Hikmət Carçılı Orhun - Kişilər yazıçıdır...
09.12.13
Elə, bir dövrə gəlib çıxmışıq ki, "yağışdan sonra çıxan göbələklər" kimi hamı yazır, hamı yazıçılıq iddiasındadır. Əslində iddia gözəl şeydir. Ancaq gərək qabında bir zad ola. Yoxsa hər könlünə düşəni, ağlın əsəni yazıb camaata ədəbiyyat adıyla sırımaq yaramaz.
İndi düzü, oxucu da bilmir ki, kimi oxuya, kimin kitabı ona lazımdı. Sovet dövründəki senzuranın lap yeri görünür. Vallah, əgər senzura olsa və ən əsası bu işlə məşğul olanlar Azərbaycan ədəbiyyatının qaymaqlarından - Əkrəm Əylisli kimi, Səfər Alışarlı kimi ustad yazıçılarından, Cavanşir Yusifli kimi sözün çəkisini bilən tənqidçilərdən təşkil olunsa bu "göbələk mövsümü" bir dəfəlik aradan qalxacaq. Və nə yazıçılar oxucusuzluqdan şikayətlənəcək, nə də oxucular aldıqları kitaba yalandan pul verdiklərini dərd eləyəcəklər.
Bir məqamı da diqqətinizə çatdırım. Belə ki, indi bu yerindən qalxan gənc yazı adamları oxunmadığının, oxucusuzluğun dərdini çəkir. Bir bunlara deyən lazımdı ki, balam, de görüm, sən kimi oxumusan? Çox güman ki, məktəb illərində oxuduğu bir-iki nağıldan savayı heç kimi.
Və bizim də əsas problemimiz elə budur. Kimsənin kimsəni oxumadığı, dikbaş yazarların biri-birinə yuxarıdan aşağı baxdığı bir zəmanədə yaşayırıq; oxucuda günah görmək artıq şeydir. Nəysə.. hələ bizim düzəlməyimizə, ədəbiyyatımızın bir düzənə girməsinə çox zaman lazımdır.
Ancaq ümidsiz də olmaq lazım deyil. Yaşıdlarımızın arasında daim oxuyan, yorulmadan, ərinmədən öz üzərində işləyən, yazıdan yazıya inkişaf edən dostlarımız da var. Misal üçün, Mövlud Mövludun, Ayxan Ayvazın adını çəkə bilərəm ki, bu adamlar gələcəkdə Azərbaycan ədəbiyyatına böyük töhfələr verə bilərlər.
Yeri gəlmişkən, Ayxan Ayvazın "Evimizdən gecə reportajı" və Mövlud Mövludun "Qara bayram" hekayələrini oxudum bu yaxınlarda. Hər iki hekayəni bir cümləsinə belə toxunmadan, dilinin şirinliyi ilə, üslubunun orijinallığı ilə ədəbiyyat tarixinə yazmaq olar.
Yazıçı hər gün bilavasitə şahidi olduğu maraqlı hadisələri əsl ədəbiyyat nümunəsi kimi təqdim etməyi bacarmalıdır. Yəni oxucunu inandırmalıdır. Yazdığı hadisənin ədəbiyyat olub-olmadığını bilməlidir. Bu çox ciddi şərtdir. Həm də yazıçı yaddaşın özü olmalıdır. Bunu bizdən qabaqkılar da deyiblər ki, iti müşahidə qabiliyyəti yazıçının üstünlüyüdür.
Ayxan Ayvazın və Mövlud Mövludun hekayələrində də yaddaşdan, iti müşahidədən qaynaqlanan maraqlı məqamlar çoxdur. Ancaq biz zaman azlığını nəzərə alıb bunlardan yalnız ikisini qeyd edə bilərik: "...Mən hələ bir xeyli yorğanın içində qurcuxacağam. Gülbəs artıq Allah bilir, neçənci yuxudadır. Yanımdakı çarpayıdan xəfif xorultu səsi gəlir. Bir az yaxına gəlirəm, diqqətlə onu gözdən keçirirəm. O, beşikdəki körpəni xatırladır. Elə bil div yuxusuna gedib. Oyatsan adamı şişə taxar! Yorğanı başına elə çəkib ki, yalnız balaca, yumru sifəti görünür. Atam da belə yatardı.
...Qardaşım hər dəfə bu cür sayıqlayanda gülüşümü boğub ona qulaq kəsilirəm. Əsəbi, qaşları çatılmış görkəmdə qaranlığın içində fısıldayır. Anam da belə yatardı." (Evimizdən gecə reportajı)
"...Söhbət arası anam danışa-danışa ayağa qalxdı, babamın, nənəmin qardaşı Vilayət babanın şəkillərini divardan alıb tozunu aldı, öpüb yerindən asdı. Evdəkilər xorla ah çəkdilər." (Qara bayram) Artıq söz deməyə ehtiyac yoxdur. Oxuyursan və bir müddət təsirindən çıxa bilmirsən. Belə şeylər yazmaq üçün ancaq və ancaq yazıçı olmalısan. Kişilər yazıçıdır da, nə istəyirsiniz?! Uğurlar!
Avanqard.net
|