Əli Şirin Şükürlü - Su pərisi
25.12.13
Povestdən bir hissə I
Kiçik qəsəbənin yaxınlığında sahildə uzanıb dənizi seyr edirdi. Uzaqda dəniz sanki səmaya söykənmişdi. Səma dənizin çırpıldığı iri qaya parçasını xatırladırdı. Ixtiyarsız gözləri yumulmağa başladı. Elə bil nəsə üzə-üzə sahilə yaxınlaşırdı. Dərhal nəsə baş verəcəyini anladı. Ürəyinə daman, bəzən də xəyalən yaşadıqlarının müəyyən anlarda gerçək hadisəyə çevrildiyinə alışmışdı. Uşaqlıqdan bu kimi hallara vərdişli idi. Ona görə də istər xəyalın, istər yuxunun öz-özlüyündə gerçək hadisələr olduğuna çoxdan inanırdı. Əmin idi ki, bu kimi hadisələr tamam başqa bir fəzanın, fərqli məkan ölçülərinin gerçək hadisələridir. Bu hadisələrlə insanın movcud olduğu məkan arasında əlaqə xəyal və yuxular vasitəsiylə reallaşır. Yəni yuxu və xəyallar iki fərqli məkanı birləşdirən görpülərdir. Gözünü açarkən sarı və çəhrayı rənglərin qarışığında yumru bir cismin uzandığı sahilə yaxınlaşdığını gördü. Üzən obyektdən ətrafa qızılı şüalar yayılırdı. Sanki günəş dənizə enib dalğalarla rəqs edirdi. Əsrarəngiz mənzərəni diqqətlə müşahidə etməyə başladı. Obyekt yaxınlaşdıqca əvvəlcə onun bəzəkli top olduğunu zənn etsə də, sonra yanıldığını anladı. Bu, uzun, sarışın saçları dənizin səthinə səpələnmış qadın idi. Az sonra inanılmaz dərəcədə gözəl sarışın bir gənc qadın dənizdən çıxmadan ona baxıb gülümsəyirdi. Üzündəki təbəssüm gözəl simasına bir məsumluq bəxş edirdi. Bu məsumluq insanda yalnız saf istəklər yarada bilərdi. Bir anın içində daxilinə nəsə sızdığını hiss etdi. Bütün varlığını bürüyən hisslər tükənməz enerjidən xəbər verirdi; sevgidən, yaradıcılıqdan, ziddiyyətlərdən, inkişafdan, eniş-yoxuşdan. Düşüncəsi sürətlə aydınlaşırdı. Bu aydınlıq həm də elmi-yaradıcı ideyalarının tezliklə gerçəkləşəcəyinə inamı artırırdı kiçik zaman kəsiyində. Fikirdən ayrılarkən təbəssüm dolu sima hələ də qarşısında idi. “Bu nə gözəllikdir, ilahi. Insan da, daha doğrusu, qadın da bu qədər gözəl və məsum olar. Bu ki, bir möcüzədir. Elə bir möcüzədir ki, bir anın içində bütün varlığımı saf və təmiz hisslərlə yanaşı tükənməz enerji ilə doldurub”. Nəsə söyləmək istəyirdi ki, təbəssüm dolu gözəl sima suya qərq olub sahidən uzağlaşmağa başladı. Amma onun yenə də qayıdacağına bir əminlik vardı X-da. Gözdən itən qədər seyr etdi onu. Elə bil birdən qeybə çəkildi qadın – qarışdı dənizə. Sanki dənizin özü imiş elə bayaqdan üzünə gülümsəyən. Baş verən hadisələr zamana sığmırdı sanki. Hadisələrin dəyişmə tezliyi o qədər ani olurdu, elə bil məkan zamandan ayrılmışdı. Həvəslə qəsəbəyə - evə qayıdıb bir qədər dincəldikdən sonra dəftərxana jurnalını açıb yeni qeydlər elədi: “ Zaman əslində insan təfəkkürünün məhsulu olub, subyektiv varlıqdır. Zaman sadəcə dəyişmələrin ölçüsüdür. Necə ki, ədədlər varlıqları kəmiyyətcə bir-birindən fərqlərindirmək üçün insan zəkasının yaratdığı anlayışlardır, zaman da elə. Obyektiv movcud olan varlıqlar və dəyişmələrdir, ədədlər və zaman yox...”. Sonra televizorun qarşısındakı kresloda oturub xəyala daldı. Gerçək hesab etdiyi hadisələrə baş vurdu. Bu hadisələrin qəhramanı isə bir anın içində dənizə qarışan sarışın gözəl idi.
