Cavanşir Yusifli - Bir şeirin dedikləri (Ramiz Rövşənin ad gününə)
23.12.13
Elə şeirlər var, su kimi axıb gedir, sənlə bərabər, bəzən səni də ötüb keçir. Amma həmişə onunla qoşa addımladığını hesab edirsən. Hansı məqamdasa anlayırsan ki, əslində səninlə qoşa addımlayan ürəyində illər boyu əzizlədiyin bir isti nəfəs, hənir, yaxud uydurduğun bir pıçıltının havasıymış. Elə şeirlər var, sən addımladıqca onun nəfəsini kürəyində hiss edirsən. İşdi şayət, qəza-qədərdən ürəyin tutub yerə yıxılsan, ya bir ağaca söykənsən, gözlərini qapadacaq, üstünə ağ tül kimi səriləcək. Hər bir şairin yaradıcılığında taleni bəlirləyən, eyni zamanda – həm irəlidə, həm də kürək qızdıran məsafədə addımlayan bir-iki şeir olur. Bunlar tale dayanacaqlarıdır, heç nəyi izah etməyən, daha doğrusu izah etməkdən yorulan nümunələrdir. C.Yusifzadənin “Ay qonşu, bu evin yiyəsi hanı?”, Musa Yaqubun “Mən gərək yanımda bir ağac əkim”, Əli Kərimin “Nə xoşbəxt imişəm...”, Səlimin şəxsən öz dilindən, ikilikdə dinlədiyim bir neçə şeiri, Fəridin bəzən bütün axtarışlarının bir nöqtəyə düyümlənən hissiyyatlı şeirləri içərisində biri.... məhz bu qəbildəndir. Ay qonşu, bu evin yiyəsi hanı... ...Alışıb gəlmişəm, yanıb gəlmişəm, Kül olub gəlmişəm, ay ev yiyəsi.... Yaxud Əhməd Oğuzun Vaqif Bayatlıya həsr etdiyi şeir, adı da bizim üçün xarakterikdir – bir anın şeiri: ...Azan səsi vardı, şəhər yoxuydu, Solğun üzün solğunluqdan toxuydu. Gümüşüdü plaşın, ya ağıydı? – Dan yeri tək oturmuşdu əynində. Yellənirdi ətəyin – sol gedirdi, Bir cüt ayaq, bir cüt də qol gedirdi Sən getmirdin – yol özü yol gedirdi Allah bilir nə tutmuşdun beynində... Bu şeirlər haçansa yazılan yox, əksinə ona qədər yazılanların nəticəsi, bütün poetik vasitələrin bir anlığa nəfəs dərib dayanması, yaddan çıxması, bir ömür boyunca gözlənilən anın – məqamın tutulmasıdır. Bizim poeziyada, xüsusən indilərdə yazılan nümunələrdə bir müşahidə gözə alınmalıdır: poetik mətndə müqayisə, obraz, metafora... sırası sıxlaşdıqca şeir sanki kliniki ölüm keçirir, gedib-gələn nəfəs birdən dayanır və sonda məlum olur ki, bu cür ağır zəhmətin mənası əvvəlcədən tutulan havanın boğulması, sıxılıb aradan qaldırılması üçünmüş. (Bir ayrıntı: – Platon deyəndə ki, şairləri şəhərdən qovmaq lazımdır, bunu nəzərdə tuturdu ki, onlar artıq “sənətkar” deyillər, yəni nəzərdə tutulan dərəcədə filosof deyillər, həm də kifayət qədər atlet deyillər.) Məsələ heç də bu obraz, müqayisə və metafora sırasının varlığında deyildir, problem şeirin düzgün qurulmamasında, necə deyərlər, memarlıq yönündə skeleti məlum olan bir tikilini müdhiş bir səhv ucundan uçurub-dağıtmaqla bağlıdır. Və... bu hələ harasıdır, qafiyələri bir-birinin içinə girən, nəfəsi, havanı qıdıqlayan ... şeirlər daha çox sevilir, daha çox əzbərlənir və böyük bir ərazidə at oynadır. Ancaq bu dünyada əzbərdən o yana olan mətləblər, daha doğrusu poetik niyyət də mövcuddur. Ən gözəl, qənirsiz şeir, poeziya ünvanına maksimum, ideal şəkildə yaxınlaşan poetik nümunədə bütün müqayisələr, ərazidə, havada-suda