Ziyad Quluzadə - XXI əsrin kədərli qocalarına...
07.01.14
“Allahın bircə səhvi varolmamağıdır.” STENDHAL
Xeyli əziz oxucum (!) bəşəri mövcudiyyətimizdən ta bu günəcən, müxtəlif cərəyanların, axınların məngənəsindən birtəhər sivişib çıxan, özünə cığır açan bəlli fikirlər var. Belə rəvayət olunur ki, Günəş tanrısı Ra Şərqi özünün ən əziz məkanı hesab edirmiş. Uzun qızılı saçları olan, parlaq iri gözlərini ehmalca qırpan Ra şərqdə öz mürgülü, xoş yuxusundan oyananda Narsisin bulaqdakı əksini gördüyü anda kerçirdiyi xoşbəxtliyi keçirirmiş. Vəcdə gəlirmiş. Göylərə pərvazlanırmış. İlahi məqama yüksəlirmiş. Ağsaqqal Aristotelin təbirincə desək “ARINIRMIŞ!” Eyniylə o, balaca, toppuş, qanadlı eşq mələkləri kimi hər yerə sevgi, məhəbbət yayırmış. Di gəl ki, bu gözəl Ranın əhvalını təlx edən bir əmma da mövcud imiş. Ra səmaya qalxdıqca-qalxır, pərvazlandıqca pərvazlanırmış və tədricən göy qübbəsinin ortasından keçib parlaq işıqlarının öləziməsiylə yanaqlarındakı al şəfəqlər sönüb gedirdi. İtirdi. Yoxa çıxırdı. Məhz ol səbəbdən qərb zirvədən aşağı yuvarlanmaq, şərq isə doğuluş yüksəliş, başlanğıcın mənbəyi kimi, inkişafın özəyi rolunu oynayır.
***
“Qocalıq” sözünün etimoloji, arxeoloji mənaları həmişə ”dərviş”, “Tanrı”, “Bilgə”, “Nurani” sözləriylə alternativlik təşkil edir. Bəzən də elə həmin sözlərin yerinə keçib, onların dili, ağzı olub. Yaşlı, qoca bir insan deyiləndə həmişə kamillik zirvəsinin təzəcə yerə ələnmiş qarlarında (hərçənd ki, zirvələrdə qar həmişə köhnə və qurdlamış olur) ruhunu təmizləmiş ruhani bir qoca nəzərdə tutulurdu. Türklərdə də qocalıq “Kitab-i Dədə Qorqud”un timsalında ağlı kamala yetmiş, bilginin və həyat fəlsəfəsinin bəsirət gözünü açmış peyğəmliyi olan insanı simvolizə edir. Hətta bütün dinlərdə Allahın özü də uzun ağ saqqalı olan, nurani çöhrəli, yaşlı bir qoca kimi təsvir edilir. Di gəl ki, zaman fırfıra sayağı fırlanıb ötdükcə bu düşüncə qəlibləri də artıq öz zahiri və batini mahiyyətini dəyişməyə üz qoyub. Bu dəyişmənin, Kafkavari “çevrilmə”nin kriptosunu açanda qarşımızda xeyli yaxın tarix nəzərə çarpır. Belə ki, II Dünya Müharibəsindən sonra, xüsusilə də kapitalist dəyərlərin inkişafı, at oynatdığı, Karl Marksın o yekəpər “Kapital” kitabı əl-əl gəzəndə hər şeyin qiyməti hesablanmağa, sevginin kilosu, nifrətin tonu, seksin saatı, öpüşün dəfəsi satılmağa başlayanda, pula gedən ən dəyərli şeylərdən biri də “cavan qalmaq” instiktinin, istəyinin bazara çıxmağı oldu. Hətta o dərəcə də ki, məsələn seksin simulasyonu olan porno dünyada ən bahalı biznes sahəsinə çevrildi. Əvvəlki quldarlığın yerini qadındarlıq, orqandarlıq, homodarlıq almağa başladı. Slavoj Zizekin təbirincə bir müraciət ünvanlamaq keçir adamın dəli könlündən. “Ey qozbel sivilizasiya, kapitalizmin süqutunu gözləməkdənsə, irqi ayrıseçkiliyə və səfalətə qarşı mübarizə aparmaq lazımdır!!!” *** Sanayiləşmənin, istesal-istehlak münasibətlərinin “Qırat” belində Çənlibeldə belədən-beləyə çaptığı məqamda burjaziya, kapitalistlər və “biclər” kütlənin əlində-ovucunda olan-qalanı da sorub aldılar. Yox, üzr istəyirəm. Almadılar! Xoşluqla vermək üçün onları “tərbiyə”ləndirdilər. “Ağıllı”, “Sivil”, “Mədəni” kütləni formalaşdırdılar. Onların fövtə verilməz neon işıqlı reklam lövhələri və şüarları var idi. “Estetik əməliyyatlar sizi həmişə gənc saxlayacaq!”, “Tökülmüş saçlarınızı yenidən əkdirə bilərsiniz!”, “Erkən qocalma əleyhinə xüsusi otlar və müalicə üsulları!”kimi nəhəng istehlakçı ordusu formalaşdırıldı. Qocalıq qorxusu insanların rəhmətlik Ziqmund Freydin təbirincə desək “şüuraltı”na girdi. Onların beynindəki qocalığa olan həsrəti, qocalığın insanlara bəxş etdiyi o kamillik taxt-tacını daxma, xəstəlik və çürüməklə əvəzlədi. “YAŞASIN GƏNÇLİK!!!” *** Qocalmaq daha ağıllı, daha bilikli olmaq deyil. Qocalmaq yaddaşın zəifləməsi, hamının adını unutmaq, dişlərin tökülməsi, gözlərdə intəhasız korluq, sifətin qırışması, belin bükülməsidir. Bu gün medya bizi plastilin kimi istədiyi formaya salaraq qazanc əldə etmək güdükçüsü olan kapitalizmin pəncəsinə atır. Onun köləsinə çevirir. Artıq qocalmaq hörmətli, kamil, dəyərli, ağıllı olmaq deyil. Qocaqlmaq yararsız, yorğun, xəstə və lazımsıqlıq simvoludur.
P.S. Qocalmayın, daha aktiv və enerjili olmaq üçün “Viagra” və “RedBULL” için!!!
Avanqrad.net
|