II
Növbəti gün eyni vaxtda dənizə gəlib bir qədər çimdikdən sonra elə həmən yerdə uzanıb gözlərini yumdu. Yenə də xəyalında nəsə üzə-üzə sahilə yaxınlaşırdı. Gözlərini açarkən təbəssüm dolu simanı qarşısında gördü. Dərhal dikəlib oturdu. Dünəndən heyran olduğu gözəlliyin əsirinə çevrilən X özünü söhbətə hazırladı. Əslində elə dünəndən bu qərara gəlmiş, söhbətə necə başlayacağı barədə düşünmüşdü: - Yenə qəfil gəldiyiniz kimi qəfil də gözdən itəcəksiniz yəqin? Cavab əvəzinə sükütla qarşılaşdı. Bəzən ən düzgün cavab elə sükutun özü olur; baxışlar, təbəssümə bürünmüş sima, heyranlıq dolu gözlər çox şeydən xəbər verirdi. Əksər kişilər özünü dünyanın ən yaraşıqlı kişisi hesab etsə də bu fikir X-a yad idi. Boy-buxunu, qarabəniz siması ilə özünü sıradan biri hesab edirdi. Amma istedad sahibi olan bu gənc təvəzökar olmasına baxmayaraq, hər zaman diqqət mərkəzində olurdu. Istər məktəbdə, istər universitedə, istərsə də aspirantura və işlədiyi elmi-tədqiqat institutunda qadınların ona qarşı biganə olmadığını hiss etmişdi. Lakin bu cür misilsiz gözəlin sevgisini qazanacağına o qədər ümid bəsləməsə də, cəhd edəcəkdi. Çünki artıq onu gördüyündən bu qadındakı gözəllik və məsumluğun əsirinə çevrilməyə başlamışdı. Buna baxmayaraq, özünü təmkinli aparmağa çalışır, yersiz görünməkdən ehtiyat edirdi. “Bəlkə gözəlliyinə arxayın şıltaq qızlardan biridir ailəsi ilə qəsəbəyə dincəlməyə gəlib. Indi də vaxt keçirmək, məni yoldan çıxararaq bu şəkildə əylənmək istəyir. Amma nə də olsa artıq gecdir. Mənə olan artıq olub ” – düşünsə də bəxtini sınamağa qərarlı idi. Qızın dinmədiyini görüb sualı bir də təkrarladı. Qız başını bulamaqla kifayətləndi. - Bunu necə başa düşmək olar: hə, ya yox? – X soruşdu. Qız bu dəfə başı ilə inkar hərəkəti etdi. - Deməli, qəfil yoxa çıxmayacaqsınız, - X davam etdi. Onda sudan çıxarsınız, yaxından tanış olaq. Qız bu dəfə də başı ilə yox cavabını verdi. - Bəlkə mən gəlim? Qız yenə gülümsəyə-gülümsəyə başı ilə eyni tərzdə hərəkət etdi. - Bəs niyə danışmırsınız, yoxsa danışmağa utanırsınız? – qızın dili pis bildiyini güman edən X dedi. Ona məmnunluqla baxan qız sanki fikirlərini oxuduğundan nəhayət dilləndi: - Yox, hələ sahilə çıxmağa hazır deyiləm. Amma bir gün çıxacağam. Amma nə vaxt, - bilmirəm. Qızın həm səsi, həm də danışıq tərzi X-a tamam fərqli göründü. Sanki başqa dünyanın adamı idi onunla danışan. Hədsiz məlahətli səs eşitdiyi bütün səslərdən fərqli idi. Tamam ayrı bir aləmdən süzülüb gələn melodiyanı xatırladıdı. “İlahi, bu nə möcüzədir. Səsi bu misilsiz gözəlliyə yeni ahəng verir, onu bir qədər də sehrli edir. Kimsə bu gözəllikdən asanca ayrıla bilməz. Deyəsən yaman ilişmişəm!” – düşündü. - Onda yenə görüşəcəyimizə ümid edə bilərəm demək. Qız bu dəfə başı ilə “hə” işarəsi edib gözü sahildə arxası üstə üzə-üzə yavaş-yavaş dənizin dərinliklərinə çəkilməyə başladı. - Nə vaxt? – qızın uzaqlaşdığını görüb uca səslə soruşdu. Qız sualı təbəssümlə qarşıladı və çevrilib sürətlə üzməyə başladı. - Sabah yenə eyni vaxtda gözləyəcəyəm, - X qızın arxasınca