Paşa Əlioğlu - Hürufi şairi Süruri və onun yeni əldə edilmiş divanı

28.11.13

Süruri XV əsrin sonu – XVI əsrin əvvəllərində yaşamış hürufi şairimiz, şeirlərində Nəsimi ənənələrini davam etdirmiş, haqqında çox az məlumata malik olduğumuz, ədəbiyyat tariximizdə ancaq bir neçə şeirindən söhbət gedən sənətkarlarımızdandır. Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Süruridən Şah İsmayıl Xətai dövrünün görkəmli Azərbaycan sənətkarı, Həbibi, Şahi, Matəmi, Qasimi, Tüfeyli ilə bərabər saraydakı ədəbi məclisdə iştirak edən şair kimi bəhs etmişdir. Məlum olduğu kimi, bunlardan Tüfeyli və Süruri hürufi idilər. Alim göstərir ki, Şah İsmayıl hürufi ideyalarının sərbəst inkişafına imkan yaratmış, hürufilər, bir sıra digər təriqət şairləri Səfəvilər dövləti ətrafında birləşmiş, şiəliklə uyuşmağa çalışmışlar: «Xüsusən amansız surətlə təqib olunan hürufilik Səfəvilər dövründə nəfəs almağa imkan tapmışdı. Odur ki, hürufilər şiələrlə əlbir olaraq mübarizə aparmağı əsas məqsəd kimi irəli sürür və hürufi ideyalarını şiəliklə birləşdirməyə, uyğunlaşdırmağa cəhd edirdilər». Sürurini Nəsimi irsinin varisi, onun ideyaları uğrunda mübarizə aparan sənətkar adlandıran H.Araslı qeyd edir ki, Fəzlullahı Allah kimi tanıyan şair Xətai sarayında yaşayarkən hürufi fikirlərini yaymış, bununla bərabər, dünyəvi məhəbbət mövzusunda da qəzəllər yazmışdır. Alim Sürurini Füzuliyə və daha çox müasirlərinə təsir edə bilən şair kimi dəyərləndirmişdir. XVI əsrdə «Süruri» təxəllüslü bir neçə şair olduğundan bəzən bu şairləri bir-biri ilə qarışdırırlar. Ehtimal ki, I Sultan Səlim Təbrizi tutduqdan sonra onu da digər sənətkarlarla birgə Türkiyəyə aparmışdır. Onun Türkiyədə böyük nüfuz qazandığı, osmanlı şairlərinə təsir etdiyi, orada vəfat etdiyi göstərilir. Professor Azadə Musabəyli «Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlilinin «Firqətnamə»si» adlı kitabının «Azərbaycandan Türkiyəyə gedən sənətkarlar və onların əlyazmaları» adlı birinci fəslində ayrı-ayrı təzkirə və əlyazmalarda rast gəldiyi Süruri şeirlərini təhlil etmiş, onlardan nümunələr vermişdir. A.Musabəyli göstərir ki, osmanlı müəllifi Lətifi təzkirəsində Sultan Səlimə istinad edilən «Müənbər kakilin xurşidə salmışdır kəmənd» mətləli qəzəlin əslində Süruriyə aid olduğunu birdirir. Tədqiqatçı AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburq Universiteti kitabxanasında saxlanan əlyazmalara, İsmayıl Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» kitabında verilən şeirin mətninə əsasən əsərin Azərbaycan şeirinə məxsusluğunu təsdiq etmişdir. Qeyd etdiyimiz kimi, mənbələrdə Sürurinin təxəllüslü ədiblər bir-biri ilə qarışdırılmış, osmanlı müəllifi Sürurinin klassik şairlərdən C.Rumi, Ə.Cami, Hafiz əsərlərinə yazdığı şərhlər də divan müəllifi şairimizə aid edilmişdir. Azərbaycan şairi Süruri barədə bəzi mənbələrin qeydlərini nəzərdən keçirək. Osmanlı müəllifi Səhi bəy (?-1548) 1538-ci ildə tamamladığı «Həşt behişt» təzkirəsində şair barəsində «Sultan Səlim dövründə, şah İsmayıl vəqtində fövt oldu» yazaraq onun yaşadığı dövr barədə təxmini məlumat vermişdir. Digər osmanlı müəllifi Qəstəmonulu Lətifi (1491-1582) 1546-cı ildə tamamladığı təzkirəsində şairi «Süruriyi-Şərqi» adlandıraraq onun Sultan Səlim və Şah İsmayıl vaxtında həlak olduğunu, bəzilərinin sənətkarı rumlu (osmanlı) hesab etdiklərini göstərmişdir. Lətifi bu əsərində Sürurinin «Qönçədən gül nizə çəkdi şaha yoldaş olmağa», «Çeşmi-pürxunumda xalun əksi, ey arami-can», «Qamətüm qəmdən büküldi sünbüli-pürtab tək» misraları ilə başlanan qəzəllərinin olduğunu bildirmiş, onun «Ta müənbər kakilin xurşidə salmışdır kəmənd» mətləli qəzəlinin səhv olaraq Sultan Səlimə aid edildiyi qeyd etmiş, Sürurinin «Tək» rədifli qəzəlinə özünün yazdığı 5 beytlik nəzirəsini vermişdir.

