Kənan Hacı: "Ədəbiyyatı heç bir vəchlə şoulaşdırmaq olmaz" - MÜSAHİBƏ
19.11.13

Yazıçı Kənan Hacının müsahibəsi


-Salam, Kənan müəllim. Necəsiniz?

- Salam. Yaxşıyam, çox sağ olun.

-Özünüzü necə hiss edirsiniz?


- Özümü bir yazıçı olaraq, formada hiss edirəm.

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Demək olar ki, hər gün yazıram. Çoxdan yazdığım bir nəsr əsəri vardı, bu yaxınlarda həmin əsəri bir daha nəzərdən keçirdim və düşündüm ki, onu yenidən yazmaq lazımdır, üzərində işlədim, artıq tamamlamışam. "Rəqqasə” adlı bir romandır. Əsəri "Qanun” nəşriyyatına təqdim etmişəm. Görək nə olur. Yeni yazdığım şeirlər, hekayələr var, bunları da gələcəkdə toplayıb, ayrıca bir kitab halına salmaq fikrim var.

-Yeni romanlar gözlənilirmi?

- Hazırda şərti adı "Fironun dəftəri” olan bir roman üzərində işləyirəm. Əsər cəmiyyətdən təcrid olunmuş, psixoloji cəhətdən qüsurlu, insanlarla ünsiyyətdən qaçan bir adamın faciəsindən bəhs edir. Yazdıqca, çoxlu qeydlər aparıram, mövzuyla bağlı ədəbiyyat oxuyuram. Mən bir az hövsələsiz adamam, amma yazı prosesində hövsələsizlik yazıçının ziyanına işləyir. Özümə söz vermişəm ki, tələsməyəcəyəm. Bu roman ola bilsin ki, gələn ilin ortalarına qədər tamamlansın, bir qədər çox çəkməsi də mümkündür. Çünki əsaslı şəkildə işləməliyəm, əsər bitəndən sonra müəllif redaktəsi də uzun bir prosesdir.

-Yeri gəlmişkən, ilk yazdığınız roman necə adlanıb və neçənci illərə təsadüf edib?

- İlk irihəcmli əsərim "Çəhrayı qan” romanıdır. Bu əsəri 2006-cı ildə yazmağa başladım və müəyyən səbəblər üzündən yarımçıq qaldı. Üçillik fasilədən sonra ardını yazıb tamamladım. Amma sonradan gördüm ki, romanın ilkin varıantında xeyli qüsurlar var, həmin qüsurları əsər çap olunandan sonra Mirmehdi Ağaoğlu və Cavid Zeynallı da yazılarında qeyd etmişdilər. Məhz həmin əsəri yenidən işləməli oldum və həmkarlarımın haqlı olaraq qeyd etdikləri qüsurları aradan qaldırmağa çalışdım. Ortaya tamam fərlqi bir əsər olan "Rəqqasə” çıxdı. Yeri gəlmişkən, dostum Cəlil Cavanşirə də minnətdaram, o məni inandırdı ki, bu əsərin daha uğurlu versiyasını da yazmaq olar. İndi nə qədər uğurlu alınıb-alınmadığını bilmirəm. Məncə, yeni variant daha bitkindir və bir daha bu əsərə qayıtmayacağımı düşünürəm.

-Bu roman nədən bəhs edib?

-Roman talesiz bir qadının həyatından bəhs edir. O, cəbhədə də döyüşür, rəqqasəlik də, fahişəlik də edir. Əslində, bir qızın taleyi fonunda cəmiyyətin qadına münasibətini, cəmiyyət və qadın problemlərini qabartmağa çalışmışam.

-Yazıçılıqla nə zamandan məşğulsunuz?

-Mən gözümü açandan evimizdə kitablar görmüşəm, anam dil-ədəbiyyat müəlliməsiydi. Ədəbiyyata sevgim ondan gəlir. Uşaqlıqdan şeirlər yazmağa başlamışam, sonra özümdən hadisələr quraşdırıb yazırdım və zaman keçdikcə hiss etdim ki, bu, qaçılmaz bir ehtiyacdır. Amma özümün ciddi hesab etdiyim hekayələrimi 2000-ci ilin əvvəllərində yazdım. Həmin hekayələr "Quşlar üçün karusel” kitabında çap olunub.

