Fərid Hüseyn - “Nobel” mükafatçısı Elis Munronun müsahibəsi
09.12.13
- Salam, Elis xanım. - Salam, Fərid. - Sizi “Nobel” mükafatı almağınız münasibəti ilə təbrik edirəm. - Təşəkkür edirəm. Sizdən görək. - Suala belə başlayaq, “Nobel”dən başqa hansı mükafatları almısınız? - Sizin ölkənin Milli Kitab Mükafatını almamışam. - Mükafatdan aldığınız pulları neyləyəcəksiniz? - Namizədliyimi irəli sürənlərə pul və qonaqlıq verəcəyəm ki, haqqımda tərifli məqalələr yazmasınlar. - Namizədliyinizi dost-tanış irəli sürüb ki, onlarla belə ərklə davranırsınız? - Xeyr, bu ayıb olardı. - “Facebook”da varsız? - Yox, ora laureatlar girmir. - Eşitdiyimə görə ötən il yazıçılığın daşını atdığınızı demisiniz, buna səbəb nədir? - Ədəbiyyat ölənəcən yazmaq deyil, öldürücü yazmaqdır, – zəhmət olmasa “öldürcü” sözünün mücərrədliyini nəzərə alın. - Bizim “Nobel” mükafatçılarını tanıyırsınızmı? - Bəli, azərbaycanlı “Nobel” mükafatçılarının tanıyıram. Ancaq təəssüf ki, onların – İsa Hüseynovun və rəhmətlik Yusif Səmədoğlunun əsərlərini oxumamışam. - Əkrəm Əylislinin “Kür qırağının meşələri” povestini bəyənirsiniz? - Bəyənirsiniz nədir, çox sevirəm, hətta oxuyanda gözlərim dolub. Ancaq o mənim yazıçım deyil. - Sevirsiniz, həm də sizin yazıçınız deyil, bu necə olur, lap absurddur ki? - Bir söz deyim, ancaq burdan çıxan kimi yüyürüb yazma, Əkrəmi öz içimdə sevirəm, amma mətbuatda bunu dilə gətirmərəm axı, bir bicliyin olsun də. - Nə isə... Mən belə şeylərdən təbrizlilər demiş: “baş tapmaram”. Bəs bir müsahibədə neçə dəfə “mən” sözü işlətmək olar? - Şərtilikləri nəzərə almasaq, 27 dəfə normaldır, yox əgər hamını özünün fonunda görürsənsə, 40 dəfədən çox “mən” sözündən istifadə etməyə “haqqın” var. - Sizcə, bu ayıb deyil. - Əlbəttə, yox. Ayıb ayıb bilənlər üçündür. - Bakıda olduğunuz bu bir neçə gündə bizim ədəbi mühitlə qiyabi də olsa tanış oldunuz, yeniliklər sizi qane etdimi? - Şübhəsiz ki, yenilikləriniz çoxdur. Ən çox da “öz-özünə müsahibə” janrı yaratmağınız diqqətimi çəkdi. Yazıçılarınızın cəmiyyətə sözü olanda diktafonu yandırıb, şəkil çəkdirib, sonra da kompyuter qarşısına keçib fikirlərini yazıb müsahibə şəklində oxuculara ünvanlayırlar. Bu unikal “kəşf” Amerika qitəsindəki heç bir ədəbi mühitdə yoxdur. Bakıya gəlməyimin bir əlamətdar cəhəti də yeni bir” janr”la tanış olmağım oldu. - Sizə “Kanadanın Çexovu” deyirlər, bu qiymətlə razısınızmı? - Kanadanın Çexovu olmaqdansa, rusiyalı Çexovu bir də oxumağı tərcih edərdim. Suyunun suyuna çəkilməklə təmiz olmaq olmur. Bu cür qiymətləri gərək sizin yazıçılar da qana, ancaq yaxşıdır ki, sizdə bəzən bu cür qiymətləri sonraya saxlanılmış “ələsalma” kimi istifadə edirlər. Tənqidçiləriniz də çoxu, maşallah, cinin balasını axtaranlardır... - Vaxtınızı aldıq, çox sağ olun, Elis xanım. - Mənim vaxtıma az qalıb, siz öz vaxtınızı aldız. Təşəkkür edirəm... P.S. ..ha düşünürəm yuxunun ardını yadıma sala bilmirəm... /qafqazinfo.az/
|