Cəlil Cavanşir - İslam sülh dinidirmi?
11.12.13
“Dünyaya ən böyük təhlükə nədir?” – 6 ay öncə ABŞ-ın Pew araşdırma mərkəzinin 39 ölkədə apardığı sorğunun nəticələri açıqlanıb. Birinci yerə qlobal iqlim dəyişikliyi, ikinci yerə beynəlxalq maliyyə sabitsizliyi çıxıb. Bəşəriyyətin növbəti ən böyük qorxusu islam ekstremizmindəndir.
Əhalisinin 90 faizdən çoxu müsəlman olan Türkiyədə rəyi soruşulanların 40 faizi islamçı qruplardan narahatdır. 1956-cı ildə İslam Respublikası elan edilən Pakistanda rəyi soruşulanların 34 faizi islamçı ekstremist qrupları təhlükəli hesab edir. Amerikalılar isə İran İslam Respublikasının nüvə proqramından və islamçı qruplardan qorxurlar.
Bu gün dünyanın müxtəlif nöqtələrində dini zəmində ixtişaşlar, müharibələr və qırğınlar baş verir. İslami qruplar və təşkilatlar bu qırğınlarda əsas rolları ifa edir. Ayrı-ayrılıqda bütün dinlər sülhü, gözəlliyi, humanizmi təbliğ etdiyini iddia edir.
Yəhudilər də, xristianlar da, müsəlmanlar da öz dinlərini barış dini hesab edir. Bəs əsil mənzərə necədir? Sülhü təbliğ edən dinlərin müqəddəs kitabları da sülhü təbliğ edirmi? Görəsən videokameralar önündə insan başı kəsməyin və bunu sosial şəbəkələrdə nümayiş etdirməyin dinə görə bəraəti varmı? Diri-diri yandırılan insanları sülh üçünmü yandırırlar?
Hər bir dinin müqəddəs kitabı onun ideelogiyasının təməl prinsiplərini özündə cəmləşdirir. Müsəlmanlar hər zaman islamın sülhü, barışı və qardaşlığı təbliğ etdiyini deyir. Sonuncu səmavi din hesab olunan İslamın müqəddəs kitabı “Qurani Kərim”in sülhü təbliğ edə bilirmi?
Gəlin dəlillərə nəzər salaq:
“Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.” (Bəqərə surəsi 191)
“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur” (Bəqərə surəsi 193)
"Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. " (Tövbə surəsi, 41)
"Allah yolunda lazımınca cihad edin." (Həcc surəsi, 78)
"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb. Onun yolunda vuruşanları sevir. " (Saff surəsi, 4)
"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. " (Tövbə surəsi, 5) "Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. " (Tövbə surəsi, 36)
"Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir." (Tövbə surəsi, 123)
Yuxarıdakı ayələrdən sonra toyuq başı kəsirmişcəsinə insan başı kəsən “saqqallılar”ı anlamağa başlayacaqsınız. Və müqəddəs kitaba müticəsinə tabe olan beyinsizlərin nə qədər təhlükəli olduğunu dərk edəcəksiniz. Lütfən, heç kəs mənə İslamın sülh dini olduğunu isbat etməyə çalışmasın. Çünki dünyada yuxarıdakı ayələri misal göstərib, öz qanlı əməllərinə haqq qazandıran minlərlə müsəlman var. Heç kəs qarantiya verə bilməz ki, Azərbaycandan gedib Suriyada, Əfqanıstanda, Çeçenistanda, Pakistanda döyüşən “saqqallılar” geri qayıtdıqdan sonra ölkəmizdə sakit dayanacaq.
Bu gün islam bütün dünyada olduğu kimi, ölkəmizdə də çox ciddi təhlükədir. Xüsusən məzhəblər arası davanın ilkin fəsadları görünməkdədir.
Avanqard.net
|