Mübariz Örən (Rəfiyev) - Dörd ayın gəlini
12.11.13

Göyqurşağı

Hekayə
 

 
Onun qayıdışı, daha doğrusu, qəfil peydası neçə vaxtdı kənddə hökm sürən toy ovqatına əlavə coşqu qatmışdı; - kənd çox balaca idi, - adamlar əl-ayaq eləyib toy evinə tələsmişdi - maraqdan gözlərdə işıq. Səhərin aydın səması gözəl gün vəd etsə də, qonaqların gəlhagəl vaxtı başlayan şıdırğı yay yağışı işlərinə iş qatmışdı; əlavə çadırlar çəkilir, qab-qacağın üstünü tələsik örtürdülər...

O, həyətin ayağında, daldasında toy samovarları tüstülənən çardağın altında dayanıb ətrafda baş verənlərə yad kimi baxırdı. Sifətindəki sakitlik elə sakitlikdi, sanki məğlub ordunun əsgəridi, - aqibətiylə barışmış. - öz doğma həyətlərinə əsir tutub gətiriblər. İçərisində tüğyan edən təzadlı, anlaşılmaz hisslər bir birini əvəzləyir, bir-birini qovur; ümid... qüssə... fərəh... qəhər... içində eşşəkbeli oynayır. Onu tanıyanlar, - cavanlar onun ancaq adını eşidib. - ilk öncə bunu kəşf edirlər öz-özlərində: “boy balacalanıb, qamət itib, əvvəlki sıx, şəvə saçlardan əsər-əlamət yox...”. İyirmi ildi kənddən çıxdığı. Söz vermişdi qayıtmasın bir də! Tab gətirməmişdi. Hər şey elə sürətlə baş vermişdi ki...

“O mütləq burdadı, - gözü tüstülənən  samovarda, fikri toy mağarında ... - indi kənddədi, deyirlər. Əri öləndən sonra kəndə köçüb. Aradan neçə il keçib gör. Yəqin o da qocalıb indi. Quruyub, ərik ağacı kimi, - dodağına yüngülcə təbəssüm qondu; niyə məhz ərik ağacı? - bəxti qara gəldi yazığın. Dördcə ayın gəlini oldu. Amma, necə qayğısız vaxtları vardı...”.

Yan-yörəsində hərlənən kənd uşaqlarının çoxunu tanıyır, daha doğrusu, oxşadır; kim hansı tayfadandı, kim kimin vələdidi. Ətrafda hər daş-divar, çal-çəpər ona  doğmadı. Çaylaq daşından tikilmiş köhnə evləri necə də balaca imiş, halbuki, müdam yaddaşında ən iri, əzəmətli ev kimi qalıb. Nəsə çatmır həyətdə... Nə?! Üzü təzək “dekor”lu  pəyələrinin talvarı yenə saman təpili... Bir az aralıda səliqə ilə kəsilib qalaqlanmış gərmə tayası sanki iyirmi ildi necə var durub. Axşamdan söndürülmüş küllükdən qalxan zəif tüstünün acı qoxusu yağışdan islanmış torpağın təzə, yumşaq ətrinə qarışır. Üzünü mamır basmış uçuq daş barının oyuğunda yağışdan daldalanan sərçə, acıq verirmiş kimi, ona quyruq eləyir...

Gözü tüstülənən samovarda, fikri toy mağarında... Çalışır baxmasın ora...
Ərik ağacı qocalıb əməlli; - əriyin ömrü az olur yəqin. - bir vaxtlar pıtraq kimi gətirən ağacın üstündə meyvələr indi adda-budda. Hər gecə yuxusuna girib bu ağac. Üstü  ağ-appaq, dop-dolu, titrək, yumşaq çiçəkli, - təzə yığılıb qalaqlanmış pambıq topası kimi. Sonra görürdü, ərik ağacı deyil bu, Nərgizdi - yüngül, mavi donda, boynunda çəhrayı ləçək, başında qırmızı, sarı, mor... çiçəklərdən çələng... Bir də alt evlərini görürdü; divarları suvaqsız, torpaq döşəməli, rütubət qoxulu... Guya anası iri ləyəndə çimizdirir onu, amma, nə illah eləyir, anasının üzünü  görmür. Baş-gözü sabunlu yaş, sürüşkən torpaq döşəmədə nəsə gəzir əlləri...

