Bertold Brext - Dodaqlarıma başqa dodaq toxunmayacaq
27.11.13
Görkəmli şair, dramaturq, teatr nəzəriyyəçisi Bertold Brext 1898-ci ilin 10 fevralında Almaniyada anadan olub. 1918-ci ildə hərbi xidmətə çağırıldığı üçün Münhendəki təhsilini yarımçıq qoyub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini yenidən davam etdirib. Yaradıcılığa lirik şeirlərlə başlayan Bertold Brextin iki mindən çox şeiri var. Hətta ölümündən qısa bir müddət öncə iyirmiyə yaxın şeir yazıb. Yaradıcılığının əsas mövzusu müharibədir. “Üç qəpiklik opera”, “Kuraj ana və uşaqları” kimi əsərlər onun ədəbi şöhrətini daha da artırıb. 1920-ci illərdən başlayaraq mətbuatda teatr haqqında məqalələri ilə çıxış edən Brext 30-cu illərdə artıq öz teatr nəzəriyyəsini yaratmışdı. 1933-cü ildə “Tədbir” adlı pyesi üzərinə qadağa qoyulur və vətənə xəyanət ittihamı ilə məhkəməyə verilir. Brext ailəsi və dostları ilə birlikdə Berlini tərk etmək məcburiyyətində qalır. 1935-ci ildə nasistlər onu vətəndaşlıqdan çıxarırlar. O, yalnız 1948-ci ildə vətəninə qayıda bilir. Bertold Brext 1956-cı ildə ürək tutmasından dünyasını dəyişir.
Səni gözləyəcəm Gedənin bir də gəlmədiyi qanlı, murdar müharibəyə getmək istəyirsən? Get, əsgər! Əgər qayıtsan, burda olacam. Yaşıl ağacların, çılpaq ağacların altında gözləyəcəm. Ən son əsgər qayıdanacan gözləyəcəm səni. Sən qayıdanda qapıda özgə ayaqqabı görməyəcəksən. Yanımdakı yastıq həmişə boş olacaq, dodaqlarıma başqa dodaq toxunmayacaq. Sən qayıdanda deyəcəksən: “Hər şey qoyduğum kimi qalıb, hər şey!” Teleqraf telləri Döyüş meydanına axşam düşəndə, Düşmənlər məğlub olmuşdular. Xəbəri uzaqlara daşıdı teleqraf telləri. Dünyanın bir tərəfi için-için yandı, Səs-küy parçalandı göy qübbədə, Bir qışqırtı – dəli ağızlardan daşan və göyü aşan... Min dodaq bəddua ilə soldu, Min yumruq vəhşi hirslə sıxıldı. Dünyanın bir başqa tərəfində, Sevinc parçalandı göy qübbədə. Böyük bir sevinc, əyləncə, nəfəsdərmə, rahatlıq... Min dodaq köhnə bir duanı söylədi, Min əl inancla birləşdi. Gecə yarısı, Teleqraf telləri sayırdı döyüş meydanındakı ölüləri. Bu zaman dost da susdu, düşmən də. Təkcə analar ağladı hər iki tərəfdə. Divardakı yazı “Müharibə istəyirəm!” – Ən birinci bunu yazan vuruldu. Qardaşım təyyarəçiydi Təyyarəçiydi qardaşım. Gözəl bir gündə əmr gəldi, çantasını hazırladı, yollandı cənuba. Fatehdi qardaşım. Yaşamağa yerimiz yoxuydu, torpaqlar ələ keçirtmək idi ən böyük xəyalımız. İndi qardaşımın fəth etdiyi yer Guadarrama dağlarında; boyu bir səksən, dərinliyi bir əlli metr. Sərnişin İllər öncə avtomobil sürməyi öyrənərkən təlimatçım siqaret çəkdirərdi mənə. Tıxacda, ya da iti döngələrdə sönsə siqaretim, sükanı alardı əlimdən. Lətifələr danışardı, bütün diqqətim avtomobil sürməkdə olanda, gülməyəndə lətifələrə sükanı alardı əlimdən. Tez-tez “nəsə narahatam” deyər, qorxudardı məni. O vaxtdan işimə çox da aludə olmuram. Ətrafımdakılarla maraqlanıram, Kiminləsə danışmaq üçün fasilə verirəm işimə. Bir siqaret çəkə bilməyəcək qədər sürətli avtomobil sürməkdən də imtina etmişəm. Sərnişini düşünürəm artıq. Müharibə Bu müharibə birinci deyil, Çox müharibələr oldu bundan öncə. Sonuncu müharibənin qurtardığı gün bir tərəfdə məğlublar, bir tərəfdə qaliblər vardı. Məğlubların yanında xalq acından ölürdü, Qaliblərin yanında xalq acından ölürdü. Səhər-axşam oxumaq üçün “Sənsiz yaşaya bilmərəm”, deyir sevdiyim. Məhz buna görə özümə qayğı göstərirəm. Küçədə qarşıma diqqətlə baxıram və hər yağış damlasından sanki məni öldürəcək kimi qorxuram. Suallar Nə geyindiyini yaz mənə! İsti saxlayırmı? Necə yatdığını yaz mənə! Çarpayın yumşaqmı? Necə göründüyünü yaz mənə! Hələ də həminkisənmi? Nə üçün darıxdığını yaz mənə! Əllərim üçünmü? Necə olduğunu yaz mənə! Rahatsanmı? Sənə neylədiklərini yaz mənə! Cəsarətin çatarmı? Neylədiyini yaz mənə! Etdiklərin yaxşı şeylərdimi? Nə düşündüyünü yaz mənə! Mənimi? Mən yalnız suallar verə bilərəm sənə, Məcburam cavablarını qəbul etməyə. Yorğunsan, əllərimi sənə uzada bilmirəm. Acsan, məndə də yeməyə heç nə yox. Elə bil heç yaşamamışam, yoxam! Sanki səni unutmuşam. Təsirləndiyin hər şeyə Təsirləndiyin hər şeyə az diqqət et. Sənsiz yaşamayacağını demişdi axı. Unutma, bir gün yenidən rastlaşsanız tanıyacaq səni, mütləq tanıyacaq... Mənə bir yaxşılıq et: bu qədər sevmə. Sonuncu dəfə sevildiyimdə Azca da sevinc hiss etməmişdim.
Tərcümə etdi: Ramil Əhməd /525.az/
|