Kənan Hacı - “Atamın məzarını yetim qoyma!”
13.12.13

Anama yazdığım məktublar…
 
2002-2003-cü illərdə Naxçıvanda hərbi xidmət keçərkən Xədicə anayla tez-tez məktublaşırdıq. Az qala, hər həftə bir-birimizə məktublar yazırdıq. O məktubları anamdan mənə qalan əziz yadigar kimi saxlamışam, arada açıb o saralmış vərəqləri qoxlayıram, o vərəqlərdən hələ də anamın ətri, qoxusu gəlir və məni izaholunmaz hisslər bürüyür. Anama yazdığım məktublardan bəzi hissələri nöqtə-vergülünə toxunmadan oxucuları təqdim edirəm.
 

 
***
 
Anacan, sən doğru deyirsən, sənət heç vaxt ölmür... Son dövrdə Axundov Kitabxanasının zəngin arxivi mənə çox şey verdi. Mən orda oturub saatlarla işləməkdən zövq alırdım. Qəzetdə çıxan sonuncu yazılarımı orda,  “Dövri mətbuat” zalında yazmışam.
 
***
 
Çox şeylərdən məhrum olmaq, uzaq düşmək nə qədər xoşagəlməz olsa da, məncə, bunun da bir üstünlüyü var. İnsan özü-özüylə baş-başa qalır, özünə qapılır, öz mənəvi hücrəsinə çəkilir. İndi bunu hamı etiraf edir ki, Nostradamus özü monastıra çəkilməsəydi, dünyanı heyrətə gətirən katrinlərini, senturiyalarını yaza bilməzdi. Rusların bir sözü var: “publiçnoe odinoçestvo”. Yəni camaatın sıxlığında da özün üçün bir tənhalıq, mikromühit yarada bilərsən. Sən bu tənhalıqda sanki kef edirsən. İnsan məhz bu anlarda özünü dərk edir.
 
Ana, ümid gözəl şeydir. Kasıbın çörəyi qurtara, ümidi yox. Aleksandr Mittadan soruşanda ki, bu dünyada ən çox nədən qorxur, demişdi: “Tunelin sonunda işığı görənə qədər yaşaya bilməməkdən...” O işığı görənə qədər yaşamaq lazımdır. “Həyat mübarizədir” deyən filosoflar inan ki, bizi yanlış istiqamətə yönəldiblər. Əksinə, insan başqaları ilə yox, özüylə, öz taleyilə mübarizə aparır.
 
***
 
Eh, meşələrdə, talalarda, dağlarda, uzaq-uzaq yaylalarda o qədər gözəl, ətirli çöl çiçəkləri açılıb solur ki... Bir kimsə də onların nə gözəlliyini, nə ətrini duyur... Sənət adamları da belədir. Ümumiyyətlə, hər insanın daxilində kəşf olunmamış bir dünya var, insan o dünyanı fəth edə bilmir və o möcüzəli dünya insanla birlikdə məhv olub gedir, təəssüf...
 
***
 
Mənim gözəl anam, salam!
 
Sənə yazdığım məktublar bütün həyatım boyu içimi limhəlim dolduran, sənə demək istədiklərim, deyə bilmədiklərimdir. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa uzaq bir diyardan - əl çatmayan, ün yetməyən uzaqlıdan sənə məktublar yazacağam. Bu yazışmalar bəlkə də səninlə mənim aramızda ən pünhan, ən kövrək, ən səmimi söhbətlərdir.
 
Anacan!
 
Son vaxtlar, birgə olduğumuz  bir şəkil var – o fotonun surəti tez-tez gözlərim önünə gəlir. Atam, sən və mən, - körpə oğlan uşağı... Üçümüzün birlikdə olduğumuz ilk və sonuncu şəkildir bu foto. Ölüm, itkilər hələ sizdən çox uzaqdır. Qarşıda yaşanacaq illər var. Hər ikiniz qucağınızdakı körpəyə  ümidlə, sevgiylə, gələcək həyatın barı-bəhrəsi, sevinci kimi baxırsınız... Taleyin bizim üçün hazırladığı oyunlardan hər ikiniz xəbərsizsiniz... Bir daha heç vaxt üçümüz birlikdə olmayacağıq. Bəlkə də bu foto atamın, sənin və mənim – üçümüzün də ömrünün ən xoşbəxt anıdır. Mənə elə gəlir heç vaxt özünüzü bu şəkildəki kimi bəxtəvər saymamısınız. Qəribə də olsa, o şəkildə üzünüzdə olan ifadəni – xoşbəxt təbəssümü mən sonralar heç birinizin üzündə görmədim. Bu xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur. İllər keçəcək, heç birimiz həyatda olmayacağıq. Amma bu şəkil qalacaq, - dünyada, yer üzündə nakam taleli bir ailənin yeganə nişanəsi kimi...
 
