Yazıçılar Birliyində “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib
27.11.13
Azərbaycan Yazıçılar Birliyində “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: “Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir”. Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: “Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq”. “Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: “Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır”. “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: “Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın”. Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər. /APA/
|