“Azərbaycan“ jurnalında dəyişiklik olacaq?
13.12.13
"Tənqidlərlə razı deyiləm"
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Bu qurultaydan sonra Yazıçılar Birliyində köklü dəyişikliklər ediləcəyini, qurumda gəncləşdirmə siyasətinin aparılacağını iddia edənlər var. İlk növbədə mətbu orqanların rəhbərlərinin dəyişdiriləcəyi deyilir. Biz də vaxtaşırı tənqid olunan "Azərbaycan" jurnalı barəsində fikirlərini öyrənmək üçün yazıçılara və jurnalın əməkdaşlarına müraciət etdik.
"Bu jurnal məni qane edir"
Şair Qulu Ağsəs "Azərbaycan" jurnalının normal çıxdığını dedi: "İntiqam müəllim öz statusuna, dünya görüşünə, praktikasına uyğun jurnal çap edir. "Azərbaycan" jurnalı vicdanla çıxır. Ən azından onu deyə bilərəm ki, bu jurnal məni qane edir. Burada adətən böyük romanlar çap olunur. Əkrəm Əylislinin, İsa Hüseynovun, Elçin Əfəndiyevin əsərləri burada dərc olunur. Hətta Yazıçılar Birliyi ilə münasibətləri pis olan Əkrəm Əylislinin də əsərlərini "Azərbaycan" jurnalında yayımlayırlar".
"Prosesə müdaxilə edə bilmir"
Jurnalın əməkdaşı, tənqidçi Əsəd Cahangir İntiqam Qasımlının fəaliyyətindən razı olduğunu dedi: "İndi saytların, qəzetlərin, jurnalların sayı həddən artıq çoxalıb. Kimin kimdən xoşu gəlmirsə başlayır tənqid etməyə. "Azərbaycan" jurnalı hazırkı ədəbiyyatın səviyyəsinə uyğun şəkildə çıxır. Bu jurnalda bədii yükü olan əsərlər, tərcümələr, tənqidi məqalələr dərc olunur. Təbii ki, bu mətbu orqanda da müəyyən problemlər var. Ən böyük problemlərdən biri də ədəbi prosesə birbaşa müdaxilə edə bilməməsidir. Ancaq bununla yanaşı jurnal ədəbiyyatımıza böyük töhfələr verir. İntiqam müəllim öz işinin öhdəsindən yaxşı gələ bilir. Mən hesab eləmirəm ki, o, sözün pis mənasında yaşlanıb, artıq öz vəzifəsinin öhdəsindən gələ bilmir. Onun çox gözəl estetik zövqü var. Bu da İntiqam müəllimə imkan verir ki, "Azərbaycan" jurnalının ədəbi cəhətdən yüksək səviyyədə çıxmasını təmin etsin. Bu günə kimi görməmişəm ki, o, hər hansı bir pis yazıya yaxşı, yaxşı yazıya isə pis desin. Baş redaktorun dəyişilməsinə hər hansı bir ehtiyacın olduğunu düşünmürəm. Amma əlbəttə ki, Anar müəllim gəncləşdirmə siyasəti çərçivəsində bütün jurnalların rəhbərliyini dəyişdirərsə, "Azərbaycan" dərgisində də bu cür islahatlar aparıla bilər".
"Bizə cəfəngiyyat göndərirlər"
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımlı da gəzən söz-söhbətlərə münasibət bildirdi: "Mən tənqidlərlə razılaşmıram. "Azərbaycan" jurnalı çox yüksək səviyyədə çıxa bilir. Qaldı ki, gəncləşdirmə siyasəti məsələsinə, axı mən hələ qocalmamışam. 35 ildir ki, çox cüzi maaşla Azərbaycan ədəbiyyatına xidmət edirəm. Bir adam vəzifəsindən o zaman uzaqlaşdırılmalıdır ki, o, peşəsinin öhdəsindən gələ bilməsin. Ölülər elə bilir, dirilər hər gün halva yeyir. Bizə roman adı ilə 400-500 səhifə cəfəngiyyat göndərirlər. Bütün bunları oxumaq, seçmək lazımdır. "Azərbaycan" jurnalında hər dəfə böyük əsərlərə yer verilir. "Ulduz" jurnalı kimi kiçik hekayələr yayımlamaqla keçinə bilmirik". /teleqraf.com/
|