-Bu istedadı özünüzdə nə vaxt aşkarladınız?

-İnsan yaşamaq üçün hər gün yemək yeməlidir. Bir gün hiss etdim ki, yazmayanda özümü çox pis hiss edirəm və o vaxtdan bu qismətlə barışdım. Belə bir hissi özümdə aşkarladım, amma bilmirəm bu, istedaddı, ya nə…

-Özünüzü tanınmış yazıçı zənn edirsiniz?

-Ədəbi mühitdə kifayət qədər tanınıram, amma son vaxtlar hiss edirəm ki, xeyli oxucularım var. Yazılarıma, kitablarıma maraq əvvəlki illərə nisbətən xeyli artıb. Bunu kitab təqdimatlarında, sosial şəbəkələrdə daha çox hiss edirəm. Tanımadığım xeyli sayda adamlar mənə yazılarımla, kitablarımla bağlı məktublar yazırlar. Bu da təbii ki, məni çox sevindirir.

-Dünya yazıçılarından kimi oxuyursunuz?

-Dünya ədəbiyyatının ünlü yazıçılarının böyük əksəriyyətini oxumuşam. Remarkı, Stefan Sveyqi, Selinceri, Heminqueyi, Andrey Platonovu daha çox sevirəm. Mopassanın, Çexovun, Andre Moruanın hekayələrini oxumaqdan böyük zövq alıram. Bu yaxınlarda Joze Saramaqonun "İsanın İncili” romanını oxudum və bu yazıçını özüm üçün kəşf etdim.

-Bəs yerli yazıçılardan kimi oxuyursunuz?

-Azər Abdullanı, Orxan Fikrətoğlunu, Şərif Ağayarı, Qan Turalını, Mirmehdi Ağaoğlunu, Seymur Baycanı, Cəlil Cavanşiri və s yazıçıları.

-Sizə ilham verən nədir? Ümumiyyətlə, ilham pəriniz varmı?


-İlham pərisi daha çox şeir yazanda karıma gəlir. Amma istəyirəm ki, həmişə yanımda olsun.

-Axırıncı dəfə oxuduğunuz kitab hansı olub?

-Norveç yazıçısı Per Pettersonun "Atları oğurlamaq vaxtıdır” romanını bu günlərdə oxuyub bitirdim.

-Sizcə, yaxşı yazıçı olmaq asandırmı?

-Olduqca çətindir. Yaxşı yazıçı olmaq üçün əvvəlcə yaxşı oxucu olmaq, bu sənətin qara fəhləliyini etmək gərəkdir. Sakit, rahat həyatdan vaz keçməyi bacarmaq lazımdır. Bütün bunlara hazırsansa, buyur, gəl.

-Kitab yarmarkaları özünü doğruldurmu? İştirak edənlərin sayı az, yaxud gələnlərin sayı kifayət gədər çoxdur? Ümumiyyətlə, belə yarmarkaları ziyarət edirsinizmi?

-Kitab yarmarkaları Azərbaycan yazıçısına xeyli oxucu qazandırdı. Hesab etmirəm ki, gələnlərin sayı az olur. Hər həftə "Qanun” nəşriyyatı güzəştli kitab yarmarkaları keçirir, artıq daimi oxucular yetişib və gənclərin kitaba marağı hiss olunacaq qədər artıb. 6-7 il əvvəllə müqayisədə xeyli irəliləyişlər müşahidə olunur. Bu, çox böyük işdir. Mən imkanım və vaxtım müsaid etdiyi təqdirdə kitab yarmarkalarında iştirak edirəm. Amma bununla belə hesab edirəm ki, kitaba daha böyük diqqət və qayğı olmalıdır. Çünki kitab cəmiyyətin inkişafını şərtləndirən başlıca vasitədir.

-Azərbaycan Yazıçılar Birliyinin üzvusünüzmü? Əgər "yox”, olmaq istərdinizmi?


