“Nobel”ə görə kitablarının satışı 4 min faiz artıb
10.12.13
Nobel mükafatına görə bu ilki laureat, kanadalı hekayə ustası Alice Munro-nun kitablarının satışı həm ölkə daxilində, həm də dünyada xeyli artıb.
Kanadada bu artım 4 424 (dörd min dörd yüz iyirmi dörd) faizdir.
Yəqin ki Munro-nun məşhur “Dear Life" kitabının yenidən nəşr edilməsinin də bu artımda rolu olub.
İtaliyada Munro-nun əsərlərinin satışındakı artım 4213, İrlandiyada 2625, İspaniyada 1890, Avstraliyadasa 369 faizdir.
Kitab nəşri sahəsində müstəqil qeyri-kommersiya qurumu olan “BookNet Canada” mükafatın Munro-ya verildiyi 10 oktyabrdan əvvəlki və sonrakı satış rəqəmlərini müqayisə edib (sentyabrın 21-də bitən həftə ilə oktyabrın 19-da bitən həftənin müqayisəsi).
Munro-nun qızı Jenny dekabrın 10-da Stockholm-da anasının Nobel mükafatını qəbul edəcək.
82 yaşlı yazıçının öz səhhəti İsveçə uçmağa imkan verməyib. /oxuzali.az/
|