Qan Turalı: "Bizim yazıçılar elə bilirlər ki, bunların şəxsi həyatı bütün dünyaya maraqlı olacaq" - MÜSAHİBƏ

09.12.13

Müsahibimiz yazıçı, esseist, kulis.az saytnın baş redaktoru Qan Turalıdır. Yaxın günlərdə onun “Fələk qırmancı” adlı yeni romanı işıq üzü görəcək. Roman çap olunandan sonra yəqin ki, bir müddət bu əsər Turalı məşğul edəcək. Yeni romanı çap olunmamışdan əvvəl onunla görüşüb bu günə qədər yazdıqları, “Mustafa”sı və ümumən ədəbiyyat haqqında söhbətləşdik.

– Bir neçə il öncə müxtəlif qəzetlərdə Azərbaycan yazıçılara haqqında məqalələrin çap olunurdu. Sonra sanki tənqidin subyektivliyimi deyim, yoxsa funksionallığın zəifləməsimi deyim, ya zamanın küləklərinin təsirindənmi, bilmirəm, hansısa səbəbdən bu cür yazılardan uzaqlaşdın. Konkret səbəb nə oldu bəs?

- Mən nəsr əsərləri yazmağa başlayandan sonra, başqa yazıçıların əsərləri barədə məqalələr yazmağı dayandırdım. Ona görə ancaq sevdiyim əsərlər haqqında fikir bildirməyə qərara aldım. Xoşuma gələn əsərlər də az olduğuna görə, bundan sonra məqalələrim də az-az gözə dəydi. Ancaq son illər ərzində sənin, Cavidin, Şərif Ağayarın kitabları haqqında məqalələrim dərc olunub. Roman yazan adamın başqa bir romançını mühakimə etməsini normal hesab etmirəm. Azərbaycan ədəbiyyatının ən böyük bəlalarından biri də yazıçıların bir-birini mühakimə etməsidir. Özü də əksər vaxt cümlə yaza bilməyən adam başqasının əsərini təhlil edir, araşdırır. Bir dəfə Vaqif Səmədoğlu müsahibələrinin birində demişdi ki, Yazıçılar Birliyi yazıçıları bir-birinə qarşı qoymaq üçün yaradılan qurumdur. Sovet dövründə roman müzakirəsi keçiriləndə tənqidçilərin sayı təbii olaraq az olduğuna görə gündəmə gəlmiş əsərə yazıçılar da fikir bildiriblər, nəticə də göz qabağındadır. Mənə elə gəlir ki, bir yazıçı başqa bir yazıçının kitabı haqqında danışanda ikiqat diqqətli olmalıdır. Mövlud Süleymanlının “Dəyirman” povestini müzakirə edib sərt fikir bildirənlərin hansı M.Süleymanlıdan istedadlı yazıçı idi? Əkrəm Əylislinin yazdığı bir əhvalatı xatırlayıram: Əli Vəliyev Yusif Vəzir Çəmənzəminliyə deyib ki, sən yaxşı yazıçı olsaydın fransızcanı öyrənməzdin. Belə ittihamlar zaman-zaman çox olub. Əsərlərə ən doğru qiyməti tənqidçilər və zaman verir. Yazıçılara qalsaydı vəziyyət bərbad olardı: Lev Tolstoy Şekspiri bəyənmirdi, Axundov Füzulini inkar edirdi. Bu cür misallar çoxdur. Ədəbi mühitdə sorğu aparsan Hüseyn Cavidin əsərlərin az adam sevir, onların fikrincə, Cavid doğru-dürüst bir dildə, normal əsərlər yazmayıb. Ancaq mən əksinə düşünürəm. Onda belə nəticə çıxır ki, ədəbiyyat tarixini həmin şəxslərin öhdəsinə buraxsaq, H.Cavidi ədəbiyyat tarixindən çıxararlar.

– “Mustafa” romanında digər yazıçıların əsərlərindən sitatlar əlavə etmişdin. Bu cür məqamlar obrazın oxuduğu, haqqında düşündüyü əsərlər kimi təqdim edilirdi. Bu günlərdə mütaliə etdiyim Avqust Strinqberqin “Tənha” romanında da belə məqamlar diqqətimi çəkdi. Deyə bilərsənmi ki, bizdə belə halların – bir əsərin daxilində başqa bir bədii nümunədən istifadə edilməsinin normal qarşılanmamasına səbəb nədir?

