Bakı Slavyan Universitetində tənqidçi Elnarə Tofiqqızının anım tədbiri keçirilib
24.12.13
Bakı Slavyan Universitetində tənqidçi Elnarə Tofiqqızının anım tədbiri keçirilib.
Tədbirdə E.Tofiqqızının həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla bildirib ki, E.Tofiqqızı universitetin yaradıcılıq fakültəsinin dekanı olub və qısa müddətdə fakültə tələbələrinin sevimlisinə çevrilib: “Həyatımızın hansı çağında onu xatırlasaq, yad etsək, Elnarə xanımın yoxluğu bizi ağrıdacaq. Mən təkcə istedadlı tənqidçini, universitetin dekanını yox, sanki bir bacımı, məsləkdaşımı itirmişəm. Allah ona rəhmət eləsin, ailəsinə, doğmalarına səbir versin”. Yazıçı Aqil Abbas qeyd edib ki, E.Tofiqqızının ölümünə səbəb olan həkimlərin məsuliyyətə cəlb olunması üçün axıra qədər mübarizə aparılmalıdır: “Həkim məsuliyyətsizliyindən insan itkisi bu gün də var, sabah da davam edəcək. Təəssüf ki, bu işlə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. Elnarə xanımın yoxluğunu ədəbiyyatımız, tənqidimiz üçün böyük itki sayıram”. Tənqidçi Rüstəm Kamal çıxışında qeyd edib ki, E.Tofiqqızının xatirəsinə həsr olunan kitab çap olunacaq: “Həmin kitab iki hissədən ibarət olacaq. Elnarə xanımın öz yazıları və onun haqqında olan yazılar toplanacaq”. Anım tədbirində Qan Turalı, Azad Qaradərəli, Sayman Aruz, tənqidçi Cavanşir Yusifli, Qəşəm Nəcəfzadə, Rəbiqə Nazimqızı və başqaları E.Tofiqqızı haqqında xatirələrini, düşüncələrini bölüşüblər. Xatirə günündə E.Tofiqqızının valideynləri və həyat yoldaşı Anar Mahmudoğlu da iştirak ediblər. /APA/
|