Xalq şairi Fikrət Qocanın həyat yoldaşı danışır
20.11.13

– Raya xanım, ilk öncə müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Mümkünsə ilk öncə özünüz haqda danışın.

–Hər ikimiz Ağdaş rayonunda,  ziyalı ailəsində dünyaya göz açmışıq. Təbii ki Fikrət məndən çox-çox qabaq dünyaya gəlib (gülür). Orta məktəbi də Ağdaşda bitirmişəm. Əvvəllər istəyirdim ki Tibb Universitetində təhsil alım, amma sonra müəyyən səbəblərdən fikrimi dəyişdim... Sənədlərimi Pedaqoji Universitetə verdim, universiteti bitirdikdən sonra işləmədim. Amma uşaqlar orta məktəbdə oxuyandan, yaxın keçmişə qədər işləmişəm. İxtisasca kimyaçı bioloqam... Ailə quranda mənim iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. İki qızımız dünyaya gəldi : Günay və Gülay.

–Şekspirin belə bir sözü var- insan sevmirsə yaşamır. Raya xanım sizin üçün həyat nə vaxt başladı?

– Ailələrimiz arasında dostluq əlaqələri var idi. Amma Universitetə qəbul olunmazdan əvvəl mən Fikrət müəllimi görməmişdim. Tanışlığımız, ailə həyatımız bir təsadüfdən doğub. Əvvəl dost olmuşuq, sonra  dostluq münasibətlərimiz öz məcrasından çıxdı. Fikrətə qarşı dərin hörmətləri olsa  da, aramızdakı böyük yaş fərqinə görə valideyinlərim bu evliliyə qarşı çıxırdı. Zaman keçdikcə aydın oldu ki, mən yanlış seçim etməmişəm. Mən ikinci kursda olanda nişanlandıq, universiteti bitirəndən sonra ailə qurduq. Nişanlı olduğumuz illərdən yadımda qalan ən gözəl xatirələrdən biri görkəmli bəstəkarımız Ramiz Mirişlinin evinə getməyimiz olub.

–Həyatınızın ən çətin anlarını nə vaxt yaşamısınız?

– Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda anlaşılmazlıqlar  olub, çünki əvvəllər mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım, cavan idim. Aramızda olan yaş fərqinin müsbət cəhəti onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla qarşılayırdı. Amma bu kiçik mübahisələri çətinlik adlandırmaq olmaz. Mənim həyatda tək çətinliyim Fikrətin keçirdiyi xəstəliklər olub. Hər xəstəliyi digərindən bir az daha ağır gəlirdi. Birinci dəfə mədəsindən (yazvadan) çox əziyyət çəkdi. Sonra Fikrət Afrikaya getmişdi, sərhədi keçəndə hər kəsə dərman veriblər. Fikrət öz dərmanını bir qadına verib ki, mənə heç nə olası deyil, səfərdən qayıdandan sonra qızdırması oldu, elə bir xəstəliyə tutuldu ki, heç kim nə olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə tutulub. Üçüncü dəfə xərçəng xəstəliyinə tutuldu. Həkimə getdik, həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən üzüldü. Amma ölüm fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi ilə, Moskvaya əməliyyata getdi. Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma əməliyyatın mənfi cəhəti onda idi ki , səs tellərinə toxundular. Fikrətin elə gözəl səsi var idi ki, heç kim ondan sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki, o xəstəlikdən də qurtula bildik. Ay qızım, əmin ola bilərsiz ki, Allahdan başqa heç kim, insana ömür biçə bilməz. Allah var, mərhəməti də var...

–Raya xanım, yazdığı şeirlərin ilk oxucusu sizsiniz?

–Fikrət ailəsinə bağlı, qayğıkeş bir atadır. Gündüzlər işdə olur, gecələr yazmaqla məşğul olur. Şeirlərinin ilk oxucusu mən olmuşam. Mənə yazdığı şeirləri elə  təmtəraqla təqdim etmə adəti yoxdu. Mən ədəbiyyatçı deyiləm, amma bir oxucu kimi şeir haqqında olan fikirlərimi deyirəm. Qızım, bilirsiz necədi, bir – birimizi nə qədər tanısaq da ayrı- ayrı ailələrdə böyümüş iki insan idik. Zamanla bir- birimizə uyğunlaşdıq. Məndən tez-tez soruşurlar ki,  Fikrət əməliyyat olub, bəs yaxşı sənin səsin niyə batıb? Fikrət müəllimin tez-tez işlətdiyi yaxşı bir söz var, atı-atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar.. Odur ki, Fikrətin yanında qala-qala mənim də səsim batıb (gülür).