-Mən Yazıçılar Birliyinin üzvü olmuşam və 2010-cu ildə özüm üzvlükdən istefa vermişəm və bunun da bir sıra səbəbləri olub. İndi bu mövzuya qayıtmaq istəmirəm.

-Sizcə, yazıçının siyasi mövqeyi olmalıdırmı?

-Yazıçı öz mövqeyini əsərləri vasitəsilə bildirir. Yazıçıdan siyasi mövqe tələb etmək bolşevik üsuludur.

-Yaxşı roman yazıb ortaya çıxarmaq üçün yazıçıya nə gədər vaxt kifayət edər?

-O vaxtı hər bir yazıçı öz yazı laboratoriyasında müəyyənləşdirir. Bu, həm də yazıçının peşəkarlığından, yazdığı mövzuya bələd olub-olmamasından asılıdır. Elə əsər var ki, tez hasilə gəlir, elə əsər də ola bilir ki, onu yazıb bitirmək üçün illər lazım gəlir. Əsər yazılmazdan əvvəl yazıçının beynində yetişməlidir, yazıçı romanın konturlarını beynində dəqiqliklə müəyyənləşdirməlidir ki, sonradan yazı prosesində özünü dolaşığa salmasın.

-Kənan müəllim, bizim gənclər niyə kitab oxumaq istəmir? Niyə maariflənib inkişaf etməkdən qorxurlar?

-İndiki gənclər bir qədər komfort həyat tərzinə önəm verirlər, kitabdan daha çox interneti münasib hesab edirlər. Yanlış olaraq elə düşünürlər ki, hər şeyi internetdən öyrənmək olar, belə olduğu halda niyə kitab oxusunlar ki?.. Amma bu, çox səhv bir yanaşmadır. Kitabla ünsiyyət daha artıq faydalıdır, gənclərə kitabı sevdirmək lazımdır. Gənclərin əksəriyyəti sağlam mühitdən kənarda yetişir və buna görə hətta kitab oxuyanlara istehza ilə yanaşırlar. Amma sağlam ruhlu, mütərəqqi fikirli gənclik də yetişir və bu, bizi bir qədər ümidləndirir. Ümumiyyətlə götürdükdə isə, gənclərin kitaba münasibətini yaxşı mənada dəyişmək üçün xeyli iş görülməlidir.

-Sizcə, köşə yazarı peşəkar yazıçı ola bilərmi?


-İndi Azərbaycanda yerindən duran köşə yazısı yazır. Mən 9 illik jurnalistlik fəaliyyətimdən sonra köşə yazmışam. Buna qədər isə yüzlərlə reportaj, araşdırma yazıları yazmışam. Köşə yazısını o adam yazmalıdır ki, onun fikri ictimai rəyə təsir edə bilsin. Bir neçə tip köşə yazarları var: didaktik tərzdə yazan, tənqid yazan, bir də şayiə, maqazin tipli yazılar yazan köşə yazarları. Köşə yazarı o halda özünü təsdiqləmiş olur ki, onun sabit oxucu kontingenti olur. Məsələn, Türkiyədə köşə yazan çox məşhur imzalar var: Yılmaz Özdil, Ərtoğrul Özkök, Serdar Turqut və sair. Bu yazarları nəinki Türkiyədə, hətta Azərbaycanda da oxuyurlar. Köşə yazarının yazıçı olması üçün onun potensialı və özünün istəyi olmalıdır. O ki qaldı gənc yazıçıların tənqidi sevməməsinə, təbii ki, heç kəs öz ayranına turş deməz. Amma bir məsələ də var ki, indi tənqid yazıçı yetişdirmək iqtidarında deyil, ona görə yazıçı özü özünü yetişdirmək məcburiyyətindədir.

-Gənc yazıçılar niyə tənqidi sevmir? Bəlkə özlərindəki nöqsan və qüsurları görmək istəmirlər? Kənan müəllim, bu vaxta kimi hansısa gənc yazıçını tənqid edib iradınızı bildirmisinizmi? Yaxud, hər hansı birini həvəsləndirib ürək-dirək verərək dəstək olmusunuzmu?

