Aydln Dadaşov - Klassik komediyanın ekran yozumu
02.12.13

Mirzə Fətəli Axundovun nadanlığa qarşı yönəlməklə, yeniliklə köhnəliyi qarşılaşdırmaqla klassik dramaturgiyamızda cığır açan «Hekayəti müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni məşhur» pyesi əsasında Ədhəm Qulubəyovun ssenarisi əsasında bir il əvvəl Hüseyn Seyidzadənin quruluş verməli olduğu «Dərviş Parisi partladır»  filmi kinorejissorlar Kamil Rüstəmbəyova həvalə olunur.
29 dekabr 1975-ci ildə keçirilən «Azərbaycanfilm» kinostudiyasının Bədii şurasında Kamil Rüstəmbəyovun rejissor ssenarisi müzakirə olunarkən Fərman Kərimzadənin «Obrazlar əladır, cəsarətlə deyirəm ki, onlar Axundovun komediyasın¬da¬kılardan da üstündür» cümləsini «Qarlı  aşırımdan» başlanan dostluğun şərəfinə söylənilən sağlıq təsiri bağışlasa da,: «Rejissor ssenarisində vurğulamalar tamamilə qarışıb. Qarabağa gəlişindən gülüş hədəfinə çevrilən müsyö Jordanı hətta balaca Gülçöhrə də ələ salır. Beləliklə komediya açarı itirildiyindən əsas fikir itir» deyərək ilkin ədəbi mənbəyə qayıtmağı məsləhət görən Ədhəm Qulubəyova müqavimət göstərərək: «Əksinə düşünürəm ki, Axundovdan uzaqlaşmaq gərəkdir. Onun dialoqları primitivdir, təkrarlar və hər addımda məntiqsizlik var» (АРДЯИА.  фонд 330. 5. сахлама ващиди 863) cavabını verən quruluşçu rejissorun mövqeyi təəssüf doğurur. Beləliklə «Dərviş Parisi partladır» (filmi komediyaya minimum müdaxilə ilə diqqəti cəlb etsə də, aktyor seçimi ilə bağlı uğurlara baxmayaraq ekran əsərinin illüstrativliyi nəzərdən qaçmır.
 Düşdüyü mühitə uyğunlaşmağa səy göstərərək Şahbazı özüylə aparıb oxutmaq istəyilə əməli fəaliyyətlə, nəinki yerli xanımlarla hətta nökərlə münasibətdə  söz-söhbətinin həddini bilməklə və hətta vəcdə gələrək milli rəqsimizi ustalıqla ifa etməklə, tapdığı dərman bitkiləri ilə elm aləmini heyran qoyacağını düşünməklə ziyalı, alim surətini ustalıqla yaradan, fransızcanı təmiz bilib azərbaycan dilində də özünü səsləndirən Sergey Yurski başda olmaqla peşəkar aktyorları, Qarabağla bağlı naturanı uğurla seçib çəkilişlərə başlayan Kamil Rüstəmbəyovun səhhətindəki problemlə bağlı, tamam başqa dəsti-xəttə malik Şamil Mahmudbəyovun da işə qoşulması audiovizuallığın artmasına zəmin yaratsa da, filmin bir əldən çıxmasına mane oldu.
Hatəmxan ağaya (Adil İsgəndərov) canişinin göndərdiyi, mollaxana təhsili görmüş nökər Qəmbərin (K.Məhərrəmov) oxuya bilmədiyi bu məktubun Lermontovun Qarabağ atlarınə vəsf edən şeirini səsləndirən Rəşid bəy (Həsənağa Turabov) tərəfindən oxunması fransalı nəbatat alimi müsyö Jordanın (Sergey Yurski) gəlişindən xəbər verir.
