Qismət: "Bizim ədəbiyyatda bütləşdirmək meylləri çox güclüdür" - MÜSAHİBƏ

03.12.13

“Xatirələrimiz kimi, oxuduqlarımız da bizi həmişə öz təsiri altında saxlayır”

Qismət öz ədəbi mülahizələri, təqdimat və araşdırma yazıları, tərcümələri və şeirləri ilə yeni dövr Azərbaycan ədəbiyyatının seçilən imzalarındandır. Gizlədəsi məqam deyil ki, Qismət öz ədəbi bilikləri, savadı, mütaliəsi ilə təmsil etdiyi ədəbi nəslin daim maraqlandığı, yeri düşəndə öyrəndiyi ciddi ədəbiyyatçıdır. Vaxt-bivaxt görüşüb dünya ədəbiyyatından, ədəbi prosesdən, baxdığımız filmlərdən söhbət edir, fikirlərimizi bölüşürük. Bu dəfə qərara aldım ki, həmkarımla söhbətim daha unudulmaz olsun – müsahibə alım ondan. Məncə, söhbətimiz maraqlı da alındı – həmişəki kimi.

– Qismət, sənin əvvəlki illərdə yazdığın şeirlərdə sosial mövzular daha qabarıq idi. Buna misal olaraq, “Vitrin”, “Bakı” və s. şeirlərini misal göstərmək olar. Ancaq sonradan demək olar ki, sosial mövzularda şeirlər yazmadın. Son dövrlər sosiallığı yaradıcılığında əks etdirməməyinin əsas səbəb nədir?

– Yaradıcılığımın əvvəlki dövründə, tələbəlik vaxtı məndə bir qədər publisistik damarı tutmaq, sosial qat yaratmaq həvəsi çox idi. Sonradan bəzi müəlliflərin kitablarını oxuyandan, müəyyən dərin ədəbiyyat bilgiləri, mülahizələri əldə edəndən sonra belə qənaətə gəldim ki, ədəbiyyatın ifadə eləmək istədiyi birinci şərt hansısa sosial məqamın qabardılması deyil. Sosial mövzuları indi köşə yazarları biz yazıçı və şairlərdən daha yığcam, gözəl və birbaşa ifadə edirlər. Hansısa sosial problem əgər bir köşə yazısında aydınlaşırsa, nə ehtiyac var ki, onu ədəbi müstəviyə gətirməyə, o haqda şeir, hekayə, roman yazmağa? Bu nəticəyə gələndən sonra qərar verdim ki, sosiallıqdan yox, sosiallığı doğuran səbəblərdən yazmaq lazımdır, bu da dərin qatda baş tutmalıdır, çılğınlıq və şüarçılıq kimi olmamalıdır. Əgər sənin dediyin “Vitrin” şeirində ictimai mötiv çılğınlıqla ifadə olunurdusa, sonrakı şeirlərimdə, məsələn, “Məmurun ölümü”ndə sadə stixiya ilə çatdırılır, ancaq o zərifliyin, sadəliyin arxasında onlarla sosial səbəb tapmaq mümkündür. Zaman keçdikcə başa düşdüm ki, sosiallığı mətnin daha alt qatına, bədii-estetik ustalıqla yerləşdirmək daha yaxşıdır, nəinki açıq mənayla hansısa fikirləri oxucuya çatdırmaq. Vladimir Nabokov haqlı olaraq ictimai məzmunu belə adlandırırdı: “Şarlatanların icadı”. Çox zaman ictimai məzmunu ədəbiyyatda şərt kimi qoymaq istəyiblər. İctimai mövzu artdıqca ədəbiyyat öz bədiiliyini itirir. Ədəbiyyat sosiallığı əks etdirməyi qarşısına məqsəd qoymamalıdır, insan sosial varlıqdır, onsuz da istər-istəməz əksər mövzularda sosial qatın olması qaçılmazdır.

– Orxan Pamukun “Qara kitab” adlı romanının əvvəlində belə bir epiqraf var: “Epiqraflardan istifadə etməyin, çünki yazıdakı sirri öldürür”. Daha sonra simvolik bir obrazın adı ilə başqa bir epiqraf verir: “Belə öləcəksə, onda sən də sirri öldür...”. Bu, artıq həm özünə, həm də XIX, XX əsr dünya ədəbiyyatında xüsusilə “İncil”dən istifadə edilərək xeyli əsərlərə əlavə edilən epiqraflara bəlli bir ironiyadır. Sözümün canı nədir: nədənsə milli ədəbiyyatımızda ironiya ilə, ələsalmanı, zarafatı, lətifəni səhv salırlar. Səncə, bizdə satira, lətifə ilə ironiyanın səhv salınmasına səbəb nədir?