Bu şəkil həm də bizim ömrümüzün, taleyimizin nağıla çevrilmiş həqiqətidir. Biz nə vaxtsa yenə görüşəcəyik, birlikdə olacağıq, - o şəkildəki kimi. İntəhası, başqa görkəmdə, ayrı qiyafədə. O anların şəklini çəkən olmayacaq daha... Gözlərdə kədər olacaq, təəssüf olacaq, qəzəb olacaq...
 
Bu dünya bizi xoşbəxt edə bilmədi. Daha o şəklə baxmaqdan qorxuram!!!
 
***
 
“İki sahil” qəzetinin bir-iki sayı təsadüfən burda əlimə keçdi. Duyğulandım, dostlarımın yeni yazılarını iştahla oxudum. Yazı-pozu üçün ürəyim əsir, asudə oturub yazılar yazmaq istəyirəm. Bir sözlə, ürəyimdən çox şey keçir. Sənin isti qolların üçün darıxmışam, ana!
 
***
 
Sənin sevgi və hərarət dolu məktubunu aldım. Çox sevindim, bir az da kövrəldim. Sevindim ki, sənin həyat eşqin yenə əvvəlki kimi bitməz-tükənməzdir. Məktubun nikbin ruhu mənə ləzzət verdi. Həmişə belə ol, ana! Qoy həyatın çətin sınaqları sənin polad ürəyini sarsıtmasın!
 
***
 
Ana!
 
Atamın məzarını yetim qoyma! Arabir qəbiristana gedib o sadə məzara baş çək. De ki, oğlundan nigaran qalmasın. Bilirəm, sən qəbir üstə nadir hallarda gedirsən. Amma bu dəfə get! Kefini də pozma, özünü qoru. Hər şey yaxşı olacaq. Həyat davam edir.
 
***
 
Sənə bu məktubu yazmağa başlayanda radioda kimsə “Laylay gülüm”ü oxuyurdu. Neçə illər bundan öncə sən də balaca Kənana çox laylalar oxumusan. Hər gecə o talesiz körpənin beşiyi başında dünyanın ən gözəl, ən şirin nəğməsini zümzümə etmisən. Onda dünya gözəl idi, arzular sonsuz idi. Hələ saçlarına, ömrünə-gününə qar yağmamışdı...
 
***
 
Düşünürəm ki, sən yenə əvvəlki kimi çevik, mərd və mübarizsən. Bütün həyatım boyu səni belə görmüşəm. Sən mərd, qürurlu qadınsan. Atamın ən böyük xoşbəxtliyi onda olub ki, qismətinə sənin kimi ömür-gün yoldaşı düşüb. Sən bağışlamağı bacarırsan. Sənin həddən artıq sərtliyini, amansızlığını da görmüşəm, mülayimliyini, yumşaqlığını da. Kədərini içində boğmusan çox vaxt. Bəzən sənin göz yaşlarına səbəb olmuşam. Bağışla, ana!
 
***
 
Yalnızlaşdım elə bil. Mən – miflərlə savaşan bir zavallı elə bilirdim ki, Rəhimağa müəllim kimi insanlar ölməz. (Anam mənə yazmışdı ki, müəllimin Rəhimağa İmaməliyev dünyasını dəyişib və mən bu acı xəbərdən möhkəm sarsılmışdım-K.H.)) Ruhumu parçalayan tənhalıq içində bir az da tənha qaldım. Gərək Rəhimağa müəllim, mənim müəllimim, dostum, ustadım ölməyəydi. Gərək mən indi Bakıda olub onun cənazəsi altına çiyin verəydim...
 
***
 
Anacan! Şahbuzda qar dizəcəndi. Dekabr ayının on günü sərasər yağdı.
 
Qar yağıbdı dizəcən,
Bakıdan Şahbuzacan.
Yolumu gözləyərsən
Sən, gələn Novruzancan.
 
***
 
Gecələr səngərlərə sığınıb sübhədək oyaq qalanda həmdəmim, həyanım, simsarım yalnız sən olmusan, Ana! Əsl torpaq ətrini də ancaq səngərdə duyursan. Qarabağ ağrısının insana ən yaxın olduğu yerdi bu yer. Səngərdə daha yaxşı başa düşürsən ki, bu ağrı yüz ilin, min ilin ağrısıdı. Yoxsa bu qədər tanış gəlməzdi. Dağların əzəməti varlığımıza hakim kəsilib.
 
***
 
Nə qədər ki, içimizdə bir sevgi və o sevgiyə ümid yaşayır, deməli biz də yaşayırıq. İnsan bir ömür boyu nəyisə gözləyir, sabahın bu gündən gözəl olacağına özünü inandırmağa çalışır və bir vaxt ayılıb görür ki, ömür tükənib, o gözəl gün isə hələ çox uzaqdadır... Ümid bəzən bizi yaşatmır, məhv edir.
 
Anacan, deyirlər yazmaq özünü oxumaqdır. Düşüncələrimin bir hissəsini də yazıb göndərirəm.
 
***
 
Sergey Yeseninin misralarını xatırlayıram:
 
Qurtarıb üsyankar qüssə əlindən,
Alçaq komamıza qayıdam yenə...

/kulis.az/
 

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.