Akif Əli yeni kitabını təqdim etdi
06.12.13
Tanınmış yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlinin “Azman” (və ya “Sən mənim dözümümü görəcəksən...”) adlı yeni kitabı nəşr olunub. Yazıçı kitabda Babək dövründə baş verən olayların gedişinə dair öz versiyasını irəli sürüb. Yazıçının yeni kitabı eramızın IX əsrində yeni din tətbiqi adı altında Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü müstəqil Azərbaycan Xürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilib.
Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülün süzgəcindən keçirərək olayların gedişinə dair öz versiyasını irəli sürüb. Babəkin mübarizəsinə bugünkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışıb. Torpaqları hələ də düşmən işğalı altında olan ölkəmizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün bu mövzu aktualdır.
Yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf edib.
Qeyd edək ki, kitab “Renessans” nəşriyyatında çap olunub. Nəfis tərtibatda çap olunan kitabı artıq əldə etmək mümkündür. /modern.az/
|