Fikrət Qoca: “Nə qədər ki, nəfəsim gəlir...”
26.12.13
Fikrət Qocaya görə bir zamanlar ədəbiyyat inkişaf edirdi, iqtisadiyyatsa geri qalırdı, amma indi bu problem də aradan qalxıb. Şair Fikrət Qocanın 2013-cü ili necə xatırlayacaq, necə yola salıb, yeni ili necə qarşılayacaq? Bununla bağlı şairə müraciət etdik. Bəlli oldu ki, şairə görə 2013-cü il ən yadda qalan il kimi tarixdə qalacaq.
“Həm dövlətimizin inkişafı üçün, həm də ədəbiyyatımız üçün. Həm 2012, həm də 2013-cü il dövlətimizin pillə-pillə qalxmasını, yüksəlməsini göstərir. Ədəbiyyatda, mədəniyyətdə, hətta idmanda, hər şeydə inkişaf var. İqtisadiyyatda xüsusilə... Əvvəl iqtisadiyyat mədəniyyət və ədəbiyyatla müqayisədə bir az geridə qalırdı, amma indi irəlidə gedir. Çünki bu sahə kəndlərdən, rayonlardan başlayır, əyalət söhbəti ortadan qaldırılır”.
Daha sonra şairdən yaradıcılığı, yeni ili necə qarşılayacağı barədə soruşduq. Bu il kitabı dərc olunmayan şair gələn il şerlər toplusunu nəşr etdirəcək:
“Mən də öz işimi görürəm. Nə qədər ki, nəfəsim gəlir, ürəyimin döyüntüsünü eşidirəm, deməli, hələ yaşayıram, yaradıram... Yeni ilə gəlincə, qarşıdan həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Bundan böyük bayram olar?! Dünyada bütün azərbaycanlılar bir-birinə can desin, bir-birinə əl uzatsın. Bundan müqəddəs bayram olar?! Çox böyük bayramdır. Mən də evdə yoldaşımla oturub həmişəki axşamlardan biri kimi çörəyimizi yeyib, çayımızı içəcəyik... Kitab çap etdirməyi soruşdunuz, gələn il mütləq kitab nəşr etdirəcəyəm. Çünki bu il kitabım çıxmayıb. Kitab üçün çoxlu şeirlərim yığılıb. İnşallah, gələn il kitab hazırlamaq istəyirəm. Kitab sırf şeirlərdən ibarət olmayacaq, nəsr əsərləri də yer alacaq. Bu kitabla da yır-yığış etmək istəyirəm. 80 yaşıma gedirəm, daha doğrusu 79 olacaq. Hər ağıllı adam çalışmalıdır ki, arxada yarımçıq heç nə buraxmasın”. /axar.az/
|