süzən qafiyələr olsa da olmamış kimi görünür, sən ancaq qəribə, yaxud belə deyək, sirri-xuda bir auranın havasını hiss edirsən, bütün gücünü bir nöqtəyə toplayıb o havanı anlamaq, hansı əsrdən, keçmişin hansı dərinliyindən süzülüb gəldiyini kəsdirmək istəyirsən, ancaq məsələnin bütün qəlizliyi bundadır ki, bu cəhdlər şeirin o mistik havasının içində əriyib yoxa çıxır. Bəlkə elə bu səbəbdən fransızların məşhur alimi “Yazının sıfır həddi” məqaləsində deyirdi: “...artıq meydandan çıxmış formalarla hələ məlum olmayan formalar arasında ortaq bir mövqe tutmaqla dil, yazıçının dili zəmindən, əsasdan, söykənəcəkdən çox son həddi əks etdirir; bu elə bir həndəsi sərhəddir ki, bundan kənarda onlar heç nə deyə bilməzlər. Beləliklə, dil ədəbiyyatın məhz bu göstərilən tərəfində qərar tutur, üslub isə onun tam əks istiqamətində məskunlaşır: xüsusi obrazlılıq, ifadə manerası, yazıçının sözlüyü – bütün bunlar onun ustalığının avtomatik üsullarına çevrilərək onun indisi və keçmişi ilə şərtlənir” (Rolan Bart). Məsələn, yuxarıda dediyim kimi, Səlimin şeirlərini dinlədikdə dildən əks tərəfdə yerləşən “üslub oyunu” səni dərhal öz çevrəsinə salır, aldığın nəfəsi böyüdür; yaxud Abbas Tufarqanlını və ya Xəstə Qasımı oxuyanda indiyə qədər görmədiyin bir dünya ilə üzləşməli olursan. Ramiz Rövşənin 2008-ci ildə yazdığı, bu günlərdə, ad günü münasibəti ilə çap edilən “Ay bu yükün yiyəsi” şeirində olduğu kimi. XX əsrin dahi filosof-ədəbiyyatşünası Mixail Baxtin yazırdı: “... Poetik obrazda sözün dar mənasında bütün hərəkət – söz-obrazın dinamikası sözlə predmet arasında baş verir. Söz tükənməz zənginliyin və əşyanın ziddiyyətli müxtəlifliyinin içinə, onun “bakirə” hələ “deyilməmiş təbiətinin” içinə qərq olur; buna görə də o, öz kontekstindən kənarda nəyinsə olmasını nəzərdə tutmur (şübhəsiz ki, dil xəzinəsindən başqa). Söz əşyanın ziddiyyətli şüurunu və bu şüurun ən müxtəlif və çeşidli indisini yaddan çıxarır”. Hər şeyi unutduran, əşyanı büsbütün özünə bürüyən sözün yaddaşında həmin əşya “arxiv faylı” kimi qalır, bir gün dirilmək ümidilə. Və budur, “Ay bu yükün yiyəsi” şeirində həmin nəsnənin “ziddiyyətli keçmişi”, insanın bütün ağrı-acısını, taleyinin bütün dolanbaclarının mənasını heç zaman olmamış kimi görsədir. Gör bir nə tez xərclədim günləri manat kimi, Əvəzində nə aldım – heç xəbərim olmadı. Çox yerdə başa keçdim hörmətli qonaq kimi, Amma ayaq qoymağa heç öz yerim olmadı. Yuxarıda nişan verdiyimiz mətləb – sözlə əşyadan kənarda bütün gerçəklik işarələrinin söndürülməsi, yaxud gerçəklikdən əşyanın bətninə köçürülməsi və burada yeni gerçəklik yaratması ağla və təsəvvürə gəlməyən təbəddülatlar doğurur. Söz əşyanın adi gözlə və fəhmlə bilinməyən daxili sirlərini açır, dünya adiləşir, o boyda möcüzələrin müqabilində dünya bir az da “mənasızlaşır”, hər şey – bütün baxışlar əşyaya – sözün qərq olduğu, qəzaya uğradığı əşyaya doğru zillənir. Dünyada hərə bir cür qocalmağa başlayır; Başdanmı qocalan çox, ayaqdanmı? Kim bilir. Hansı pisdi – yerişi, yoxsa