Rasət Pirisoyu - Füzuli, Axundov və sonrakı Azərbaycan ədəbiyyatı
01.11.13
İnkar, yaxud Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov və
sonrakı Azərbaycan ədəbiyyatı.
Yazıya zəruri əlavə
Əziz dostlar!
Mən adətən yazıdığım yazılara tarix qoymuram. Bu niyə belədir? Əslində bu yazıların böyük əksəriyyəti qəfildən yaranır. Bəzən yazıların necə meydana gəldiyindən mənim heç özümün də xəbərim olmur. (Təbii ki, yazıların tezisləri əvvəlcədən məlum olur) Amma bu yazının, yəni «İnkar, yaxud Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov və sonrakı Azərbaycan ədəbiyyatı» yazısının nə vaxt yazıldığını müəyyənləşdirmək mənə nəsib olub. Mən bu yazını ən azı, (ondan qabaq yazılmasına dair əlimdə heç bir fakt yoxdur ), 11.08. 1993-cü il tarixdə yazmışam. Bunu müəyyəlşdirmək üçün mən yazının yazılıdığı faylın «svoystva»sını açmışam və orda bu tarixi görmüşəm.
Bu yazıdan sonra çoxları Azərbaycan ədəbyyatında Mirzə Fətəli Axundov inkarından danışıblar, özü də onlar bu fikri bir qayda olaraq, müəllifi göstərmədən öz fikirləri kimi təqdim ediblər. Adam iyrənir. Məsələ bunda deyil. Azərbaycanda M.F. Axundov ədəbi inkarının mahiyyəti bəzən saxtalaşdırılır, bəzən bu inkarı M.F. Axundovun tarixi xidməti kimi (heç şübhəsiz bu Azərbaycan ədəbiyyatı üçün çox ciddi tarixi xidmətdir) təqdim edən ədəbiyyat dələduzları, bunu Azərbaycan ədəbiyyatına qarşı qoyurlar, Azərbaycanda həm də Azərbaycan ədəbiyyatının «mövcud», habelə bu ədəbiyyatın hər şeydən əvvəl sənət hadisəsi olduğunu unudurlar. Belə düşünmək sadəlöhvlük olardı. Bu, ədəbiyyatı diletant səviyyədə başa düşmək nümunəsidir.
Ona görə mən təqibən 20 il qabaq yazılımış bu yazımı yenidən çap etdlirəmk qərarına gəldim. Yazı vaxtı ilə «Sənət» qəzetində çap olunub. ( Təəssüf ki, mən həmin tarixi də unutmuşam) Bu yazıda araşdırılan problem Azərbaycan ədəbiyyatının nəhəng tarixinin ancaq kiçik bir fraqmentidir.
Mən yazını olduğu kimi, heç bir əlavə etmədən oxucular təqdim edirəm.
