Cavanşir Yusifli - BAĞBAN, yaxud QADAĞAN İŞARƏSİ
04.12.13

Görkəmli yazıçı Mübariz Cəfərlinin bu il “Azərbaycan” jurnalının 5-ci sayında çap edilən “Bağban” romanı onun trilogiyasının sonuncu əsəridir, demək, eyni zamanda tamamlayıcı həlqə rolunu oynayır. Bundan əvvəlki iki romanı (“Bərpaçı” və “Bənna”) oxuyanlar yəqin ki, bu mətnlərdə yuvalanan bədii mətləbin usta şəkildə, həm də elə o bədii mətləbin xarakterinə uyğun açılmasının, bu arada sənətkarın bizim nəsrdə az rastlanan, bədii əsəri tam şəkildə bir ovuc içinə yığa bilən incə gedişləri unutmuş deyillər. Bu üç əsərdə nə var? – texniki baxımdan o var ki, hadisələr adi axarla, adidən adi ritmlə təsvir edilir, onların dinamikasında üst qatda gözlənilməz heç nə baş vermir, ancaq müvəqqəti olaraq. Oxucu “oyuna daxil edildikdən sonra” başa düşür ki, həmin hadisələr əsas fon olmaqla bərabər, həm də sırf təsadüfdür, bu hadisələr baş verməyə də bilərdi, əsas məsələ sənin onların təsadüfiliyinə baş qoşman və beləcə hadisələr sıxlaşdıqca, mətləbin (yaxud mətləblərin), ipəkdən süzülürmüş kimi üzə çıxması, insana bildiyi həqiqətləri başqa rakursdan görükdürməkdir. Bu romanların hər birində adı çəkilən xüsusiyyət – sənətkarlıq manerası müxtəlif doza və biçimdə meydana çıxır, ona görə oxucular bu romanları fərqləndirərkən (kimisi Bənnaya, kimisi Bərpaçıya, kimisi də ola bilər ki, Bağbana üstünlük versin) onlara bir hadisənin ayrı-ayrı halları, fərqli situasiyalarda meydana çıxa bilən görüntüləri kimi bax bilərlər. Bu üç roman Cəfərlinin yaradıcılığında əvvəllər də qeyd edildiyi kimi yeni mərhələ olsa da, əslində onun bütün əsərlərinin içindən bir narahat əsəb xətti kimi keçən axtarışlarının nəticəsidir. Ən önəmli cəhətlərdən biri odur ki, bizim çağdaş nəsr təcrübələrindən fərqli olaraq bu mətnlərdə rəngbərəng hadisə selini deyil, hadisəni tədqiq edən yazıçı düşüncəsini görürük. Bu üstündən asanlıqla keçiləsi bir xüsusiyyət, yaxud keyfiyyət deyildir. Əksər yazarlar (söhbət ard-arda yazılan romanlardan gedir) demək, yaxud göstərmək istədiyi mətləbin ətrafında o qədər fırlanır ki, sonda özü də bu cızılan dairınin içinə düşür və nə özünü, nə də əsərini xilas edə bilmir, nəticə mətn şişir, mətləbi göstərmək naminə edilən al-əlvan təsvirlərin içində boğulur, ona görə də bu irili-xırdalı nəsr mətnləri oxucuda “boğulan rəng“ hissini yaradır.