– Bizdə nəinki ironiyanı, çox ədəbi mətləbləri səhv salıblar. Görünür, hər şeyin yüngül, kəsə variantını tapmışıq. Bu gün köşə yazılarında, məqalələrdə və əsərlərdəki bir çox “ironiya” adı ilə sırınanların əksəri məhz o dediyimiz lağlağıdır, ələsalmadır. Çünki ironiya dünyagörüş formasıdır. Necə ki lirik forma var, sən bir şeydən təlatümlənirsən, coşursan, eləcə də ironiyanın qaynağı var. Təəssüf ki, bizdə yazarların meyxana, çayxana səviyyəsində gülməcələri və atmacaları ironiya hesab edirlər. Onların heç biri ironiya deyil, ən yaxşı halda hazırcavablıq, gəlişigözəl sözdür. İroniya çox ciddi ədəbi hazırlığı olan yazarlara xas bir əlamətdir. Sənin sualında gətirdiyin misalda yazıçı ilk cümlədən mətnə və oxucuya ironiya edir, oxucu ilə oynayır. İroniyanın bir tərəfi də etirafdır. Yəni, sən özünə gülə, kənara çəkilib özünə baxa bilmirsənsə, başqalarına gülməyin mümkün deyil. Özünlə bağlı hər hansı qüsuru, cəmiyyətinlə əlaqəli hər hansı çatışmazlığı tam etiraf edə bilmirsənsə onda ironiya da yarımçıq təsir bağışlayacaq. İroniya ilə bağlı çox maraqlı misallar var. Məsələn, Fridrix Nitsşe deyir ki: “Allah öldü”. Pelevin də yazır ki: “Öldüsə, deməli, Allah deyildi”. Yaxud, Çeslav Miloşun belə bir fikri var:

“Allah öldü”.
Nitsşe
“Nitsşe öldü”
Allah

Yəni “yolaverdi janrı”nda ironiya olmaz. İroniya bədii ədəbiyyatda ustalıq tələb edən ən əsas məsələlərdən biridir.

– Mənə elə gəlir ki, insan bir müddət sonra həm də yazdıqlarından ibarət olur. Bu günlərdə bir şeir yazırdım. Yaza-yaza Alber Kamyunun “Yad” romanındakı iti ölmüş qoca ilə əsərin baş qəhrəmanının arasındakı dialoq tez-tez yadıma düşürdü. Həmin məqamda anladım ki, insan oxuduqlarından xilas ola bilmir. Sənin şeirlərində də ədəbi qəhrəmanlar müəyyən əsərlərdəki obrazlar və hadisələrlə bağlı məqamlar olur. Sən necə, mifoloji obrazları düşünərək “gətirirsən” şeirlərinə, yoxsa?

– İntertekstuallıq odur ki, müəllif hər hansı bir mətni yazanda oxuduğu digər mətnlərlə şüuraltı olaraq əlaqəyə girir. Elə mətn yoxdur ki, özündən əvvəl yazılmış mətnlərlə hansısa qatda əlaqəyə girməsin. Belə məqamlar müəyyən həddə qədər çox normaldır. H.Bulumdun məşhur bir kitabı var: “Təsirlənmək qorxusu”. Şeir haqqında olan bu kitabda o yazır ki, Şekspirdən sonra əksər şairlər onun mövzuları böyük mənada ifadə etməsinin təsiri altında “əziliblər”. Şekspirin yaradıcılığı ətrafında “fırlanıblar”. Başqasının mövzusu ətrafında fırlanmaq yox, başqasını öz mövzuna gətirə bilmək böyük uğurdur. Xatirələrimiz kimi oxuduqlarımız da bizi həmişə öz təsiri altında saxlayır. 

– Xatirələrdən söz düşmüşkən deyim, professor Qorxmaz Quliyevlə bir dəfə qısa söhbətimiz oldu. O mənə dedi ki, heç bir yazıçıların xatirələrini və məktublarını oxumuram. Çünki mənə görə bu, başqasının həyatına burun soxmaqdır. Mənsə, bunu istəmirəm. Yadıma düşdü deyə dedim bunları. Qayıdaq yenidən oxuduqlarımızın yaradıcılığımıza olan təsiri mövzusuna.