– Bizim ədəbi camiədə belə bir fikir formalaşıb ki, yazıçı savadsız olmalıdır, yazılan əsərin digər mətnlərlə əlaqəsi olmamalıdır. Bir dəfə mənə təxminən 60 yaşlarında olan bir yazıçı dedi ki, sənin yazılarını oxuyuram, savadlı oğlansan, bəs niyə nəsr əsərləri yazırsan, niyə tənqidi məqalələr yazmırsan? Deyir Kamal Abdullaya da deyirəm bunu. Başa düşə bilmirəm, məgər nasir olmaq üçün savad lazım deyil? 
Bu gün də əsas fikir budur ki, yazıçı özünü yazmalıdır, öz həyatını yazmaq üçünsə o qədər də savad tələb olunmur. Belə düşünürəm ki, insan özünü yazanda belə başqa əsərlərə müraciət etməlidir, çünki insan özünün bəzən başqasının nəzəri ilə daha dəqiq görə, başqası vasitəsi ilə daha yaxşı dərk edə bilir. Yazıçının savadlı olması bizdə ayıb sayılır. Ancaq biz kitablardan həm də başqasının təcrübəsini öyrənib özümüzünküləşdirə biliriksə, bunun nəyi pisdir ki?! Ötən il Mirmehdi Ağaoğlu ilə Dərbəndə getmişdik. Otelin restoranında yeyib-içirdik, bir nəfər gəlib bizə qoşuldu. Söhbət əsnasında ədəbiyyat adamı olduğumuzu biləndə dedi ki, şair Süleyman Stalski bilirsiniz necə böyük şairdir? Mən də tanıdığımı bildirdim. Dedi onun dahiliyi onda idi ki, o yazıb-oxumağı bilmirdi. 

– Eyni fikri milli ədəbiyyatımızda Aşıq Ələsgər haqqında da deyirlər.

– Onu dostum Şərif dəqiq bilər, amma mən biləni Aşıq Ələsgər yazıb-oxumağı bilirmiş. Bilirsən yazıçının yazıb-oxuya bilməməsinə vergi kimi baxmaq biabırçılıqdır. Kantın fikirdir: “Cibindəki yüz talerlə ağlındakı yüz taler arasında heç bir fərq yoxdur. Çünki onların hər ikisi mövcuddur”. Oxuduğumuz da bilikdir, həyatda gördüyümüz də, hər ikisi mövcuddur və hər ikisindən bəhrələnmək lazımdır. Biz öz dərdlərimizdən də, dost-tanışın problemlərindən də nəsə öyrənmişik, eyni zamanda Raskolnikovun ruhi çək-çevirindən də, Martin İdenin faciəsindən də. Nə yaşadıqlarımızı, nə də oxuduqlarımızı ruhumuza yad hesab etməməliyik.

– “Mustafa” romanın qəhrəmanı əsərin sonunda kəndə qayıtdığına görə bu durumu 1960-cı illər ədəbi nəslinə xas “kəndə qayıdış”la əlaqələndirirdilər. Romanı yazarkən heç bu barədə düşünmüşdünmü?

– Həmişə şəhərdə yaşadığıma görə heç vaxt kənd həyatına bağlılığım olmayıb. Bədii əsərlərdə işlənən elə kəndə xas ifadələr var ki, rastıma çıxanda o sözlərin mənasını zəng vurub ədəbi aləmdəki dostlarımdan soruşuram. “Mustafa” əsərindəki kəndə qayıdış isə bir növ russoizm idi. Kəndə qayıdaraq Mustafa bütün ictimai fəaliyyətinə son qoyurdu, mən kənd həyatını heç də xoşbəxtlik yuvası kimi təsvir etməmişəm.

– “Azadlıq” qəzetindən uzaqlaşandan sonra siyasi jurnalistikadan uzaqlaşsan da, “Mustafa” romanında siyasi motiv yenə də özünü göstərdi.

– O dövrdə aktivistlərin içindəydim. Həmin hadisələrin canlı şahidi idim. İsa Hüseynovun yazmaq haqqında dediyi fikri həmişə yüksək qiymətləndirmişəm. O deyir ki, dəyərli əsər yazmaq üçün birinci şərt yaxşı bildiyin mövzudan yazmaqdır, ikinci şərt isə ümumiləşdirmə bacarığına malik olmaqdır. Mən də çalışmışam ki, bildiyim məsələlərdən yazam.

– Son günlərdə “Kafka” adlı hekayəni oxudum. İllər öncə “Alatoran” jurnalında çıxan hekayələrindən fərqli olaraq yazı dilində poetiklik azalıb. Şairanə nəsirdən uzaqlaşmısan, bu hal öz-özünə yaranıb əsərlərində, yoxsa bilərəkdən edirsən?

– Şeir insanın içində bir vulkandır, onu bir ilə də püskürə bilərsən, illərcə damcı-damcı da axa bilər. Görünür, məndə bu proses sürətli keçdi. Daha çox rasional ağılla yazıram indi. Bəlkə də yaş artdıqca dünyaya münasibətimin soyuqlaşması ilə bağlıdır bu, daha çılğınlıq, emosinallıq mənə maraqlı görünmür. Deyəsən, indi dünya daha soyuqdur. 