Osmanlı müəlliflərindən Aşiq Çələbi (1520-1572) 1568-cı ildə tamamladığı «Məşairüş-şüəra» adlı təzkirəsində Sürurinin Diyari-Əcəmdən (Azərbaycan və İrandan) Osmanlı dövlətinə gəldiyini, bir sıra elmlərdən xəbərdar olduğunu bildirmiş, onun «Ta ki, sevdayi-səri-zülfün məkanıdır könül», «Çeşmi-pürxunumda xalın əksi, ey arami-can», «Səlx oldu mahi-ruzəvü göstərdi tabi-eyd» misraları ilə başlanan qəzəllərindən nümunələr vermişdir. XVI əsrdə yaşamış digər müəllif Qınalızadə Həsən Çələbi (1546-1604) 1586-cı ildə tamamladığı «Təzkirətüş-şüəra» əsərində Sürurinin Əcəm vilayətindən gəldiyini, I Sultan Səlim zamanında vəfat etdiyini, çox şeirinin olduğunu göstərir, onun «Dideyi-pürnəmdə xalın əksi, ey arami-can» misrası ilə başlanan qəzəlini xatırladır.

Görkəmli türk alimi İsmayıl Hikmət 1928-ci ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatı tarixi» kitabında Süruri barədə təzkirələrdə rast gədiyi məlumatları nəzərdən keçirərək onu XV-XVI əsrlərdə yaşamış, özünəməxsus üsluba, istedada malik qüvvətli şair, divan müəllifi kimi səciyyələndirmişdir. Alim onu Şərq ədəbiyyatının formalaşmış qəlibləri, klişeləri çərçivəsində hisslərini ifadə edə bilən, ədəbiyyata yenilik gətirən sənətkar kimi təqdim edir: «Şairin ifadəsində çox coşqun olmasa da, bir rübabilik, bir hissilik var. Klişe olan o təbirlərin, o istiarələrin içində bir könül sığışdırmağa, bir hiss gizlətməyə çalışır». İ.Hikmət Sürurinin qəzəlinə Lətifi, Şəm’i, Zati, Vəsfi, Rəvani, Məsihi, Nitqi kimi osmanlı şairləri tərəfindən yazılan nəzirələri nəzərdən keçirmiş. Süruri qəzəlinin üstünlüyünü göstərmiş, onun bir neçə şeirinin mətnini vermişdir.

İndiyə qədər təzkirələrdə, müxtəlif əlyazmalarda Sürurinin bir neçə qəzəlinə rast gəlsək də, onun divanı əldə olmadığından şairin yaradıcılığı barədə ətraflı fikir söyləmək imkanından məhrum idik. Vatikanın Apostol kitabxanasında adı «Süruriyi-Əcəm» kimi gedən sənətkarın bizim şair olduğunu ehtimal edirdik. Lakin son vaxtlara qədər həmin kitabxanadan onun divanının surətini əldə edə bilməmişdik. Heydər Əliyev fondunun yardımı və Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elimləri doktoru Fərid Ələkbərlinin vasitəçiliyi ilə axırı ki, Süruri divanının surətini əldə edə bildik. Qeyd etmək istərdik ki, Sankt-Peterburq Universitetindəki məcmuədə də şairin adı «Süruriyi-Əcəm» kimi getmişdir.

