Elçin Hüseynbəylinin həyat yoldaşı  Dürdanə xanım danışır
17.12.13

Müsahibimiz  yazıçı-dramaturq, “Ulduz” jurnalının  baş redaktoru Elçin Hüseynbəylinin həyat yoldaşı  Dürdanə xanım Hüseynbəylidir.

Jurnalistika mətbəxindən uşaqlıqdan bəhrələnmişəm

Şəmkir şəhərində  sayılıb- seçilən bir ailədə doğulmuşam. Ailədə beş bacı–qardaş olmuşuq. Hamımız ali təhsilli və sənət sahibiyik. Uşaq vaxtlarımda musiqiyə marağım olub, bir müddət məşğul olmuşam. Lakin orta məktəbdə oxuduğum vaxtlardan etibarən, məqalələr yazmağa, araşdırmalar etməyə böyük həvəsim var idi, elə bu həvəs sonrakı sənətimi seçməyimə ən böyük təkan oldu. Jurnalistika mətbəxindən lap kiçik yaşlarımdan bəhrələnmişəm. İlk vaxtlar məqalələrimi məktəbin divar qəzetində çıxartsaq da, sonralar  “Ulduz” adlı rayon qəzetinə yollamağa başladım. Həmin dövrün özünün sənəti, ədəbiyyatı və özünəməxsus üslubu var idi. İstəyimin arxasınca getdim, universitetə daxil oldum, yüksək nəticələrlə universiteti bitirdim. Yenə də həyatım “Ulduz”a bağlıdır. (Elçin Hüseynbəylinin “Ulduz” jurnalının redaktorluğuna işarə edir...)

Anam Elçini məndən qabaq bəyənmişdi

İmtahan verməyə anamla birlikdə getmişdik. Mən artıq imtahanı verib dörd alıb çıxmışdım, anamla birlikdə universitetin həyətində idik. O vaxtlar şifahi imtahandan hər adama beş vermirdilər. Eşitdik ki, abituriyentlərdən kimsə içəridən beş alıb, çıxıb. Hər kəs barmağıyla ucaboylu bu oğlanı nişan verib, beş alan odur, deyə pıçıldaşırdı. Oğlanın da üzündə səmimi bir gülüş var idi. Anam mənə : “Dürdanə, bu oğlan görünüşcə rayon uşağına bənzəyir, amma gör necə zəhmətkeşdir. Halal olsun, əhsən!” –dedi. Sən demə bu zəhmətkeş, Elçin Hüseynbəyli imiş. İmtahan verdiyim gün anamın Elçin haqqında söylədiyi fikirlər, Elçinin evlilik təklifinə olan cavabıma böyük təsir etmişdi. Anam Elçini məndən qabaq bəyənmişdi. Məni inandırmaq olduqca çətindir, amma o bunu bacardı. Deyim ki, mənə görə qəhrəmanlıqlar edib, yox. Sadəcə gülürdü, nə vaxt baxırdım gülür (gülümsəyir). Mən onun düzgünlüyünə, dürüstlüyünə valeh olmuşam. Məni sevindirən ən böyük səbəb odur ki, zaman və mühit Elçini dəyişdirməyi bacarmadı. 18 yaşımda tanıdığım, hörmət etdiyim, xasiyyətinə bələd olduğum həmin adamdır.