– Esselərinin də, romanın da həcmi azdır. Fikir verirəm həmişə sözü kəsə demək bacarığı və istəyi sənin əsərlərinin həcmin az olmasına təsir edir. Biz dünya ədəbiyyatında Alber Kamyunun kiçik həcmli əsərlərində bu cür lakonikliyə rast gəlirik. Səninçün sözün mabədinə yönəlmək hansı ehtiyacdan doğur?

– Don Kixot romanında rəssamdan soruşurlar ki, nə şəkli çəkirsən, belə cavab verir: nə ola-ola. Bu cür əsər yazmazlar, yəni hardansa başlayıb gedəcəyin yeri bilmədən uzada-uzada əsərin həcmini artırmaq olmaz. Mən yazı masasında oturanda nə yazacağımı bilirəm və yazının strukturu məni daha çox düşündürür. Bir cümlə mətləbim varsa, o mətləbi bir yazının başına fırlatmıram, elə bir cümləylə də yazıram. Nitsşe deyir ki, qanı ilə yazanlar oxunmaq yox, əzbərlənmək istəyirlər. Nitsşenin aforizmlərini oxuyanda insan dəhşətə gəlir: lakonik və energetikalı. Yəni uzatmadan, sözünün əsas qayəsini ifadə etməlisən, həm də nəzərə almaq lazımdır ki, indiki insanların böyük həcmli əsərlər oxumağa həvəsi yoxdur.

– Varqas Lyosa Oksford universitetinə gedəndən Folkner barədə çox da müsbət fikirdə olmayıb. Ancaq həyat və yaradıcılığını yenidən öyrənəndən sonra Folkner haqda təsəvvürləri dəyişib. Elə bir yazıçı varmı ki, qəlbinin dərinliyində onun haqqında yalnış təsəvvürdə olduğunu düşünürsən və vaxt-bivaxt onunla bağlı nələrisə qəlbindən keçirəsən?

– Yalnış təsəvvür deməzdim buna, ancaq Frans Kafka barədə həmişə düşünürəm. Hələ tələbə olanda Kafkanın əsərlərini oxuyurdum, mən də belə bir təsəvvür oyanırdı ki, bu əsərlərdə mənə çatası olan mesaj var, ancaq hələ anlaya bilmirəm. Sonra Milan Kunderanın “Roman sənəti” kitabını oxudum və Kafkanı özüm üçün yenidən kəşf etdim. Kafkanın əsərlərini daim oxuyuram və onun mətnlərində həmişə nəsə yeni bir şey tapıram. Bəzən yazıçılar deyir ki, filan yazıçı mənim yazıçım deyil. Məncə, dünyadakı bütün vacib yazıçıları oxumaq və mümkün qədər anlamaq lazımdır. Əgər öz ağlınla anlamırsansa, onun haqqında yazılan yazılar vasitəsiylə anlamağa çalışmaq lazımdır. Söhbət əsas panteona aid nəhəng yazıçılardan gedir. Bir yazıçının digər yazıçını anlamaması mənə çatmır. Anlamamaq o deməkdir ki, sən həmin yazıçını əsərlərini oxumamısan. Məşhur fikirdə deyildiyi kimi: “insan bilmədiyinin düşmənidir”. Azərbaycan yazıçıların bir problemi nəyisə anlamamalarıdırsa, bir qisminin də bəlası hansısa yazıçıların yaradıcılığına həddindən artıq aludə olmalarıdır. Yazıçılar tanıyıram ki, Kafkadan danışır, ortada normal bir əsəri yoxdur, eləcə də Folknerdən və Markesdən danışanların. Onlar Kafkanı, Folkneri, Markesi bütləşdirənlərdir. Bütləşdirmə isə ədəbiyyatın düşmənidir. 
Mənim üçün Azərbaycan ədəbiyyatı Hüseyn Cavid olduğu qədər həm də Cəfər Cabbarlının ədəbiyyatıdır. Amerika ədəbiyyatı Folknerin olduğu qədər həm də Selincerindir. Türk ədəbiyyatı Orxan Pamukunku qədər Yaşar Kamalındır, Ahmet Haşimin olduğu qədər Orxan Vəlinindir. 

– Ədəbiyyat öz dövründən geri qalanda başqa dövrlər üçün də lazımı mesajları ötürə bilmir. Bu mənada, sənin üçün həm öz yaradıcılığında, həm də dünya ədəbiyyatı kontekstində həqiqi novatorluq nədir?

