Dünyanın ən uzun dastanı UNESCO-nun siyahısına salındı
06.12.13
UNESCO qırğızların «Manas» dastanını «bəşəriyyətin qeyri-maddi mədəni irs» siyahısına daxil edib.
Xəbəri Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.
Maraqlıdır ki, qərar UNESCO-nun dekabrın 4-də Bakıda keçirilən 8-ci dövlətlərarası iclasında qəbul olunub.
«Manas» dastanı 3 bölümdən ibarətdir. Dastan pəhləvan Manasın, onun oğlunun və nəvəsinin şücaətlərindən danışır.
Dastanda pəhləvan Manas qırğızların bir-birindən aralanmış tayfalarını bir millət altında birləşdirir.
Dastanın yaranma tarixi dəqiq bilinmir. Amma bəzi mülahizələrə görə, dastanın tarixi 840-cı ildən əvvəllərə gedib çıxır.
Bəzi alimlər dastanın əsasında real qəhrəmanların dayandığını söyləyirlər.
XV-XVIII əsrlərdə formalaşma dövrü yaşayan dastan XIX-XX əsrlərin iki qırğız nağılçısının—Saqımbay Orozbakovun (1867-1930) və Sayakbay Karalayevin (1894-1971) dilindən qələmə alınıb.
«Manas» ən uzun dastan kimi Ginnesin Rekordlar Kitabına da düşüb. Məsələ burasındadır ki, trilogiya 500 min sətirdən ibarətdir!
2014-cü ilin yazında Parisdə--UNESCO-nun mənzil-qərargahında dastana həsr olunmuş təntənəli tədbir keçiriləcək.
2013-cü ildə UNESCO-nun bu siyahısına 30 obyekt salınıb. Onların arasında monqol kalliqrafiyası və ənənəvi türk qəhvəsinin hazırlanma metodu da var. /oxuzali.az/
|