Keçək əsas mətləbə - söhbət “Bağban” romanından gedir.  Əsərdə epiqraf kimi Seyid Əzimin sözləri  seçilib – Bağ içrə gəlib, yarımı əğyar ilə gördüm. Mətndə hifz edilən düşüncə qatında əsas təkrarlanan rədif “Şirvan şikəstəsi”nin neynək... sözüzdür. Bu, əslində məqamdır, bədii əsərin poetik sistemində üç şəxsi birləşdirən, yaxud daha dəqiqi – bir nəfəri üç şəxsə bölən çox mürəkkəb və ziddiyyətli bir məqamdır. Müəllif sövq-təbii, şüuraltı duyduğu, fəhm etdiyi nəsnəni əlacı yerdən-göydən üzülən insnaın səsləndirdiyi mahnı ilə ifadə etməyə çalışır. Fəhm edilən şey – sirdir, həyatın, gerçəkliyin, yaxud bütün bunları yaradıb ərsəyə gətirən tanrının sirri. Müəllif təsvirlə hadisə, mətləblə həqiqət, mətmlə, mətndənkənar gerçəklik arasındakı elə bir hissəni seçir ki, dünyaya baxışın qurtaracağı, son nöqtəsi olsun. Bax, məhz bu son nöqtədən (sərhəd vəziyyətindən) bütün gerçəklik, bütün  hadisələr çözülür; nöqtənin, məqamın seçilməsi əsasdır, bu məqam o qədər vizual, o qədər görünən olmalıdır ki, ordan baxanda ən müxtəlif insanları, onların könül sirlərini birləşdirən duyğular əzbərdən oxunsun. Qəhrəmanlardan biri digər şəxsi gördükdə “mən səni hardasa görmüşəm, səni mən yüzdə yüz tanıyıram, ancaq...” deməsi, yaxud xəyalından keçirməsi əslində o məqamdan “görünən” sirrin açarlarından biridir.  Bu məqamda qeyd etmək lap yerinəd üşər ki, Cəfərli nəsrinə açar-mətnlər  xasdır və bu təkcə onun oxuduğu, bəhrələndiyi mənbələrlə deyil, həm də və daha çox yazıçı fəhmi ilə bağlıdır.  Yuxarıda xatırlatdığımız nöqtə və ya məqam –sirli bir düyündür (bütün görünmə effektinə baxmayaraq-!), Famili mətndə deyildiyi, yaxud xatırlandığı kimi (bəlkə də...) ruh tutub, bu məqsədlə dostu, çalışdığı biznes sahəsində müdiri Mehmanının yanına aparır. İçəri girən kimi ani olaraq o ruhları yenə görmüş kimi olur. Bu otaqdakı dettallar başqa məkanlarda, məsələn qatarda yol gedərkən bir daha təkrarlanır. Mehmanın, bu falçının (o dünya ilə bu dünya arasında elçinin) otağındakı narahat divanla bağlı vaqeə qatarda da xatırlanır.  Mehmanın uşqalıqdan tanıdığı Əbəyə bənzəməsi, qatarda yol yoldaşının Mehmana oxşaması – bu dünyada eyni günah işlədən üç şəxsin mətnin dərinliklərindən gələn oxşarlıq işarələri, yenə də həmin o nöqtədən və ya məqamdan şüalanmaqla, mətnin anlamaq mənasında açıq kitab olduğuna işarə edir.  Bu məqamda Cəfərlinin “Bağban” romanının başqa bir janr özəlliyini xatırlatmaq yerinə düşərdi. Əsərin alt janrı yuxudur, yuxunun sirli-sehrli metaforaları, ilk baxışdan anlaşılmaz, amma əslində həyat qədər müəmmalı gedişlərlə süslənib. Əbə anadangəlmə lal doğulub, qəssab oğludur, atasının yanında çalışır. Bu dünyada bir kimsəynən bir kəlmə kəsməyən bu lalın içində dəhşətli sirlər gizlənib. Danışa bilməsə də, heç kəsə müəyəssər olmayan qabiliyyətin sahibidir – başqalarının yuxsuna girir, orda gəzdikdə gəzir, ancaq seyrçi qismində. Danışa bilməyən adam yuxuda bu dünyanın alt qatdakı, insanların ürəklərindəki çirkin qatını görür və cinayət işləyir. Əbə - lallıq bədii mətn boyu fırlanan bir metaforadır, ancaq həm də ayrı-ayrı sifətlərdə peyda olan gizlinlərin üzə çıxmasıdır. Mətn şərti şəkildə bir neçə passaja bölünə, seçilib-fərqləndirilə bilər.  Bir passajdan digərinə keçid mətnin, poetik sistemin təqlin etdiyi sirri yadda saxlamağı vurğulayır, əks tqədirdə, roman oxunsa da anlaşılmayan işarələr yığını kimi bir şey olardı. Sonuncu passaj – bağ hissəsi (ən maraqlı, ən dramatik və şübhəsiz ki, mətləbin düyününün açılmağa doğru meylləndiyi hissə) xüsusi maraq oyadan dinamizmlə başlayır. Bu hissəyə biz şərti olaraq “roman içində roman” da deyə bilərik. Mətndə bir dəfə adı çəkilən, yaxud təsvir edilən hadisə son pasajda bir də xatırlanır, başqa bir biçimdə insanın qarşısına çıxır. Əbə ilə bağlı metafora (lallıq...) son hissədə cəngınlliklə bağlı məqamda önə çxır. “... O yol sənlik deyil... Aşağıda pillələr də qurtarır, qalırsan vəhşi təbiətlə, cəngəlliklə təkbətək... Bilirsən nə qədər adan yox olub orda? Nə ölüsü tapılıb, nə dirisi... Ordan geri qayıtmaq hər kəsə nəsib olmur... Qayıdanlar da lal olurlar, gördüklərini danışa bilmirlər, yaddaşlarını itirənlər də olur. Ona görə də pillələr quratarn yerdə yekə bir qadağan işarəsi qoyulub.”

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.