– Yazıçı üçün novatorluq əlini dünyanın nəbzində tutmaqdır. Bilməlisən ki, istər siyasi, istər ədəbi, istər sosial planda dünya hara gedir. Hegel hesab edirdi ki, ədəbiyyat dünyanı dərk etməyin daha bəsit formasıdır, dünyanı dərk etməyin daha ali formaları var. Bəzi filosoflar isə bu fikri inkar edirdilər. Mən də ikincilər kimi düşünürəm. İncəsənət özünüdərkdir, dünyaanlamadır. Dünyanı dərk etməyən, müasirlikdən uzaq adam böyük ədəbiyyat yarada bilməz. 
İndiki insanlar daha praqmatikdirlər, aza qane olmurlar, bunlar da ideyasızlıqdan doğan məsələlərdir, indinin inqilabçılığı da 1960-70-ci illərdən doğulub 90-cı illərdə meydana çıxan adamların inqilabçılığı deyil. İndiki insanlar daha realistdirlər, daha praqmatikdirlər, özlərini daha çox düşünürlər. İdealizm yaman qıtlaşıb. Dünyada da belədir, bizdə də. Çe Qevara nəsli çoxdan yoxa çıxıb, əvəzində əyninə köynək geyən adamlar peyda olub. İndi ideya insanları daha az cəlb edir. İnsanlar şəxsi xoşbəxtliklərinin qayğısına qalırlar, “vətən, millət, sakarya” ədəbiyyatı yoxa çıxıb. 
İndi oxucular da çox intellektualdır, dünya yazıçılarını oxuyublar, onla üçün maraqlı əsərlər yazmaq məsuliyyəti düşür bizim boynumuza. Bu gün insanlar sosial şəbəkələrdə minlərlə insanın şəxsi həyatı ilə maraqlana bilirlər, milyonlarla bloklar var, belə bir vaxtda kimə maraqlıdır ki, oturub hansısa yazıçının şəxsi həyat təcrübəsini oxusun?! 
Oskar Uayldın “Dorian Qreyin portreti” romanında rəssam deyirlər ki, əsərlərini nümayiş etdir, o imtina edir. Deyir ki, mən hisslərimi köçürmüşəm tabloya, istəmirəm öz hisslərimi başqalarıyla bölüşüm. XIX əsrdə bu məsələ ingilis ədəbiyyatında həll edilmişdi. Ancaq bizim yazıçılar elə bilirlər ki, bunların şəxsi həyatı bütün dünyaya maraqlı olacaq. Bu günün novatorluğu şəxsi həyat materialına aludəçilik göstərmədən təxəyyül vasitəsiylə yazmaqdır, məncə. Heç kimə sənin yaşantıların maraqlı deyil. 

– Yeni romanın adı “Fələk qırmancı” adlanır. Mərhum yazıçı Mehdi Bəyazidin bu adda bir əsər yazdığını deyirmiş, ancaq o roman M.Bəyazid öləndən sonra tapılmayıb. Yusif Səmədoğlunun “Qətl günü” romanında da belə bir situasiya var: Sədi Əfəndinin “Qətl günü” adlı romanı tapılır, ancaq roman barədə danışılmır, bir əsərin mövcud adı, digər yazılmış əsərin adı olur. Gəl elə bu paralellik haqda danışaq.

– Mən bu romanı yazmayan yazıçı haqda yazmışdım. Amma başqa mülahizələrdə adını Mehdi qoydum, roman boyu Mehdi, Mehdi Bəyazidə çevrildi. Romanımda yazıçı vəcd halında bir roman yazır, sonra o əsərin varlığını belə xatırlamır. O əsərin də adı da “Fələk qırmancı”dır. Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanın adıdır bu... 

– Bu gün yazılan əsərlərdə parlaq obrazların olmaması səncə nə ilə bağlıdır?

– Bu çox maraqlı sualdır, böyük bir araşdırmanın mövzusu ola bilər. Son illərdə ən bəyəndiyim, diri obraz Şərif Ağayarın “Haramı” romanındakı Səməndərdir. İndi dünya daha mürəkkəbləşib, hər şey bir insandan asılı deyil, heç kəs dünyanı bir adam tərəfindən xilas ediləcəyinə indiki halda inanmaz. Zəmanə dəyişdikcə insan da kiçilir, balacalaşır, cılızlaşır. Qəribədir, əslində, bizim texnika adlandırdığımız əşyalar bizim bədən üzvlərimizin davamıdır. Məsələn, maşın ayağın, telefon səs tellərinin, qələm əlin davamıdır. Texnika inkişaf etdikcə insanın fiziki imkanları azalır və insan gücü cəmiyyətdə az görünür, eləcə də ədəbiyyatda. İnsanın gücü də getdikcə azalır sanki. Mənəvi gücü də, fiziki gücü də. Ədəbiyyatda da insanlar kiçilir, balacalaşır.  /kaspi.az, Fərid Hüseyn/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.