Anası yadına gəlmir heç; hər cəhdində ildırım sürətiylə nəsə keçir  beynindən- işıqlı, səssiz. Amma, atası yadındadı, - yekəydi atası öləndə. İndiki mağarın yerində qoca bir tut ağacları vardı, - bayaqdan deyir axı, nəsə çatmır həyətdə. Tut ağacı! - onun altındakı taxtda uzatmışdılar atasını. Ağacda közərən  lampanın sarımtıl işığı düşürdü xəstə atasının solğun sifətinə... Belə də qalmışdı yaddaşında atası - közərən lampanın sarımtıl işığında solğun bir sifət və həkimin dediyi tək söz: “keçinib”.

... Ona elə gəldi ki, bibisi onu soyuq qarşıladı. Əl uzadıb: “xoş gəlmisən.” -dedi, vəssalam. Kişi kimi. Haqqı da vardı; bibisi saxlamışdı oları- qardaşını və onu. Ərə də getməmişdi heç. Tünd göyə çalan saya donunu taxta bədəninə taxıb, - belə qalmışdı bibisi yaddaşında.- kişi kimi durmuşdu arxalarında. Bəs o nə etdi əvəzində?  Bu haqda fikirləşdikcə qəhərdən boğazı tutuldu, sinəsi sürətlə qalxıb enməyə başladı...
Gözü tüstülənən toy samovarında, fikri mağarda... Bilmirdin tüstüdü gözünü deşən, yoxsa...

Çalğıçılar nahara çıxdığından mağar boşalmışdı. Ortada uşaqlar oynaşırdı. Bir də o idi. Tək. Aramsız boşalıb dolan gözlərini bir nöqtəyə dikib oturmuşdu. Dən düşmüş saçları çiyinlərinə dağılmışdı. Solğun sifətinə süzülən göz yaşlarını silməyə əlləri qalxmırdı... Bəli, bu o idi. Nərgiz! ”Göyqurşağı”...

... Mayın ortaları yalın güney döşü onsuz da çiçəkli olur. O il isə təbiət elə bil dəli olmuşdu. Buludlu, sərin apreldən sonra  yuxulu, mürgülü torpağın bulud yorğanını üstündən dartıb salan günəş  çiçəklərin qönçə burnundan öpmüşdü. Bu təmasdan və yüngül mehin təsirindən rəşələnən çiçəklər bir-birinin qulağına nə pıçıldamışdılarsa, hamısı birdən açmışdı. Kəpənəklər fərəhdən özlərini itirmişdi. Əl-ələ verən ləçəklər sısqa bulaqların qabağını kəsirdi...

Yer, göy çiçək idi...

Nərgiz atasının doğulduğu bu balaca kəndə hər yay gəlirdi. Qonşu olurdular. Aralarında qarğıdan seyrək çəpər vardı. Yemlik, quşəppəyi yığıb  gətirirdi ona, - cod, qaba əlləriylə ağappaq, yumşaq şəhərli qızına. Uğunub gedirdi qız. Çiçəkdən çələng hörüb gətirirdi... Yüngül, mavi donda yadında qalmışdı o. Boynunda çəhrayı ləçək, başında qırmızı, sarı, mor... çiçəklərdən çələng. Göy qurşağına oxşadırdı Nərgizi. Özünə də deyirdi: ”Göyqurşağı”. Uğunub gedirdi qız...

O il isə tez gəlmişdi. Mayda. Dəyişmişdi Nərgiz. On yeddi yaşın yeli necə vurmuşdusa, bir ilin içində böyümüşdü qız; dərəli, təpəli olmuşdu.