– Öz yaradıcılığım barədə deyə bilərəm ki, bir neçə il əvvəl yazdıqlarım şeirlərdə bu hal kortəbii baş verirdi. İndi isə ya mən bunu şüurlu şəkildə edirəm, ya da özümdən asılı olmayaraq yazıb sonra soyuq ağılla baxıram ki, hansısa mifə, məşhur bədii obraza müraciət etmişəm. Yəni həm təbii, həm də rasionallıqla bu cür hallar əlaqəlidir. 

– Bizim yazarlarda belə bir düşüncə var ki, şeir redaktə olunmaz. Şeir ilkin halda necə yazılıbsa, elə də qalmalıdır, yoxsa mətnin ruhuna xələl gəlir. Bu fikrə münasibətin necədir?

– Düşünürəm ki, bütün janrda yazılan əsərlər redaktə oluna bilər. Bütün əsərlərdə hiss və qəlblə yanaşı, ağıl da iştirak etməlidir. Əks təqdirdə yazılan mətndə natamamlıq duyulur. Şeiri redaktə etməyin düzgün sayılmaması ta qədim zamanlardan olub. Bu da şairlərin seçilmiş insan olması kimi şişirdilmə fikirlərlə bağlıdır. Məsələn, deyirdilər ki, Homer kor idi, ancaq gözünü yumub şeirlər deyirdi. Yaxud da Yunus Əmrəyə fikirlər İlahi tərəfindən göndərilirdi. Şairləri öz yaradıcılığı olmayan sadəcə İlahi kəlamın ötürücüsü kimi göstərmək istəyiblər həmişə. Daim düşünüblər ki, İlahinin göndərdiyi bu sözlərə toxunmaq olmaz. Sən deyən fikirlərin qaynaqları da həmin qədim fikirlərdən əsas götürür. Mənsə bütün mətnlərin birbaşa yazılmasının, əl dəyilməməsinin tərəfdarı deyiləm. Əsərə təkrar-təkrar baxmaq, düzəliş etmək, sonra oxucuya təqdim etmək lazımdır. 

– “Oxu zalı”nda sənin müxtəlif yazıların dərc olunur. Bunların içində elə yazarlar var ki, ilk dəfə onlar haqqında mətbuatda yazılır. Bu adlar ədəbi mühitdə dövriyyəyə buraxılsa da, yenə də daha çox 80-ci illərdə populyarlaşan imzalar diqqət mərkəzindədir. Səncə, bunun səbəbi nədir?

– Bunu Azərbaycanın uzun illər qapalı ölkə olması ilə bağlayıram. 80-ci illərdə məşhurlaşan ədəbi imzalardan Markes ona görə Azərbaycanda populyar idi ki, o Rusiyaya gəlib müsahibələr vermişdi və s. ancaq məsələn, Con Bart Rusiyaya gəlmirdi deyə Azərbaycanda da onun yaradıcılığından çox az adamın xəbəri var idi. Moskva o vaxtı bir çox sahələr kimi ədəbiyyatı da idarə edirdi. İndi bizdə Folknerdən, Markesdən elə yapışıblar ki, elə bil bunlardan başqa dünyada yazıçı olmayıb. Guya onların ədəbi estetikasından başqa bütün estetikalar cəfəngiyatdır. 60-cı illərdə Amerika ədəbiyyatında məşhur olan ədəbi simaların çoxu nə öz dövründə bizim ölkəmizdə yaşayan 60-cıların, nə də bu gün bizlərin tanıdığı yazıçılardır. Xarici müəllifləri barədə təqdimat məqalələri yazanda internetdə axtarış verdim, məlum oldu ki, həmin müəlliflərin adı google-də azərbaycanca bir dəfə də olsun çəkilməyib. Bizim ədəbiyyatda bütləşdirmək meylləri çox güclüdür. Öz dövrlərində və klassik dövrünün yazarlarına bizim yazıçılar həmişə pərəstiş ediblər, bəhrələnmək, yaxşı mənada təsirlənmək halları çox az halda olub. Markesə olan təşnəli sevginin müqabilində hansı böyük ədəbiyyat nümunələrinin yaranmasından söhbət gedə bilər? Hansısa yazıçı başqa bir yazıçının əsərini sevə, maraq göstərə bilər, ancaq bütləşdirmək, heykəlləşdirmək olmaz. 2013-cü ildə ədəbiyyata 80-ci illərin pəncərəsindən baxan adamları qəbul edə bilmirəm. Bu gün dünyada yaranan ədəbiyyat klassikaya baş əyərək yaranmır. İndiki zamanın yeni dövrü ifadə edən böyük yazıçıları var, biz onlardan öyrənməliyik, onlarla ayaqlaşmalıyıq. Nə qədər getmiş qatarın arxasınca boylanmaq olar? Haçanacan dünya ədəbiyyatına yedəkdən qoşulacağıq? Artur Rembo şeir yazmaqdan imtina edəndən sonra dünyada məşhur olan bu fikri işlətmişdi: “Mütləq müasir olmalıyıq”. Bu gün bizim şüarımız istənilən təmayülü təmsil etməklə bu olmalıdır: müasir olmaq.