Süruri divanının surətini Vatikanın Apostol kitabxanasından əldə etdiyimiz nüsxəsini nəzərdən keçirdikdə görürük ki, 192 vərəqlik əlyazmanın 184 vərəqində şairin şeirləri köçürülmüşdür. Nüsxə rikabə-Şərq paginasiyası ilə səhifələnmişdir. Yəni hər səhifənin sonunda növbəti səhifədə yazılacaq ilk söz qeyd edilmişdir. Bu səhifələmə üsulunun qüsurlu cəhəti ondan ibarətdir ki, ortadan neçə səhifənin düşdüyünü bilmək mümkün deyil. Qeyd etdiyimiz kimi, əlimizə 184 vərəq həcmində çatan divandan naməlum sayda səhifələr düşmüş, bir sıra şeirlər natamam qalmışdır. 6 və ya 5 misradan ibarət səhifələrdən bəziləri oxunmaz hala düşmüşdür. Bəzi səhifələrin kənarında xalq təbabətinə dair müxtəlif qeydlər, əlyazmanın sonunda mətnə aid olmayan yazılar köçürülmüşdür. 931 beyti əlimizə çatmış bu divan nüsxəsində Lətifi, Qınalızadə, Aşıq Çələbi təzkirələrində, İsmayıl Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» kitabında Azərbaycan şairi Süruriyə aid edilən aşağıdakı mətləli şeirlər aşkar edildi:

Çeşmi-pürxunimdə xalın nəqşi, ey arami-can,
Miskə bənzər kim, qızıl valadə eylərlər nihan.

Ta ki, sevdayi-səri-zülfün məkanıdur könül,
Şahbazi-laməkanın aşiyanıdur könül.

Könlümü zülfinlə çək zəncirə, şeydalanmasun,
Sinəmi çak et ki, səndən özgə məvalanmasun.

Bu bir daha sübut edir ki, Vatikanın Apostol kitabxanasından surəti əldə edilmiş divan osmanlı müəlliflərinin «Süruriyi-Şərqi», «Süruriyi-Əcəm» adlandırdıqları şairimizə aiddir. Qeyd etmək istərdik ki, bu şeirlər toplusu çox böyük maraq doğurur, XV-XVI əsr ədəbiyyatımızda hürufi ideyalarının hərarətlə təbliğ edildiyini, Nəsimi ənənələrinin davam etdirildiyini sübut edir. Məlum olur ki, H.Araslı haqlı olaraq ehtimal etmişdir ki, Süruri əsərlərində hürufilik ideyalarını açıqcasına təbliğ etmiş, Fəzlullahı Allah kimi tanımışdır. Qeyd etdiyimiz kimi, Sürurinin həyatı barədə məlumamımız çox azdır. Onun divanındakı şeirlərin hürufiləri də sarayına cəlb etmiş Şah İsmayıl Xətainin yanında olarkənmi, yoxsa I Sultan Səlimin Səfəvilər üzərində qələbə çalmasından sonra Türkiyədəmi yazıldığını demək mümkün deyildir. Onu deyə bilərik ki, şairin şeirlərində hürufilik ideyaları, Nəsimi təsiri ilkin nəzərə çarpan cəhətlərdir.

Nəsimi kimi Süruri də insan surətində ilahi əlamətlərin təzahür etdiyini iddia edir:

Kainatı məst edib Qurani-natiq bilməgə,
Xətti-saqi sureyi-ümmül-kitab oldu mana.

Şair məşuqənin saçını Quran ayəsinə, qaşını «şəqqül-qəmər» möcüzəsinin şərhinə bənzədir. Hürufi sənətkar insan könlünün Allahın ən qədim  məkanı olduğunu deyir:

Kəbə istərsən könül mülkünü abad eylə kim,
Həqq-Təalanın qədimi xanədanıdır könül.