Atası təzə rəhmətə getmişdi. Kədərdən gözləri yüngülcə sürməli. ”Göyqurşağı”ndan əsər-əlamət qalmamışdı. Sanki küsülüydü kənddən; atasını almışdı kənd...

- Siftə  atasının üstünə getsin qoy! - Amiranə tərzdə buyurdu nənəsi. - Özü də piyada! Kəndin içiynən. - Qoymadı maşına oturmağa. Kənd çox balaca idi. Üstünü böyürtkən kolu basmış çitəmə çəpərin dibiylə sürünən dar cığır onları kəhrizin üstünə çıxaracaqdı. Yaxşı tanıyırdı bu cığırı; belinə  boş sənək götürüb fərəhdən tullana-tullana çox qoşulmuşdu suya gedən kənd qızlarına. İndisə-duyğusuz, hissiyyatsız. Key. Getdikcə, kənd arvadları  kölgə kimi qoşulurdu olara, - sakit, tutqun. - yaylığını götürən qaçırdı. Kəhrizin üstü də arvadla dolu. Burdan  qəbirəstanlıq əl içi kimi görünür - özünü saxlaya bilmədi nənəsi: ” Nə yatmısan, -dedi. -ay bala, balan gəlib, Nərgiz gəlib, dur çıx qabağına...”.

Yox! Bircə bunu istəmirdi. İstəmirdi ağlasınlar atasını. İnanmırdı atasının ölməyinə. İstəmirdi ona yazıqları gəlsin. Atası ölməyib. Sağdı. Onlardan ayrılıb qaçmağa başladı. Üzü aşağı. Çaylağa tərəf. Atasına tərəf. Ayaqqabılarını soyunub bir az da möhkəm qaçdı. Sanki indicə atasının qucağına tullanacaqdı, boynunu qucaqlayacaqdı. Hönkürə-hönkürə...

... Mayın ortaları yalın güney döşü onsuz da çiçəkli olur. O il isə təbiət elə bil dəli olmuşdu; yer-göy çiçək idi... Yuxarı - dağlara qalxan adamlar burdan etinasız keçə bilmirdi, dayanıb çiçəklərə baş əyirdi, çiçəkdən çələng hörürdü, yaxalarına, saçlarına çiçək taxırdı, bir-birinə çiçək uzadırdılar. Çiçəklər azalmırdı, əksinə aşıb-daşırdı. Bir-birlərini ilk dəfə görən insanlar bir-birlərinə gülümsəyirdi, bir-birlərini yadda saxlayırdı...
Çələng hörmək istəyirdi Nərgizə. Qabaqkı kimi. Ancaq fikrini dəyişdi; yaslıydı Nərgiz. Ürəyini açmalıydı amma, - vaxt yox idi. - sabah əskər gedirdi. Çiçəklər elə-belə çox deyildi bu il. Ona köməyə gəlmişdilər - ürəyini Nərgizə açsın...

Ürək formasında çitədi dağdağan budaqlarını, - adam boyda, - məftilləyib bərkitdi. Üstünü rəngbərəng çiçəklərlə bəzəməyə başladı. Göy qurşağı kimi: əvvəl qırmızı çiçəklərlə getdi bir cərgə, sonra mavi, mor, sarı, yaşıl... Çiçəklər azalmırdı, əksinə, aşıb-daşırdı. Böyük bir ürək kəsmişdin sanki göy qurşağından. Necə aparacaqdı onu kəndə. Hamı görəcəkdi. Kənd çox balaca idi. Tay-tuşları lağa qoyacaqdı onu. Elə böyüklər də; belə işdə hamısı bir ağıldaydı. Cəhənnəmə, qoy hamı bilsin. Nərgiz də bilsin, - onu sevdiyini. Qaranlıqda aparıb çəpərlərinə qoyar. Vaxt yox idi. Əskər gedirdi sabah.

... - Sən niyə belə etdin? - göyərmiş dodaqları  titrəyirdi Nərgizin. - hamı gördü. Babam da gördü...