Qarabağa eyni vaxtda gələn müsyö Jordanla dərviş Məstəli (Mirzə Babayev) şahın qarşılaşdırılmasından sonra Şəhrəbanu xanımının (Leyla Bədirbəyli) Hatəmxan ağaya Şahbazla (Ənvər Həsənov) Şərəfnisənin (Mömünat Qurbanova) toyu barədə söhbət açması ədəbi mənbənin mətnini ortaya atır. Hatəmxan ağa ilə Rəşid bəyin söhbətində müsyö Jordanın Qarabağa at almaq üçün gəldiyinin güman edilməsi dramaturji maneəyə çevrilməklə şərəfinə verilən ziyafətdə qonağın kağızdan oxuduğu cavab mətnin vida mərasimi ilə bağlılığı komizm yaradır. Məclisin gedişində müsyö Jordanın at deyil, xalça-palaz almağa gəldiyini zənn etməklə komizmi davam etdirən Şahbaz bəyin dağ yamaclarında müxtəlif çiçəklər, otlar yığan qonağın nəbatat alimi olduğunu öyrənib bu sahə ilə maraqlanması, qarabağlı gəncin Parisə təhsil almağa aparılması niyyəti  ilkin ədəbi mənbə ilə səsləşən əsas hadisəyə keçid edir. Qarabağın təbiətinə vurğun olan müsyö Jordana əmisi qızına evlənəcəyini bildirərək səfərdən boyun qaçıran Şahbaz bəyin kineskopdakı, Paris həyatının cazibəsi ilə fikrini dəyişməsi əsas hadisəni nizamlayır.
 Yeri gəlmişkən Şamil Mahmudbəyovun kinematoqrafik tapıntısı olub «Şərikli çörək» filminin sadəcə süjetini zənginləşdirən kineskop bu dəfə fabulanın inkişafında müstəsna rol oynayır. Toyun tələsdirilməsi ilə kineskopdakı Paris mənzərələrini seyr edən Şəhrəbanunun Şahbazın Firəngistana getmək istədiyini ağlaya-ağlaya söylədiyi,  sözünün sahibi olan anası Şərəfnisənin müsyö Jordanın timsalında firənglərə hiddətlənməsi  ziddiyyəti qabardır. Şəhrəbanunu dilə tutub razı salmaq istəyən Şahbazı hüzuruna çağıran Hatəmxan ağanı söhbətin üstünə çıxan müsyö Jordanın razı salması ziddiyyəti kəskinləşdirir. Bazar meydanında tas qurub, tamaşa göstərən Məstəli şahla nökərinin Şəhrəbanu xanımın göstərişi ilə Hatəmxan ağanın evinə dəvət olunması hadisələri yeniləşdirir. Hatəmxan ağanın xırda qızların əllərindən aldığı kineskop vasitəsilə Paris həyatına heyrətlənməsi bu əşyanın dramaturji statusunu davam etdirir.    Paralel olaraq Məstəli şahın bu malikanəyə gəlişi ilə Hatəmxan ağanın Şahbaza xeyir-dua verdiyi, Rəşid bəyin bacısı oğlunun nəbatatçı olacağına sevindiyi məqamda zirzəmidə dərvişin bu səfərin qarşısını almaq imkanları çözülür.
Cadu hesabına Şahbaz bəyin bədəninə cin yeritməkdənsə, əlindəki xoruzun başını kəsməklə müsyö Jordanı cəzalandırmaqdansa Şəhrəbanu xanımın yüz bacaxlı hesabına Parisin dağılmasına üstünlük verməsi fantastikanı reallaşdırır. Dərviş Məstəli şahın zirzəmidə qurduğu şəhər maketini barıtın hesabına yerlə-yeksan etməsi ilə Təbrizdəki konsulluqdan gələn məktubda Parisin doğrudan da dağıldığını, inqilab nəticəsində kralın qaçdığını öyrənən müsyö Jordanın özündən getməsi pyesə əsaslanmaqla tarixi hadisələri dramaturji struktura qoşur. Parisin dağılmasını şeytan əməli hesab etməklə Məstəli şahın xidmətini əsaslandıran müsyö Jordanın geriyə Şahbazsız qayıtması Şəhrəbanu xanımı qalibə çevirir. Hatəmxan ağanın canişinin qulluğunda həmişə hazır olduğunu bildirməsi bədii çərçivəni qapatsa da, Şəhrəbanu xanımın cadunun gücünə güvənməsi əsərin ideyası üzərinə kölgə salır. Cadugərliyin hesabına avam qadınların eyş-işrət yuvasından xilas etdiklərini düşünən avam qadınların qələbəsi əslində elmin maarifin uduzmasına çevrilməklə yaranan satirik komediyanın əsas məqsədi ictimai bəlanı önə çəkmək idi ki, mövzunu məişət müstəvisindən qaldıra bilməyən film bu işin öhdəsindən gələ bilmədi.