–Bir oxucu kimi deyə bilərik ki, Fikrət Qoca olduqca güclü qələm ustasıdır. Onun oxucular arasında bu qədər sevilməsinə paxıllıq edənlər olubmu?

–Bilirsiz, qızım, zaman dəyişir amma insanların xudbinliyi, nankorluğu, qəsdi dəyişmir. Sanki əvvəllər baş vermiş hadisələr yenidən  dövr edir. Yəni Fikrət Qocanın yaradıcılığının əvvəllərində ona qarşı olan haqsız hərəkətlər , ömrünün ahıl vaxtlarında da təkrarlanır, amma müxtəlif insanlar tərəfindən. Fikrət ümumiyyətlə, dosta sadiq bir insandır. Dost dediyi insanlarla yalnız söz xatirinə deyil, əsl dost, həmdəm olur. Dost dedikləri onun ayağının altını qazır, maneə olmağa çalışır. Bu cür hadisələri görəndə insanlara qarşı olan inam da azalır...

–Peşəniz üzrə müəllimə işləmisiniz, yoxsa başqa bir sahədə çalışmısınız?

–Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim dövrlərdə, məqalələr, hekayələr də yazmışam. Amma insanın peşəsi həmişə onu özünə çəkir. Bir az işlədikdən sonra müəllimlik məni özünə cəlb etməyə başladı. İşə müəllim kimi  başlamaq imkanım olsa da, laborant olmağı seçdim. Müəllimlik asan peşə deyil, ilk dərsin həyəcanını azaltmaq, uşaqlarla davranışı qavramaq üçün təcrübə keçmək qərarına gəlmişdim. Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata yönləndirirdim, bədii əsər oxumağa maraq oyadırdım. Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik.

–Əsl xoşbəxtlik sizin üçün nədi: Fikrət Qoca ilə ailə qurmaq, yoxsa ana olmaq?

–Ailə quranda çox həyəcanlı, çox xoşbəxt idim. Mən heç xəyalıma da gətirməmişəm ki, Fikrətdən başqa kiminləsə ailə qura bilərdim. Özümü onsuz təsəvvür edə bilmirəm. Amma balalarım dünyaya gələndə, tamam başqa hisslər yaşamışam. Ay qızım, o qədər xoşbəxt idim ki, həyəcandan neyləyəcəyimi bilmirdim. Əli Kərimin yaşadığı binada, bizə ev verdilər. Qızım Günel də elə o evdə dünyaya gəlmişdi. Çox qayğıkeş ata idi. Evimizin əşyaları az idi, rəngli televizor təzə çıxanda, Fikrət dedi ki, qiyməti neçəyə olur olsun, ondan uşaqlara almalıyam.

–Ailənizdə Fikrət Qocanın yolunu davam edən varmı?

–Kiçik qızımız Gülayın ədəbiyyata marağı çox böyük idi. Uşaq vaxtı yazdıqlarını  böyük maraq və həvəslə oxuyardı. Bir gün atası ona dedi ki, qızım sən şeir yazmırsan, yazmayacaqsan. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı. İnam böyük qüvvədi, əgər  inansaydı ki, yazacaq, yaza bilərdi. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük maraq göstərir. Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə alım, çap etdirməsəm də bir tərəfdə qalsın. Fikrət də bu fikrin tərəfdarıdır.

–Sonda oxucularımıza nə demək istərdiniz?

– Bir – birimizə güzəştə getmişik, hər xırda məsələni böyütməmişik deyə gözəl və mənalı ömür sürmüşük. Təkrarolunmaz xatirələrimiz var. Nə mənim, nə Fikrətin dünya malında gözümüz olmayıb. Allahdan tək arzum odur ki, bizi yetim qoymasın. Mən olmasam Fikrət kimsəsiz qalar, Fikrət olmasa mən. Həyatda olan bütün hərəkətlərin hamısı vərdişdir. Yazıçı, şair gördüyünü, eşitdiyini qələmə alır. Rəssam təbiəti çəkir. Fikrətlə mən də bir- birimizə adət etmişik, bərabər yaşamağa öyrənmişik. Biz də daxil olmaqla, bütün xalqımıza can sağlığı, sağlam ömür arzu edirəm. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.