Nəsimi kimi Süruri də insanı bəşər surətli Həqq adlandırır:

Zülfü qaşü kipriyindən, ey bəşər surətli Həqq,
Kaşifi-sirri-tilismü gənci-Quran olmuşam.

Allahın insanda təzahür etdiyini deyən şair şeirlərindən birində Nəsimi kimi Fəzlullah Nəimini ilahi saydığını açıq ifadə edir:

Çünki Həqqi surəti-adəmdə gördüm zahirən,
Mən Məsihəm, qatilü Dəccali-şeytan olmuşam.

Ol Süruriyəm ki, Fəzlin bəndəsi olalidən,
On səkkiz min aləmin varına sultan olmuşam.

Süruri qəzəllərində Nəsimi ruhu, Nəsimi ədası, onun şeirlərinin ritmi özünün ifadəsini tapmışdır. Nəsimi kimi o da hürufi ideyalarını ifadə edərkən özünü, öz şəxsiyyətini ön plana çəkir:

Ol mənəm ki, kaşifi-gənci-tilismi-aləməm,
Vaqifi-sirri-kəlamullahü vəchi-adəməm…

«Küntü kənz»in gövhəri nitqimdən olmuşdur zühur,
Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm…

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,
Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.

Əminik ki, Süruri divanının yeni əldə edilmiş Vatikanın Apostol kitabxanası nüsxəsinin araşdırılması XVI əsr ədəbiyyat tariximizin, həmin dövrdə inkişaf edən hürrufi poeziyasının öyrənilməsində mühüm əhəmiyyətə malik olacaqdır.

Süruri divanından bir neçə şeiri oxucuların diqqətinə çatdırırıq.

Taci-şahi şöleyi-şəm’i-ilahidir mana,

Şöleyi-şəm’i-ilahi tari-şahidir mana.

Nurdan ləlin əliflər kim çəkilmiş ta əbəd,
Başda valayi-nişan padşahidir mana.

Ol əliflər kim, büruci-aləmi-əla təki,
Hər biri bir höccətül-qaim güvahidir mana.

Xatəmi-ali-əba başında rəngi alilə,
Xətmi-ayatü səfidivü siyahidir mana.

Zahiri şəhri-nübüvvətdir, vilayət batini,
Ey Süruri, zahirü batin kəmahidir mana.

***

Dün sürahi qülqülündən bir xitab oldu mana
Kim, səfadən mey şəfəq, cam aftab oldu mana.

Öylə mövc urdu bu gün bəhri-mühiti badə tək,
Gözlərimdən kim, fələk şəkli hübab oldu mana.

Könlümdən ol qədr qıldım çəkidə xuni-dil,
Kim səfa ayinəsi safi şərab oldu mana.

Bakdığıyçün xakə saqi mey tökülməkdən müdam,
Virdi-can «ya leytəni, küntü turab» oldu mana.

Kainatı məst edib Qurani-natiq bilməgə,
Xətti-saqi sureyi-ümmül-kitab oldu mana.

Zahida, məhbubi-mey fikrin xətadir sanma kim
Kim, sana o kim xəta oldu, səvab oldu mana.

Ey Süruri, dərdə həmdərd ol ki, vəsli-yarda,
Qismət etsək qəmzəvü nazü itab oldu mana.

* * *

Ah, sənsiz cəhan gülzarı zindandır mana,
Şaxi-gül tiri-bəlavü qönçə peykandır mana.

Öylə giryanəm fərağindən ki, əbri-novbahar,
Bunca yüz min çeşmi-giryam ilə heyrandır mana.

Yerdə şəbnəm, göydə əncüm sanma, ey gül xirməni
Kim, zəninü asiman hicrində giryandır mana.

Kəsmişəm sümmi-səmənd nəqşini sinəmdə kəmər.
Tiri-barani-bəla gəldikcə qalxandır mana.

Ləblərindən öylə mötad olmuşam qan yutmağa
Kim, əgər abi-həyat içsəm, dəxi qandır mana.

Sağəri-məstanədir yayi-mühiti-asiman,
Mey həyatü çeşmeyi-xurşidi-tabandır mana.