-Tənqid etdiyim yazarlar da olub, həvəsləndirib ürək-dirək verdiyim gənclər də. İndi də fürsətdən istifadə edib yeni yazmağa başlayan gənclərə demək istəyirəm ki, yazmaqdan və zəhmətdən qorxmasınlar, nəticəsi mütləq yaxşı olacaq. Bir də yazmaqdan daha çox mütaliə etsinlər.

-Yazıçını tanınmış edən nədir – qalmaqal imzası, ya ətrafında gəzən dedi-qodular?


-Yazıçı qalmaqalla məşhur olacaqsa, demək, o, yazıçı deyil. Yazıçını əsəri tanıtmalıdır. Qalmaqal və ədəbiyyat bir-birindən yerlə göy qədər uzaq anlayışlardır. Mən bunu dəfələrlə demişəm. Ədəbiyyatı heç bir vəchlə şoulaşdırmaq olmaz. Qalmaqalla qazandığın məşhurluğun ömrü heç beş gün çəkmir. Ədəbiyyatda qalmaq istəyirsənsə, yaxşı əsər yazmalısan.

-Oxucularınızla tez tez ünsiyyətdə olursunuz? Onların fikirlərini öyrənmək sizin üçün nə dərəcədə maraqlıdır?

-Oxucu fikri mənim üçün həmişə maraqlı olub. Mən bəzən oxucunun ayağına getməkdən belə çəkinməmişəm. Elə oxucular olur ki, zəng vurub kitablarımı istəyirlər, yazılarımı oxuyanlar öz fikirlərini bildirirlər. Oxucuyla ünsiyyət yazıçıya stimul verir.

-Kitabxanalar, kitab dükanları və kitab evləri demək olar ki, çox vaxt insan üzü görmür. O mədəniyyət ocaqlarını ziyarət edən yoxdur. Bu dəhşətdir, hətta deyərdim ki, fəlakətdir – kitabların sayı çox, oxucuların sayı az. Bu, nədən irəli gəlir? Niyə biz o məkanları ziyarət etməkdən imtina edirik?

-Məncə, sualınıza bundan əvvəl qismən cavab verdim.

-Kitab çap etdirməklə məşhur olmaq olarmı?

-Olar.

-Uğurlarınıza görə kimə borclusunuz?

- Anama və müəllimlərimə.

-Sizcə, əvəzsiz insan varmı? Əgər varsa, sizin üçün əvəzi olmayan o insan kimdir?

- Heç bir insan başqa bir insanı əvəz edə bilməz. İnsan üçün əvəzi olmayan onun valideynləri ola bilər. Həyatımızda hər bir insanın öz yeri var, o yeri başqaları doldura bilməz.

-Xatirələr nə gədər şirindirsə, bir o gədər də acıdır. Bəs, Kənan müəllim, sizin gəlbinizdə, yaddaşınızda keçmiş xatirələriniz hansı yeri tutur?


- Xatirələr bizim keçmişimizdir. Amma mən xatirələrlə yaşamağı sevmirəm. Son vaxtlar uşaqlığımı tez-tez xatırlayıram və valideynlərim üçün darıxıram. Xatirələr yazıçı üçün yaxşı materaldır, bu materialdan peşəkar yazıçı yaxşı əsər çıxara bilər, naşı yazıçı isə bu xatirələrə toxunmasa yaxşıdır, toxunarsa, o xatirələr xatirə olmaqdan çıxıb əcaib bir şəklə düşəcək.

-Həyatınızda yaşanan ən mühüm anları, ən önəmli hadisələri qaytarmaq istərdinizmi?


- Keçmişi qaytarmaq mümkün deyil axı.

-7-ci hissiniz güclüdürmü?

- O qədər də yox.

-Gənc yazıçılara ünvanlanmış ürək sözlərinizi eşitmək xoş olardı...

- Bu yolu seçiblərsə, sözə heç vaxt xəyanət etməsinlər. Zəhmətdən və mütaliədən heç vaxt yorulmasınlar. /starxeber.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.