Elçinlə qrup yoldaşı olmuşduq, indi həyat yoldaşıyıq

Elçin Cəbrayıl rayonunda doğulub boya-başa çatıb. Jurnalist olmaq onun da ən böyük arzusu imiş. Elə həmin arzuyla, tale bizi eyni universitetdə, eyni fakültədə görüşdürdü. Olduqca səmimi oğlan idi. Ondan insana müsbət fikir və emosiya gəlirdi. Mənə qarşı olan hisslərini sezsəm də, əvvəllər razılıq vermək fikrində olmamışam. Universitetdə Elçinlə bir qrupda oxumuşuq, indi həyat yoldaşıyıq. Tələbəlik illəri təlaşla axıb keçdi. Universitetdən sonra, Şəmkirə qayıtdım və işləməyə başladım.  Həmin dövrdə Elçin də təhsilini davam etdirmək üçün Moskvaya getmişdi. Elçinlə yanaşı bütün universitet yoldaşlarımla əlaqəmizi itirməmişdik. Sanki onun mənə olan hisslərini unudub, həyatıma davam edirdim. Yenə adi iş günlərindən biri idi, otağımda oturub yazı-pozuyla məşğul olurdum. Qəfildən qapı döyüldü, həmin o ucaboylu, yaraşıqlı bir oğlan gülə-gülə içəri daxil olub : “Dürdanə xanım burdadır?” –deyə soruşdu. Sən demə, Elçin Moskvadan birbaşa Gəncəyə, ordan da Şəmkirə gəlib ki, evlilik təklifinə nə cavab verəcəyimi öyrənsin. Həmin gün Elçin otaqdan içəri daxil olanda özlüyümdə dərk etdim ki, artıq ona “yox” deməyəcəm. O bir anın içində qərarımı vermişdim. Ailə qurmaq qərarına gəldikdən sonra ailəmdə heç kim mənim fikrimə qarşı çıxmadi. Ata, anamın xeyir-duası məni daha da cəsarətləndirirdi. Onların mənə olan güvəni və etibarı gələcək həyatıma ruh qatdı. Adət-ənənələrimizə uyğun olaraq valideynlərimin də razılığını aldıq. Toyumuz üç gün davam etdi. Bir günü Şəmkirdə, iki günü Cəbrayılda. Beləcə əl-ələ verib ailə qurduq.

İllər su kimi axıb gedib

Ailə qurduğumuz gündən etibarən, demək olar ki, heç bir çətinliyimiz olmayıb. Toyumuzdan sonra Bakıya köçüb, orada məskunlaşdıq. Təbii ki, hər şeyi birdən-birə  əldə etməmişik. Nə evimizin olmamağı, nə də maddi problemlərimiz gözümüzə çətinlik kimi görünüb. Biz ailə quranda  düşmənlərin ayağı Cəbrayıla dəyməmişdi. Qaynatamı görməmişəm, hələ Elçin əsgərlikdə olduğu vaxt dünyasını dəyişib. Amma qaynanamgil Cəbrayılda yaşayırdı. Qarabağın işğalı ilə əlaqədar olaraq Elçinin anasıgilidə Cəbrayıldan çıxdı. Lakin Vətən dərdi anasının yaşamağına aman vermədi (fikrə dalır). Biz rastlaşdığımız çətinlikləri bərabərcə aşdıq. Çox vaxt mənə elə gəlir ki, gənc qız olaraq qalmışam, Elçin də cavan oğlandır. Sanıram ki, həyatda edəcəyimiz çox hərəkət, görəcəyimiz çox işlər qalıb. Zamanın sürətini hiss etmir, evliliyimizi dünən olubmuş kimi xatırlayıram. Bəzən güzgüyə baxanda gözlərimə inanmıram : “ Görəsən bu mənəm? ”–deyə özüm-özümə suallar verirəm. Qəflətən xatırlayıram ki, artıq  yaşımızın erkən çağında deyilik. Uzun bir ömrü arxada qoymuşuq. Bərabər hər şey elə gözəl və asan olub ki, illər su kimi axıb. İki övladımız dünyaya gəlib, artıq onların toyunu görən, nəvə oynadan vaxtımızdı.

Yarımçıq qalan arzularım var

Özüm maksimalist adamam. Həyatda tək qayəm hərtərəfli olmaq iddiasıdır. Düşünmüşəm ki, anayamsa yüksək səviyyədə, jurnalistəmsə ən yaxşısı olmalıyam. Elə bu səbəb də mənə sənətimlə məşğul olmağa imkan verməyib. Sənətim və uşaqlarım arasında seçim etmək məqamında, ailəmi seçdim. Düşündüm ki, canlı insan mənə qəzetdən, kağızdan daha önəmlidir... Məncə övladlarıma kifayət qədər ana qayğısı göstərə bilmişəm. Leyla İstanbulda magistr kimi dərslərini davam etdirir, Orxan gələcəyin maliyyəçisidir. Hər ikisinin yazmaq istedadı var, ancaq Elçin istəmədi, dedi ki, evdə bir yazıçı olar...