– Bu gün fikir verirsənsə, milli ədəbiyyatımızda miflərdən, pritçalardan kor-koranə istifadə edilir. Səncə, bu kortəbii tendensiyanın yaranmasının əsas səbəbi nədir?

–Yazdığı əsərin mahiyyətini bilməyən, sistemli mütaliəsi olmayan yazarlar kor-koranə şəkildə hansısa mifi öz əsəri ilə əlaqələndirəndə vəziyyət heç də ürəkaçan olmur. Bunun əsas səbəbi odur ki, bir çox yazarlar modernizmi və postmodernizmi fəndlər kimi dərk edirlər, dünya görüşü forması kimi yox. Halbuki bütün cərəyanlar yeni bir dünya görüşünün nəticəsidir. Miflərdən normal yararlanmaq isə çox yaxşıdır. Ən zəif halda hansı dərəcədəsə bu dünya mədəniyyəti ilə dialoqa girməkdir. Bizim ədəbiyyatımızda belə tendensiya yeni yaranmaqdadır. Ancaq bəzi həmkarlarımız zəhmətdən qaçmaq, tez şöhrət qazanmaq üçün yeri gəldi-gəlmədi miflərdən yararlanırlar. Mütaliə baxımından zəhmətkeş adamlar çox azdır, ancaq yazıb-yaratmaq sarıdan fədakarlar çoxdur. Ancaq ədəbiyyatın öyrənmək tərəfinə fədakarlıqla yanaşsalar onda başa düşərlər ki, hər mifi gətirib mətnin bətninə yerləşdirmək olmaz. Bir söz deyim, nə qədər adamların ədəbiyyata gəldiyini, sonra sakitcə yoxa çıxdıqlarını gördük? Bunun səbəbi təkcə istedadla bağlı deyildi. İstedad stəkana süzülmüş çay deyil ki, birdəfəyə içəsən bitə. Bunun səbəbi odur ki, yazmağa və oxumağa davamiyyətli sevgin olmalıdır. İstedadı həyatın ümidinə buraxmaq olmaz. Ədəbiyyatdan sakitcə gedənlər zamanla, öz həmkarları ilə, özünün ilk yazdığı mətnlə ayaqlaşa bilməyənlərdir. Aravermədən oxumaq, yazmaq çətin məsələdir. 

– Frans Kafkanın “Məhkəmə” əsərini yəqin xatırlayırsan. Qəhrəman həbs olunur, ancaq həm də azadlıqdadı. O, tutulubmu, hə, azaddırmı, bəli. Ədəbiyyatımızda qəribə bir absurd “Kafka situasiyası” görünməkdədir. Həm proses gedir, həm də sanki heç nə baş vermir. Bu haqda səninlə müxtəlif vaxtlarda ədəbi söhbətlərimiz olub. İstərdim ki, bu barədə oxucular üçün də danışaq.

– Çox əcaib ədəbi mənzərə görünür. Adamı hərdən gülmək tutur. Zahirən sanki hər şey baş verir. Kitablar çap edilir, təqdimatlar olur, beynəlxalq kitab sərgi-yarmarkalarına Bakı ev sahibliyi edir, mükafatlar verilir, müsabiqələr keçirilir və s. Ancaq nəticə deyilən şey yoxdur. Sartrın belə bir deyimi var: “MIŞ kimi eləmək”. “MIŞ kimi etmək” sindromu ədəbiyyatın hər yanına ayaq açıb: Məsələn, yazırmış kimi etmək, oxuyurmuş kimi etmək, keçirirmiş kimi etmək. Artıq kəmiyyətdən keyfiyyət məsələsinə keçmək lazımdır. Bizdə nə kitab bayramlarının nəticəsi görünür, nə mükafat almış əsər hadisəyə çevrilir. Hər şey baş verir, ancaq sanki həm də baş vermir. Bəlkə də bütün bunlar yeni eraya keçidlə bağlı problemlərdir, bilmirəm. Hər halda bu qeyri-müəyyənlik nəsə demək deyil. /kaspi.az, Fərid Hüseyn/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.