Ey Süruri, olmasa ol Yusifi-gülpirəhən,
Ku, çəmən, cənnət, gülüstan bəndi-zindandır mana.

 
***

Ahü vaveyla ki, ol məh mehriban olmaz mana,
Canımı alur mənim, arami-can olmaz mana.

Müddəti-ömrüm dükəndi, guşeyi-viranədir,
Daxi mənzil bir gecə, ol asitan olmaz mana.

Şöleyi-ahimlə min gəz yandı bəxtim kövkəbi
Kim, qəzadən bir nəfəs hərgiz aman olmaz mana.

Rövşən olmaz şöleyi-daği-dərunim, dustlar,
Ey könül, ta şəm tək oddan ziyan olmaz mana.

Ey Süruri, dövləti-divanəlikdəndir bu kim,
Qəndə baxtım, ol pəri şəkli nihan olmaz mana.


* * *

Xəyalati-ləlinlə içmişəm şərab,
Məsaleh eşit kim, nələrdir mana.

Sürahi əlifdir, qədəh tazə dağ.
Meyi-nab xuni-cigərdir mana.

Ləbindən cüda, ey Məsihanəfəs,
Dirilmək ölməkdən betərdir mana.

Giryədir ki, hübbü nəbat üzrədir,
Dəhanın ki, təngi-şəkərdir mana.

Saçın «fəthi inna fətəhna ləkə»,
Qaşın şərhi-şəqqül-qəməndir mana.

 Şüruri, kəlamullah natiqin.
Cəmalı imam-ülbəşərdir mana.

 

* * *

Çeşmi-rüxunimdə xalın əksi, ey arami-can,
Məskənə bənzər ki, qızıl valadə eylərlər nihan.

Oxların olmasa, sinəmdə qərar tutmaz könül,
Mürği-vəhşidir, tikansız yerdə tutmaz aşiyan.

Qamətin sərvin görüb divanə olmuşdur məgər
Kim, dəmadəm, kəndu-kəndudən gedər abi-rəvan.

Bəxt nafərmanü sən namehribanü dil əsir,
Bilməzəm, yarəb, nə tədbir eyləyim mən natəvan.

Ey Süruri, öylə baş çəkdi dərunim şöləsin
Kim, əgər ah eyləsəm yanar zəminü asiman.


* * *

Ta ki, sevdayi-səri-zülfün makanıdır könül,
Şahbazi-laməkanın aşiyanıdır könül.

Ənbərəfşan sünbülün şərhində, ey İsanəfəs,
Kaşifü gənci-kitabü asimanıdır könül.

Elmül-əsma hüsnün, müshəfində oxuyub.
Cameyi-məcmuə səb’ül-məsanidir könül.

Kəbə istərsən könül mülkünü məmur eylə kim,
Həqq-Təalanın qədimi xanədandır könül.

Ey Süruri, türrəsi məkrindən ol məhparənin,
Şahbazi-laməkanın aşiyanıdır könül.

 * * *

Mən ki, qaşın yayına peyvəstə qurban olmuşam,
Möcüzi-şəqqülqəmərdən ərşi-rəhman olmuşam.

Can dirildən ənbərəfşan sünbülün sevdasına,
Əhli-cənnət surətində xətti-reyhan olmuşam.
 
Vəsfi-rüxsarında, ey Həqqin kəlami-natiqi,
Məhfi-eşqəm, bəyani-sirri-sübhan olmuşam.

Atəşi inni ənəllahı yüzündə görməgə,
Vadiyi-eyməndə mən Musayi-İmran olmuşam.

Zülfi-qaşü kirpiyindən, ey bəşər surətli Həqq,
Kaşifi-sirri-tilismi gənci-Quran olmuşam.

Çünki Həqqi surəti-adəmdə gördüm zahirən,
Mən Məsihəm, qatilü Dəccali-şeytan olmuşam.

Ol Süruriyəm ki, Fəzlin bəndəsi olalidən,
On səkkiz min aləmin varına sultan olmuşam.

* * *

Ol mənəm ki, kaşifi-gənci-tilismi-aləməm,
Vaqifi-sirri-kəlamullahü vəchi-adəməm.