çığırdı. Qız çönüb yenə də gülümsəyərək bir anın içində dənizdə yox oldu. X qəribə vəziyyətə düşmüşdü. Bir anın içində dənizə qarışıb yox olmaq onu təəccübləndirirdi. Həm də cürbəcür şübhəli fikirlər yaradırdı beynində. Sahildə uzanıb o varlığın – misilsiz gözəlliyin peyda olub yenidən yoxluğa çevrildiyi hüdudsuzluğu nə qədər seyr etdiyini bilmədi. Evə qayıdarkən düşüncəsinin daha da aydınlaşdığını hiss edən X-ın hərəkətlərində də bir intensivlik yaranmışdı. Kiçik zaman kəsiyində daha sürətlə düşünür, daha çox məsafə qət edirdi. Evə çatandan dərhal sonra jurnalı açıb ağlına gələn fikirləri qələmə almağa başladı: “Kiçik zaman kəsiyində daha intensiv hərəkət mümkündür. Hətta işıq sürətindən böyük bir sürətlə hərəkət movcuddur. Düşüncədə yaranan hər bir hadisə gerçəkdir əslində. Xəyal və yuxuda movcud hadisələr kimi. Sadəcə bu hadisələr fərqli fəzalarda baş verdiyindən qeyri-real təsir bağışlayır. Bəlkə də insanın yaşadığı məkan üç ölçülü yox, çox ölçülüdür. Sadəcə insan idrakı üç ölçüdən kənarda movcud olanları qavramağa qadir deyil. Xəyal, yuxu digər ölçülərlə görpü rolunu oynayır. Axı movcud olmayan insan qavrayışında proyeksiyalana bilməz. Ağac olmasa gölgəsi də olmaz...” Son iki gün ərzində yaşadıqları bu kimi fikirlərin akyuallığına daha artıq əminlik yaratmışdı onda. Amma bu fikirlərin istər fəlsəfi düşüncə sistemində, istərsə fundamental elm sahələrində mübahisəyə, polemikaya səbəb olacağını bilirdi. Qalırdı tutarlı faktlarla, riyazi məntiqlə fikirlərini əsaslandırmaq. Qarşıda onu çoxlu işlər gözləyirdi. Bu işləri həyata keçirmək üçünsə Allahın bəxş etdiyi istedaddan savayı möhkəm iradə, təmiz idrak, gərgin elmi araşdırmalar gərək idi. Illər keçəcək sehr və möcüzə ilə dolu sevginin bəxş etdiyi enerji və gərgin zehni əməyi sayəsində ərsəyə gələn “Dünyanın yeni fəlsəfi modeli” adlı əsəri maraq və gərgin mübahisələrlə qarşılanacaqdı. Lakin nə qədər ziddiyyətli münasibətlər doğursa da yeni bir düşüncə sisteminə nail olması onda bir məmnunluq yaradacaqdı. Amma hələ ki işin başlanğıcında idi. Lakin düşüncəsinə görə vacib olan iki əsas şərt ödənmişdi; istedadla biliyin vəhdəti və sevgi.
Zehni yorğunluq hiss etdiyindən özünə çay süzüb eyvanda oturdu. Gecənin qaranlığında dəniz gözəl görünürdü. Uzaqdan dənizi seyr etməyin də öz gözəlliyi var. Xəyalında sarışın gözəl, ay işığının gəzişdiyi dənizə xeyli tamaşa etdikdən sonra yatağa uzandı. O gecə yuxuda xəyalındakı hadisələrin təkrarını görür və bütün gördüklərinin yuxu olduğunu anlayırdı. Elə yuxuda ikən tezliklə bu hadisələrlə reallıqda da rastlaşacağına əmin idi. Adətən yuxuda gördükləri ya yaşadıqlarının, ya da onu gələcəkdə gözləyən hadisələrin oxşarı olurdu. Yalnız azacıq fərqlə. Bəzi vəziyyətlərdə isə özünü reallıqla irrealığın kəsişdiyi müstəvidə hiss edirdi sanki. Iki gün ərzində sarışın gözəl ilə baş verən hadisələr də eynən bu vəziyyəti xatırladırdı. Idrakında baş verən sıçrayışın da sarışın gözəl vasitəsiylə o müstəvidən süzülüb gələn işığın nəticəsi olduğuna əmin idi.
Ardı var
Avanqard.net
|