Şair Taleh Həmidlə müsahibə
18.11.13
- Taleh bəy, şairlik nədir, əzab, yoxsa Allahın lütfü? - Bu sual məni həmişə düşündürüb. İndi də düşündürür. Çox güman ki, bundan sonra da onun ətrafında düşünməli olacağam. Həmişə mən özüm də özümə “şairlik nədir?” sualını vermişəm, ona cavab axtarmışam. Amma əksər vaxtlarda cavabın özündən sual doğub. Şairlik mənim üçün əzab deyil, isti, mehriban duyğuların qoynunda dinclik tapdığım anlardır. Hər dəfə könlüm qubarlanıb, hissim, duyğum, qəlbim şeirlə köklənəndə özümü dünyanın ən ülvi, ən saf, ən xoşbəxt adamı hesab eləmişəm. Çünki zərif və ülvi duyğular haqqında düşünmüşəm. Sözə tapınıb, onun qüdrətinə arxalanmışam. Mən bir insan kimi incə qəlbli, zərif insanları sevirəm. «Qalın» insanlarla rastlaşanda ürəyimdən bircə təsəlli keçib ki, sənə baxanda, mən əsl insanam. Çünki mən kövrək duyğularla yaşamağı bacarıram. Dünyasını vaxtsız dəyişən şair qardaşım Malik Həmidin ”Bağışla məni” kitabına ön sözü də elə mən özüm yazmışam. Orada belə bir fikir var: “Yaradan hər bir insanın taleyinə bir yazı yazır. Əgər ikinci bir yazı yazırsa, onun adı şairlik və şeirdir”. Bu günlərdə “Nə yaxşı şair yarandım” adlı bir şeir yazmışam. Orada misralar var: Arzu eləmədim büllur sarayı, Kimsənin yığdığı sona qalmayıb. Şairlik Tanrının vergisi, payı, Şairlər sevgidən şair olmayıb. Məncə, şairlik Tanrının insana verdiyi qismətdir, paydır. Tanrı payı isə əzab yox, sevinc, sevgi, ülviyyət payıdır. - Zaman-zaman hamımız həyatdan qopuruq, bura gəldiyimizə görə peşmanlayırıq. Sizdə necə, belə hallar olurmu? - Həyatın bir fəlsəfəsi var. İnsan həyata gəldiyi gündən getməyə doğru bir yol başlayır. Bu da təbiidir. Başlanan yolun əvvəli, sonu var. Fikrimcə, bizim dünyaya gəlişimiz bizim üçün yaşamaqdan daha çox borcdur. Biz o borcu qaytarmaq barədə fikirləşməliyik. Onu verməyə gəlirik. Bu borcun cavabı o qədər geniş anlamdadır ki, onu bir-iki sözlə ifadə etmək, şübhəsiz ki, çətindir. Həyatımın təəssüf dolu, acılı günləri çox olub. Amma heç vaxt dünyaya gəlməyimin peşmançılığını yaşamamışam. Ömür sadəcə bir yuxudur - Doğrudanmı gənclik ömrün gözəl anlarıdır? - Həmişə fikirləşmişəm ki, insan ömrü fəsillərdən ibarətdir. Yazı, yayı, payızı, qışı var. Gəncliyi ömrün baharı adlandıranlar səhv eləmirlər. Bir yerdə ki, güllər, çiçəklər açır, şair dostum demişkən, çiçəklər arının iş yerinə çevrilir, belə bir fəsli sevməmək mümkünmü? Amma təbiətin də, həyatın da öz qanunları var. Bahardan sonra payız gəlir. Biz birinə seviniriksə, o birini də sevinclə qarşılayıb yaşamağı bacarmalıyıq. - Ömrün ahıl çağları necədir? - Ləzzətdir. Yaşanan gündən, açılan səhərdən, düşən axşamlardan adam gənclik illərində olduğundan daha çox dad, ləzzət alır. Elə bil ömrün qiymətini başa düşürsən. Gənclik illərində bizə elə gəlir ki, başladığımız yol hələ çox-çox uzaq gedəcək. Amma ömür sadəcə bir yuxudur, onun illəri, günləri elə tez ötür ki, bir də görürsən ki, dayanacaqdan dayanacağa, vaqondan vaqona keçib, tamam başqa bir səmtə yaxınlaşmısan. Bunun üçün də ahıl çağların qədir-qiyməti adama hərdən çox qəribə və şirin gəlir. 60-illiyimdə «Yaş altımışdır» adlı bir şeir yazmışdım: Susmaz oldu eşqim, dilim, Canım oldu doğma elim, Əlini saçıma çəkdi sevgilim, Dedi, şair, qocalmaq da bir alqışdı, Sən sevin ki, yaş altmışdı… Əlli yaşımı ağrılar, acılar içində, xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm ömrün ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm. Biz arzularla yaşayırıq, amma müəyən qanunauyğunluqlar da var. Əgər övlad toyu edib nəvə görmək istəyiriksə, biz bunu ancaq ahıllıqda yaşaya bilirik. Ona görə də ömrün bütün mərhələlərinin qədir-qiyməti insan üçün əziz olur. Taleh Həmidin adına verilmiş xoşbəxtlik İtdiyi üçün etibarsız sayılır… - Hər kəs bir işə başlayanda özü haqqında xəyallar qurur. Yəqin ki, siz də bu anları yaşamısınız. Hansı arzularınız vardı? - Belə məqamlar adətən ömrün uşaqlıq, gənclik illərində olur. Romantika, romantik duyğular ancaq gəncliklə dostluq edir. Biz onda, yəni o əlçatmaz gənclik illərində hansı arzular, hansı xəyallarla yaşamırıq?! İllər keçir, ömür dolanır, görürük ki, talenin də insan üçün öz dürlü-dürlü töhfələri olur. Xəyal uçan quşdur, arzu isə gələcəkdir. Təəssüflər olsun ki, biz o uzaqlıqdan baxanda gələcəyi hələ dəqiq müəyyənləşdirib, görə bilmirik. O, necə gəlir, necə olacaq? Bunu kim bilir? Cavanlıqda arzularım çox idi. Müəyyən bir qisminə yetişdim, əksər hissəsinə isə nə əlim çatdı, nə ünüm yetdi. Məncə, heç kəsə arzuladığını vermirlər, istədiklərini verirlər. O da verilə, ya verilməyə… - Böyük arzularınızdan hansı gerçəkləşməmiş qaldı? - Çoxusu. Qızım Sevinc 12 yaşında dünyasını dəyişəndə, onu kəndimizdəki qəbiristanlığa tapşırıb dəhşətli xəyallar, ağrılar içərisində geri qayıdırdım. Birdən dönüb arxaya baxdım. Bir anlıq mənə elə gəldi ki, orada təkcə övladımı yox, həm də ən böyük arzularımı dəfn edib qayıdıram. Onda bir şeir yazmışdım: Unutdum ömrün uzaq qatarında xoşbəxtliyimi, İtirdim tələbəlik illərində İtirdiyim çantam kimi. İndi qaldıqca Uzaq-uzaq qütblər arasında mən Təcili bir elan vermək Keçir ürəyimdən. Ağrılar var – sinəmboyu yayılır, Taleh Həmidin adına verilmiş xoşbəxtlik İtdiyi üçün etibarsız sayılır… Xoşbəxtlik bir andır. Hələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər də yoxdur. /axar.az/
|