Cümlə əsmanın müsəmması mənəm bir vəchlə
Kim rüxü adəmdə məktub olan ismi-əzəməm.

Dəmbədəm nəfx eylərəm kuyində ənfasi-əzəl
Kim Məsiha tək dəmi-ruhüləminə həmdəməm.

«Küntü-kənz»in gövhəri nitqimdən olmuşdur zühur,
Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm.

Həqq-Təala tək cəmalın surəti-adəmdə mən,
Can gözilə görmüşəm kim, şadmanəm, xürrəməm.

Sərbəsər əşyanı vəchullaha təslim etməgə,
Həm Süleymanəm, həm əngüştündə anın xatəməm.

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,
Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.
 

* * *

Xızra sordum dəhənin cür’əsinin qimətini,
Dedi bir qətrəsi min çeşmeyi-heyvanə dəgər.

Qəddinin nazlə rəftarı qiyamətlər idi,
Ləbin lütfilə bir gülməgi min canə dəgər.

Qanlu müdganıma xunabeyi-əşkim bulaşur,
Mövci-dərya kimi kim, pənceyi-mərcanə dəgər.

Ey Süruri, mey içib bəndeyi-şah ol ki, müdam,
Bəzmi-Cəm səltənəti bir dolu peymanə dəgər.
 

* * *

Çün aqibət bu daireyi-sərnigun keçər,
Xoş dəmdir ol ki, ba qədəhi-laləgim keçər.

Fövt etmə fürsəti, meyi-məstanə nuş qıl,
Eyş ilə qafil olma ki, dünyayi-dun keçər.

Şahəm bu gün cəhanə deyü qürrə olma kim,
Dövrün içində ancə bulər kimi gün keçər.

Ərz etmə, zahida, bizə təzvir zərqini,
Nuş et, Süruri, badeyi-gülgun müdam keçər.
 

* * *

Ləli-meygumində qan rəngi ki, hər dəm tazədir,
Fitnədən qəmzən oyətmişdir, xumarın yazədir.

Dövri-rüxsarında müşkəfşan saçından hər yana,
Müshəfi-hüsnün cəmalə ənbərin şirazədir.

Ta dəhanından dəm urdu, qönçə ağzın açmadı,
Mucibü xabü ədəm guya ki, bu xəmyazədir.

Sorx çərx şəfiq sanma ki, xuni-aşiqan.
Dəhr zalinə cəhan məşşatəsindən ğazədir.

Yaxşı qaçan asılmaqdan çəkər Mənsur olan,
Kim ənəlhəq der, nə dari-fənadır, vazədir.

Ey xoş ol dərviş kim, sultani-aləm xəlqini,
Qamətinə çərx ətləs olsa biəndazədir.

Əvvəlü axır budur kuyinə kim, irfan üçün,
Katibi-qüdrət gəhi kafü gəhi nun yazədir.

Gəl Süruridən bu Həqq nitqi eşit kim, kainat
Nəfxeyi-ruhül-qüdsdən cümlə bir avazədir.

 
* * *

Zülfünün küfrilə hər kim əhdi-peyman ayləməz,
Ta əbəd kafər qalır, sevdayi-iman eyləməz.

Gözlərin sevdayi-zülfünlə nola qan ağlıya,
Kimsə bəxti-siyəh aləmdə xəndan eyləməz.

 Didə ağzın sirrini dildən anınçün mən’ edər
Kim, cəvahir mədənin divanə pünhan eyləməz.

Dil yıxıb can aldı məndən qəmzeyi-məstin sənin,
Dustum, düşmən dəxi bu rəsmə talan eyləməz.
 
Müddəti yolunda can verməz dirilmiş aşiqə,
Dini olan kişi nahəq pirə böhtan eyləməz.

Ya ki, mehr eylər deyü laf etmişəm lütf ilə kim,
Parə görcək yar olan yarım yalan eyləməz.

Ey Süruri, ol sənəmdən əhdü peyman istəmə
Kim, pəridir, adəmilə əhdü peyman eyləməz.

/modern.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.