Özümün yarımçıq, kölgədə qalan arzularım olsa da, bir qadın kimi keçirtdiyim həyatdan razıyam. Elçinin  kitablarını ilk dəfə mən oxuyuram. Ona redaktorluq etmək yükünü də öz çiyinlərimə götürmüşəm. Elçin yazılarını çox rahat yazır. İşdə, yolda... Gecələr yuxusuz qaldığını, saatlarla yazı stolunun arxasında oturduğunu heç vaxt görməmişəm. Onun yazıçı kaprizi yoxdur. Özünə “Qaraçuxa “ ləqəbi götürüb. Bu bir mifoloji simvoldur. Qaraçuxa- bəxt mənasına gəlir. Və Elçin düşünür ki bu ləqəb ona uğur gətirir.

Həyatımın ən qəmli səhifəsi

Keçən il ömrümün ən qəmli səhifəsini yaşamışam. Həyatda ən çox sevdiyim insanlardan biri olan atamı itirdim. Atamla bağlı xatirələrim mənə çox əzizdir. Həyatda bəzi hadisələri yaşamağa ehtiyac yoxdur, elə şeylər var ki, onlar nəsildən-nəsilə, şüuraltı olaraq keçir, gələcək nəslinin həyatına təsir edir. Atamın taleyi mənim yaşamadığım hekayəmdir. Olduqca zəngin və hörmətli ailədə doğulub. Dünyaya gəlişi repressiya dövrünə təsadüf edib. Nənəm bir neçə  dil bilən  qadın, babam da olduqca ziyalı insan olub. Bu günə qədər ailəsi və uşaqları barədə yazdığı kitab-albom durur. Böyük bir ərazi babamın ixtiyarında imiş. Ziyalı və varlı olmaları onları repressiyanın qurbanına çevirib. Ananı körpə baladan,atanı yurdundan ayırıb güllələyiblər. Amansız insanlar atamı anasının qoynundan ayıranda, 6 aylıq südəmər uşaq imiş. Körpə uşaqlara on iki yaşlı böyük bibim baxırmış.

Atam çox savadlı və alicənab insan idi. Universitetə daxil olsa da, sonuncu kurslarda valideynlərinin kimliyini öyrənib, onu universitetdən xaric etmişdilər. Sovetin qorxusu canımıza elə çökmüşdü ki, bizim evdə azad fikir söyləmək qeyri- mümkün idi.  Atamın ayaq barmağında dərin çapıq izi var idi. Uşaq vaxtı : “ ata ayağına nə olub? ” –deyə soruşmuşdum.  O da belə demişdi:“ Körpə vaxtı o qədər ayaqyalın gəzmişəm ki, zədələnib. Yetimliyin kölgəsində qalmışdıq, anamız yox, atamız yox, özümüz də ki, xalq düşməninin uşaqları. Nə bir qohumumuzun, nə bir qonşumuzun bizə kömək etmək ixtiyarı yox idi. Saray qədər böyük evimiz, var-dövlətimiz var idi. Valideyinlərimizi güllələyəndən sonra, hər şey hökumətin ixtiyarına verildi, əmlak bölgüsü zamanı, mal-qaramızın tövləsini yaşamaq üçün bizə sığınacaq verdilər. O vaxtlar mən lap kiçik olmuşam, qızım. Uşaqlar körpə olanda elə yazıq, köməksiz olurlar ki, onların tək dayağı anaları olur. Ananı da övladından ayırırlar... Zorla körpə uşağını qoynundan aldıqdan sonra, güllələyiblər...”

Dərdlər mənə gendən keçib

Atamın ölümü məni çox sarsıtdı... Onun itkisi, ona görə qəlbimi bu qədər incidir ki, atam həyatda çox çətinliklər görmüş, çox acılar yaşamışdı (gözləri dolur)... Yetimlik onun gözlərində kədər, qüssə doğurmuşdu. Mən atamı yaman çox istəyirdim.  Atam haqqında danışdıqlarımı yaşamamışam. O dərdlər mənə gendən keçib. Gözümdə canlanır, ömrümə iz salır. Bu mənim yaşamadığım həyat hekayəmdir. Atamın ölümü mənə yoxluğun nə demək olduğunu izah etdi. İtirməyin, ölümün mənasını göstərdi. Həmin vaxt mən də ağır stress keçirtim. Atamı itirəndə ən böyük dəstəkçim Elçin olub.  Atam Elçini çox istəyirdi, ona öz oğlu kimi baxırdı...

Yaxın insanları itirmək çox ağrılıdır... /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.