3 iyul 1978-ci ildə çıxan «Baku» qəzetindəki «Klassikanın müasirliyi» məqaləsində: «Filmin adı M.F.Axundovun pyesinin əsas fikrinin istiqamətini dəyişməklə sanki əyləncəyə və tamaşalılığa üstünlük veririr» yazan Gülruh Əlibəyovanın müşahidəsi dəqiqdir.
 8 iyul 1978-ci ildə çıxan «Bakı» qəzetindəki «Dərviş Parisi dağıdır» məqaləsində filmi təhlil edərək: «Filmdə pyesdə olmayan bir surətlə rastlaşırıq. Bu Rəşid bəydir, savadlı, dünyagörüşlü olduğu hiss edilir, lakin ətrafdakı durğunluq və yəqin ki, şəxsi fəaliyyətsizlik Rəşid bəyi yarı yolda qoymuş, hərəkətdən saxlamışdır. Bu rolun ifaçısı H.Turabov qəhrəmanına bir qədər ironik münasibət bəsləyərkən haqlıdır» cümlələri ilə personajı və aktyor oyununu hərtərəfli açan Araz Dadaşzadənin: Filmdə müsyö Jordanla dərviş Məstəli şah iki dəfə rastlaşır. Bir Qarabağa gələndə, bir də tələsik buranı tərk edəndə. Bunlar simvolik görüşlərdir. Bir-birini tanımayan və bir-birindən çox uzaq olan bu adamları tale özləri belə bilmədən əlaqələndirmişdir. Lakin nə nadanlıq zəminində yetişmiş fırıldaqçı Məstəli şah, nə də elm mücahidi və mehriban insan, eyni zamanda kral tərəfdarı olan müsyo Jordan Qarabağ sakinlərinə doğru yol göstərə bilməzdilər. Həqiqi yüksəliş yolunu Şahbaz bəy özü tapmalıdır» qənaəti haqlı səslənir. Ancaq nə edəsən ki, məhz pyesdə olmayıb filmə gələn Rəşid bəy Şahbazın dramaturji yükünə şərik olmaqla yaratdığı süjet də fabulanı neytrallaşdırır.
 18 iyul 1978-ci ildə çıxan «Kommunist» qəzetindəki «Dərviş parisi dağıdır»  məqaləsində: «Təəssüf ki, hadisələrin inkişafının Rəşid bəylə bağlılığında meyarın gözlənilməsi, üstəlik respublikanın əməkdar artisti H. Turabovun zərif yumorla yoğrulmuş realist, yaddaqalan, səmimi oyunu Şahbaz bəyi nisbətən kölgədə qoymuşdur. Halbuki konfliktin yaranma səbəbləri, gəncliyin amal və arzularının tərənnümü, «nadanlıq çamırlığından» çıxmaq, savada, elmə həvəs göstərmək təşəbbüsü bilavasitə Şahbaz bəylə bağlıdır» yazan  İlham Rəhimlinin də bu məqamı nəzərdən qaçırmaması məmnunluq yaradır.

A,Ə,Dadaşovun “Kinoşünaslıq” dərsliyindən B., 2008.


Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.