlibəyli kimi. Amma əsasən 1960-1980-ci illər ədəbiyyatının estetik-nəzəri bazasında yetişmiş, təhlil və dəyərləndirmə ülgüləri də daha çox buna müvafiqdir. Odur ki, postmodern epoxanın hələ oturuşmamış, kifayət qədər mübahisəli təzahürləri ilə tez-tez toqquşmalı olurlar. Yeni epoxa cərəyan edən proseslərə kateqorik deyil, daha çox təcrübi, bir qədər sərbəst və loyal yanaşmağı bacaran, sırf öz tənqidçilərini istəyir. Bu baxımdan son zamanlarda fəallığı ilə seçilən daha bir cavan tənqidçinin adını çəkmək istərdim - Mətanət Vahid; ədəbiyyatın ən müxtəlif janrlarında mətnlərə ən müxtəlif səpkidə dürüst təhlilləri onun tənqidçi potensialından xəbər verir. Doğrudur, tənqidin vacib komponentlərindən olan dəyərləndirmədə hələ ki, bir qədər çəkingənlik edir, təhlil etdiyi predmeti qəti qiymətləndirməkdən çox vaxt yayınır; bu, tədricən, fərdi platforması möhkəmləndikcə düzələn məsələdir... Amma təbii ki, bir güllə bahar olmur, cavanların ədəbi tənqidə gəlməsi problem olaraq qalır. Hətta bu niyyətlə mən "feysbuk" (face.book) şəbəkəsində bir tənqid qrupu təsis etmişəm - TaS, istedadlı bildiyim gəncləri ədəbi tənqid sahəsi ilə maraqlandırmaq üçün. Nəzəri bazası olan filoloq gənclərimiz çoxdur: Sərraf Balaxan, Maral Yaqubova, Şahanə Urfan, Nigar Mirzəsoy, Gülnar Babayeva, Lalə Aydın, Günel Rəcəbli, İlahə Məlikzadə və b. Əksəriyyəti yenə xanımlardır, hətta "Tənqid.net" jurnalında yazılarını da dərc etmişəm. Amma praktik tənqidlə, ardıcıl proseslə ilgilənməyə hələ ki, önəm vermirlər. Odur ki, əgər diqqət yetirmisizsə, ayrı-ayrı "postmodern çevrələr" yaranmış "tənqid boşluğu"nu yazarların öz gücünə "doldurmağa" çalışırlar: R.Qaracanın, N.Kamalın, S.Babullaoğlunun, Qanturalının, Qismətin, E.Başkeçidin, Salamın, S.Baycanın, P.Cəbrayılın, Z.Yağmurun, Ş.Ağayarın, A.Yeniseyin, G.Mövludun, Ə.Qaraqaplanın, M.Ağaoğlunun, C.Cavanşirin, K.Hacının və bir çox başqalarının ardıcıl tənqidi çıxışlarını, ədəbi prosesi dəyərləndirmə cəhdlərini nəzərdə tuturam...

- Sizcə bizim tənqid dünya elmi-nəzəri arsenalından yararlana bilirmi və nə dərəcədə yararlanır?

- Bizdə dünya ədəbi-nəzəri və fəlsəfi fikrindən xəbərdar olan simalar var və Tənqid.net ardıcıl olaraq onların yazılarını dərc edir. Ədəbiyyatşünaslardan Qorxmaz Quliyev, Cavanşir Yusifli, fəlsəfə alimlərindən Səlahəddin Xəlilov, Niyazi Mehdi... Amma praktik olaraq deməzdim ki, ədəbi tənqidimiz dünya elmi-nəzəri arsenalından gərəyincə bəhrələnə bilir. Əslində, bizdə ədəbi gedişatın dünya kontekstinə girməsində maneələrdən biri də məhz bu - nəzəri idrak məsələləridir. Odur ki, Tənqid.netin 9-cu sayını bütünlükdə milli modernizm hadisəsinə həsr etmişik. Yaxın saylardan birini isə, yəqin ki, postmodernizmin ixtiyarına verəsiyik...

- Tənqidin ədəbiyyatın kollektiv zəkası kimi üzdə olması üçün nə etmək lazımdır?

- Nə etmək lazımsa, mövcud ədəbi çevrələr bunu öz imkanları daxilində edirlər. Bəlkə növbəti dəstəyi dövlətin ədəbiyyata diqqət ayırdığı instansiyalardan gözləmək olar. Təsəvvür edin, çevrələrdən birində - Kulis.az portalında milli ədəbiyyatımızın XIX əsr dövrünə dair bir polemika açılır, qəsdənmi, ya nədənsə çağdaş kontekstdə həmin ədəbiyyata ironik modus daxilində təfsir verilir. Bu, necə deyərlər, postmodernist akta münasibət necə olmalıdır, ümumən kimsə münasibət bildirməlidirmi? Bütöv bir təsisatın yükünü-məsuliyyətini boynuna çəkib, baş nazirin müavini vəzifəsində çalışan, xalq yazıçısı Elçin dörd məqalədən ibarət silsilədə, ədalət naminə, XIX əsr ədəbiyyatımızın milli tariximizdə xüsusi yerini və çəkisini müasir oxucuların yadına salmalı olur. Hələ nə yaxşı ki, bu iqtidarda olan Elçin kimi bir ədəbi simamız var. Amma mövcud ədəbiyyat dəyərlərinin profanasiyasına zaman-zaman meydan verən Kulis.az, Oxu zalı və s. kimi ədəbi çevrələrin bu növ kampaniyalarına davamlı münasibət necə olmalıdır? Ümumən olmalıdırmı? - bütün bu sualların hədəfi, təbii ki, "ədəbiyyatın kollektiv zəkası" kimi görmək istədiyiniz tənqiddir ki var.

Sovet dönəmində, Kommunist Partiyası ədəbi tənqidin inkişaf etdirilməsinə dair 1972-ci ildə bir qərar vermişdi, bundan yerlərdə, o cümlədən Azərbaycanda bəhrələnərək, tənqidin milli ədəbiyyatın xidmətinə yönəldilməsi üçün istifadə olundu. Son zamanlarda akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutunda yenidən Ədəbi tənqid şöbəsinə rəvac verməsi bu növ xoş ümidlər oyadır. Hərçənd hazırkı ədəbi prosesin rəngarəngliyi, çoxçeşidliyi müqabilində "kollektiv zəka"nın görməli olduğu işi bir şöbəyə yığışmış tənqidçilərin gücünə hasil etmək çətindir. Görünür, daha da başqa layihələrə-mexanizmlərə-instansiyalara lüzum var. Amma bu da bir stimuldur, çağdaş ədəbiyyatın xeyrinə atılmış bir addımdır. O sıradan ədəbiyyatın bir hissəsi olan ədəbi tənqidin də. /Samirə Mirəşrəf, adalet.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.