+++
Azərbaycan ədəbiyyatı bütöv ədəbiyyatdır. Bu, hər şeydən əvvəl, Azərbaycan xalqının bir xalq kimi bütövlüyündən irəli gəlir. Mən Azərbaycan xalqının bütövlüyü anlayışını kəmiyyət kimi deyil, keyfiyyət kimi qəbul edirəm. Bu mənada Azərbaycan ədəbiyyatı orta əsrlərin heyrət doğuran, qeyri - adi axtarışları mühitində də, Avropa mədəniyyəti ilə ünsiyyətin ilk mərhələsində də, hətta sovet ideologiyasının total nəzarəti altında da özünü məhz bir bütöv kimi aparıb, heç bir ədəbiyyatın əlavəsinə çevirilməyib, əksinə digər ədəbiyyatlarla müqayisədə, şərqdə Azərbaycan xalqına ( Azərbaycan Respublikasının təsisçilərinə - R ) məxsus «ilk respublika» missyasını həmişə qoruyub saxlaya bilib. Hətta nəsillər arasında əlaqələrin qırıldığı məqamlarda da, ədəbiyyatımızda meydana çıxan hər hansı ədəbi «reaksiya» Azərbaycan ədəbiyyatının çox əsrlik prinsiplərinə uyğun olub. Azərbaycan ədəbiyyatının ən çətin dövrlərindən biri sovet dövrüdür. Bu dövr və bu dövrdən miras qalan ədəbi davranış «normaları» bir çox hallarda hətta düşmənçilik səviyyəsinə qalxır. Bu da səbəbsiz deyil; çoxsaylı müşahidələr və faktlar bunu deməyə əsas verir ki, sovet cəmiyyətində ədəbiyyatda tənqid, yaxud inkar yazıçının sonu demək idi. Bu qorxu gunu bu gün də bizim ədəbi mühitimizdə yaşayır, (deyəsən, hətta nəfəs alır!... və inkişaf edir!!!...) Məsələn, Rafiq Tağının AYB -nin sıralarından ( sözə bax - «sıralarından» - R.) çıxarılmasını məhz bu qorxunun nəticəsi kimi izah etmək mümkündür. Bu biabırçılığı başqa cür necə izah eləyəsən axı? Əslində isə normal cəmiyyətlərdə, başqa sahələrdə olduğu kimi, ədəbiyyatda da tənqid, yaxud inkar tamamilə normal hadisədir, buna görə nə inkar edən tərəf, nə də inkar olunan tərəf qeyri - adi cəza ilə üz-üzə durur; nə ictimai mənada, nə də hüquqi baxımdan... Əslində inkar səviyyəsinə qalxan ədəbiyyatın özü də ilk baxışda göründüyü qədər asan məsələ deyil. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında bircə ədəbi inkar faktı mövcuddur. Bu da Mirzə Fətəli Axundovun Məhəmməd Füzulini (təkcə Məhəmməd Füzulinimi? - R) inkar etməsi faktıdır. Bütün başqa hallarda Azərbaycan ədəbiyyatında ya nəsillər bir - birini davam etdirib, ya da nəsillər arasında əlaqələrin qırılması ədəbi inkar səviyyəsinə qalxa bilməyib. Məsələn, Azərbaycan sovet ədəbiyyatının özündən əvvəlki ədəbiyyata münasibəti ədəbi münasibət olmadığına görə inkar xarakteri daşımırdı və Azərbaycan sovet ədəbiyyatı Azərbaycan ədəbiyyatına keyfiyyətcə təzə heç nə əlavə eləmirdi. Bu ədəbiyyatın ən yaxşı nümunələri, ən yaxışı halda ya Azərbaycan ədəbiyyatında ədəbi normaların bərpası işini görürdü, ya hansısa ədəbi prinsipləri təkminləşdiridi, ya da sadəcə, özündən əvvəlki ədəbi axtarışları davam etdiridi. Mirzə Fətəli Axundov isə özündən əvvəlki Azərbaycan ədəbiyyatını inkar etdi. Azərbaycanda keyfiyyətcə yeni ədəbiyyat yaratdı. Amma bu o demək deyil ki, Mirzə Fətəli Axundov özündən əvvəlki ədəbiyyatın üstündən «xətt çəkdi», yaxud onun fəaliyyətinə qadağa qoydu, yaxud da özündən əvvəlki ədəbiyyatı hansısa zümrənin, ya da sinfin düşməni elan etdi. Mirzə Fətəli Axundov