Hüseyn Cavidin “Peyğəmbər” əsəri İranda Azərbaycan və fars dillərində nəşr oluub
13.11.13
AzərTAc-ın Tehran nümayəndəliyinin himayədarlığı ilə dünya şöhrətli şair-dramaturq Hüseyn Cavidin “Peyğəmbər” əsəri İranda ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində və farsca nəşr olunmuşdur.
Tədqiqatçı Əkbər Əliyarın tərcümə etdiyi kitab Qum şəhərində fəaliyyət göstərən “Avayi -münci” nəşriyyatında çapdan çıxmışdır. Tərcüməçinin Azərbaycan və fars dillərini mükəmməl bilməsi, zəngin dünyagörüşü, Azərbaycan ədəbiyyatına sonsuz marağı Hüseyn Cavidin fikir və düşüncələrinin farsdilli oxucuya bütün incəliyi ilə çatdırılmasına imkan vermişdir.
Nəfis tərtibatda nəşr edilmiş 302 səhifəlik kitabda tərcüməçinin “Peyğəmbər” əsəri barədə fikir və düşüncələri də yer almışdır. Bu əsərə müraciət etməsinin səbəblərini açıqlayan Əkbər Əliyarın yazır ki, Hüseyn Cavid dünya ədəbi mühitində təkrarolunmaz simadır, nadir yaradıcılıq üslubuna malik şairdir. Hüseyn Cavid yaradıcılığı ilə bağlı aparılan elmi tədqiqatların mühüm məqamları, şairin həyatının maraqlı anlarını əks etdirən nadir fotolar kitaba əlavə rəng qatmışdır.
Qeyd edək ki, “Peyğəmbər” böyük şairimizin fars dilinə tərcümə edilib kitab şəkilində nəşr olunan ilk əsəridir.
|