-Sabah əsgər gedirəm...

-Cəhənnəmə get...

-İstiyirdim biləsən...

-Zəhləm gedir sizdən... Vəhşilər! - Çiçəkləri yolub tökmək istədi. Əli gəlmədi. Hikkəsindən əllərini çəpərə döyəclədi.

-Gözdüyəssən məni? Atanın goruna and ver...

-Elə deməyin atam haqda. İt uşaqları. Ölməyib atam. Əl çəkin atamnan...

-Niyə helə dedin? Mənim də atam ölüb. Anam da ölüb...

-Bağışda... - Sifətindəki sərtlik əridi bir anda. - Bilmədim... - çiçəklərə çəkdi əllərini; onun köynəyinin yaxasını səhmanlayırdı sanki, saçlarını sığallayırdı... Başını qaldırıb ona baxdı. Sürəkli. Sanki, ilk dəfəydi görürdü onu; - qayış bədənli,  qara oğlanı. - qətiyyətli,  israrlı...

Xeyli belə qaldılar...

-Gözdüyəssən? -Soyuq tərzdə soruşdu yenə.

-Elə burda? Çəpərin dibində? - uğunub getdi Nərgiz. Əvvəlki kimi. ”Göyqurşağı” kimi...

...Əsgərlikdən kəndə qayıtmadı.

Nərgizi qaçırmışdılar...

Qalıb şəhərdə işlədi. Vaxt necə keçdi, bilmədi. Ayıldı ki, yaş qırxdı. Bibisi, qardaşı çox sifariş göndərmişdilər ki, gəlsin, gül kimi qızlar var kənddə, birini vursun qoltuğuna aparsın. Yox. Söz vermişdi, - kəndə qayıtmayacaq!

Qardaşı oğlunun toyu idi indi. Getmək istəmirdi. Ürəyi partlayırdı amma. Dedi, gedib aralıdan kəndə baxıb qayıdar. Elə də elədi. Obaşdan qatardan düşüb piyada kəndə sarı getdi. Bağnan, bağatnan; istəmirdi kimsə görsün gəldiyini. Çox uzaq deyildi kənd. Yalın o üzüylə qalxıb ən hündür dikə çıxdı və...

...doğan günəşin şəfəqlərinə boyanmış doğma kəndləri, allah!..

Yalın güney döşü yenə teyxa çiçək... Hündür qovaqların  arxasında qalan evlərinin gümüşü damı... Özündə yaşılın min çalarını əks etdirən çəkilli, qarelləli, dağdağanlı... bağları, oradan ta  çaylağa qədər uzanan, rəddləri, ləkləri sanki xəttkeşlə çəkili bostan... Çəkilləri təzəcə budanmış toxmaçar nizami ordutək qarşısında müntəzir...
Əslində o özü müntəzir idi.

Çaylağın üstü- durduğu dikin döşü isə qəbirəstanlıq idi. Yuxarıdan əl içi kimi görünürdü qəbirəstanlıq. Gözləri qoşa məzarı axtardı. Təxmini təyin elədi yerini. Ürəyi... fikri... hissi... başı... bədəni... ayaqları... yal aşağı tökülməyə başladı... Hönkürə-hönkürə...

Atasının məzarına sərildi əvvəl... Sonra anasının ...

Kəhrizin üstündən əl içi kimi görünürdü qəbirəstanlıq...

...Toy samovarının pıqqapıq səsi gəldi. Yağış kəsmişdi. Göyün üzü  açılırdı.

- Göy qurşağı!!! - qışqırırdı uşaqlar.

Başını qaldırıb Nərgizə baxdı. Ağlamaqdan qızarmış gözlərində bir işıq vardı onun, - bilmədi ağlayır, ya gülür Nərgiz.

Başları toya qarışan kənd camaatının fikri onlarda idi. Kənd çox balaca idi. Hamı buludların çəkildiyini görürdü.

Toy hələ qabaqda idi...

/oxuzali.az/

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.