inkarı Füzulinin Azərbaycan mənəvi mühitinə tamamilə yeni şəkildə qayıtması üçün zəmin hazırladı. Füzuli poeziyasının qavranılmasının sərhədlərini xeyli genişləndirdi. Təbii ki, bu, Mirzə Fətəli Axundovun bir proqram kimi nəzərdə tutduğu hadisə deyildi. Bu Azərbaycan ədəbiyyatının özünəməxsusluğundan, məziyyətindən və xarakterindən irəli gəlirdi. Cəsarətlə demək olar ki, Azərbaycan mənəvi mühitində Mirzə Fətəli Axundov faktı olmasaydı, Məhəmməd Füzuli yaradıcılığına nə Mirzə Ələkbər Sabir, nə də Üzeyr Hacıbəyov münasibəti yaranacaqdı. Bu bir həqiqətdir ki, Mirzə Fətəli Axundovun məşhur «Məktubları»ndan, «Aldanmış kəvakib»indən və komediyalarından sonra Azərbaycan ədəbiyyatında yeni ədəbi prinsiplər işə düşdü. Və bu ədəbi prinsiplər öz ardıcıllarını yetirməyə başladı. Cəlil Məmmədquluzadənin nadir «Molla Nəsrəddin» jurnalı da bu ardıcıl axtarışların nəticəsi kimi meydana çıxdı. Və bu vaxt, yəni Mirzə Fətəli Axundov prinsiplərinin «Molla Nəsrəddin» jurnalına doğru inkişaf etdiyi dövrdə, bu torpağın başqa bir dahi şairi, Mirzə Ələkbər Sabir, Azərbaycanın bir güncündə əyləşib Füzuli şerləri yazırdı və ağlına da gətirmirdi ki, yazıdığı bu şerlər Azərbaycan ədəbiyyatına təzə heç nə əlavə etmir:
İstəsən zülfün kimi könlüm pərişan olamısn, Ol qədər cövr et mənə, ah etmək imkan olamsın
Bu şeirləri yazmaqla Mirzə Ələkbər Sabir Füzuli ruhunu içəridən qavrayır və sənətdə Füzuli alətləri ilə işləməyi mənimsəyirdi. Amma bu gün tanıdığımız Mirzə Ələkbər Sabirin meydana çıxması üçün nə Mirzə Ələkbər Sabir istedadı bəs eləyirdi, nə də Füzuli alətləri ilə işləmək səriştəsi. Bunun üçün şairin yaradıcılığına mütləq Mirzə Fətəli Axundov prinsipləri əlavə olunmalıydı. Bu hadisə isə Mirzə Ələkbər Sabirin «molla nəsrəddinçilər»lə tanışılığından sonra baş verdi. Və Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun Məhəmməd Füzulini inkar etməsi faktı, aradan illər keçəndən sonra, tamamilə yeni şəkildə, bir az da dəqiqləşdirsək, Məhəmməd Füzuli yaradacalığının davamı şəklində meydana çıxdı. Füzulinin dilindəki «Nitqim tutulur qönçeyi - xəndanını görcək» misrasının Sabirin dilində «Nitqim tutulur kuçədə covlanını görcək» şəkilinə düşməsi üçün ortada mütləq Mirzə Fətəli Axundov inkarı olmalıydı. Mirzə Fətəli Axundov faktı azərbaycançılığın çox qüdrətli bir keyfiyyətini meydana çıxardı. Aydın oldu ki, Azərbaycan mühitində normal şəkildə baş verən hər şey, o cümlədən ədəbi inkar, dağıdıcı xarakter daşımır, əksinə, bu, nəsillər arasında əlaqələri yeni formada və məzmunda üzə çıxarır, azərbaycançılığın daha dərin qatlarına enmək imkanı yaradır. Azərbaycan ədəbiyyatında ən müxtəlif çalarla görünən azərbaycançılıq, təssüf ki, hələlik Azərbaycanın ictimai, siyasi və mədəni mühitində bütün möhtəşəmliyi ilə görünmür. Biz istəsək də, istəməsək də, Azərbaycan ədəbiyyatı bütün dövrlərdə ədəbiyyat olmaqdan savayı, həm də başqa missiyanı - ictimai fikrin istinad nöqtəsi olmaq missiyasını yerinə yetirib. Bu, Mirzə Fətəli Axundovla başlayan Azərbaycan ədəbiyyatının da son iki yüz illik tarixinin alın yazısıdır. Bu tarix isə hələ də davam edir.
11.08. 1993-cü il
|