ağlı itirmək? Axsaqdanmı soruşaq, axmaqdanmı? Kim bilir.... Vaxtilə Filosof Qaston Başlyar yazırdı ki, şairlər ümumən axıb geçən zamanı yox, o zamandan qopub düşən anı tutmaqda mahirdirlər. Sözünə davam edərək yazırdı ki, Bodler sanki çinlilər kimi saatı pişiyin gözlərinə baxıb görürlər, ancaq bu saatın üzərində saniyə, dəqiqə, saat izləri, heç sferblat belə yoxdur, ona görə də vaxt böyük bir ərazini, ucsuz-bucaqsız məkanı (zaman aradan qalxdığı üçün məkanın dərinliyini-!) xatırladır. Üstəlik, anı bu qədər incəliklə tuta bilən şairlərdə şeir açılmır, yaxud nəyisə, hansı dolaşığı, yaxud düyünüsə açmır, əksinə, burada hər şey düyün düşür. Hər şey müşgülə çevrilir. Gecəylə gündüzün tən ortasında dayanan şair, artıq zamanın alıb-verdiyi nəfəsdən də bezərək mənasız həyatdan qopub ayrılır; artıq o, varlıqla heçliyin mücərrəd ambivalentliyini (ikibaşlığını) bütün canıyla hiss edir. Qaranlıqda öz işığını daha sərrast görür. Bu şeir də şairin ən sərrast gördüyü bir məqamdır. Sevinmək yox, ağlamaq yox, dərd çəkmək yox, ölmək-itmək yox, ancaq nəfəsini dərib saxlamaq, bu nəfəslə düşünmək, onu ömrünün mənasına çevirmək məqamı gəlir. Mən nəsə ayağımdan qocalmağa başladım, Ağıllı başım çətin köməyimə yetişə. Ayağımın ucundan başlayan şiş yeriyib Yavaş-yavaş haçansa ürəyimə yetişər.
Hər şey bir anın içində əks olunur – indiyə qədər rəsmini çəkdiyin, durub yolunu gözlədiyin, tutub bağrına basdığın bütün hisslər, ağrı-acılar, fani dünyanın səni qocaldıb muma döndərən sirləri – hər şey bir anın içindən ötüb keçir, tutmaq üçün yox, sadəcə bir anlıq tamaşa üçün. Bu an bitdikdən sonra bütün mümkünsüz şeylər, bütün əlin çatan nəsnələr yenə öz adəti yerini alır. Və sən dərindən-dərinə qüssəyə batırsan. Elə bu məqamda demək yerinə düşər ki, poeziya digər metafizik təcrübələrin fövqündə dayanır. Bax, bu şeiri oxuduqda sözə çəkilən mətləblə bağlı heç bir giriş, dəlil-sübut yada düşmür. Şübhəyə belə yer qalmır. Bu kimi mətləblərin yalnız sükuta, sükutun içində qərq olmağa ehtiyacı var. Başlyarın fikrincə, bu anlamda poeziyada söz tərk-silah edilir. Dünya boşalır. Buludların üstüylə süzən quşun qanadlarının çırpılmasını belə eşitmək mümkün olur. Tam səssizlik yaranır və bu qulaqbatıran mühitin içində poetik an doğulur. Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq, Ayaqlarım zay olub lap sıradan çıxsa da. Çox dostlarla günbəgün aram soyuyur, – ancaq Mən aradan çıxmaram, kim aradan çıxsa da. Bir vaxt iri köpəklər hürərdilər üstümə, İndi xırda küçüklər hürüşür addımbaşı. Hürməkdə o köpəklər yaman ustaydı, usta, Bu küçüklər hələ ki, bir az naşıdı, naşı. İt hürər, karvan keçər... Yox, mən karvan deyiləm, Mən – karvanı talanmış tənha, yorğun bir dəvə. Dörd tərəfi bürüyən toz-dumanın içində Baş götürüb gedirəm ağlım kəsən tərəfə. Yük altında göynəyir kürəyimin qabarı, Yük altında təngiyir hər addımda nəfəsim. Nə atmağa qıyıram, nə gücüm var – aparım, Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!.. Başqa sözlə – şair ayrıca bir iqlimdir.
/525.az/
|