Anar Amin - Təkə yatanda
29.10.13
Ona heç nə demədim... O mənim imzasını axtardığım, şeirlərini sevə-sevə oxuduğum beş-on xanım yazardan biridi. Baxmayaraq ki, mən onun bir şerini də belə əzbər bilmirəm. Onun şeirləri əzbərləmək üçün deyil, oxuyub düşünmək üçündü. Onun“Epizodik sevgilər” adlı kitabını dönə-dönə oxudum. Bu kitabda toplanan şeirlərin əksəriyyəti istər onun, istər sənin, istərsə də mənim nə vaxtsa yazacağımız şeirlərin yönünü-yöndəmini təyin edən şeirlərdi. Şeir bəzi xanım yazarlar üçün ad-san, şöhrət-şan gündəm yeridirsə, onun üçün ümid və güvən yeridi. O, dediyi sözə ümid edən, yazdığı şeirlərə güvənən xanımdı. Bu da yaradıcılıqda əsas müsbət cəhətlərdən biri, bəlkə də birincisidi. Mən onu yaxşı tanıyıram. Ona heç nə demək olmur. O tez küsür, bəzən tez, bəzən də gec barışır. Yadıma bir əhvalat düşdü. Uzun-uzadı nəql etmək istəmirəm. Bircə bunu deyə bilərəm ki, onun xətrinə dəyib, küsdürmüşdüm. Məni dindirib danışdırmırdı, çünki haqlıydı. Bu əhvalatdan sonra hər dəfə onu “Şirzad dövlət universiteti” adlandırdığım “Araz” kinoteatrının zirzəmisində görəndə könlümdən ona salam verib, barışmaq keçirdi. Barışmaq üçün gərək səndən küsən adama salam verib əl uzadasan. Barbar təbiətli olduğum üçün Allahın salamını onun bəndəsinə verməkdə çətinlik çəkirdim nəsə alınmırdı. O həmişə görüşəcəyi adamdan tez gələrdi “Şirzadın” kafesinə. “Xatun bibi” kimi tək oturub kimisə gözləyirdi. Bəlkə də gözləmək onun alın yazısıdı. Nə bilim bəlkə də. Bir dəfə o yenə də qapıya yaxın masaların birin də tək oturub kimisə gözləyirdi, yaxınlaşıb salam vermək istədim. O isə dedi: Mənə heç nə demə, tüpürə bilərəm hər şeyə- rahatlığa, xoşbəxtliyə, deyingən qonşulara, işə, çoxdan unutduğum keçmişə. Ona heç nə demədim, başımı aşağı salıb getdim. Arakəsmənin o üzündə hər gün əyləşdiyim masada əyləşib, siqaret yandırdım. Bir-iki qullab sömürüb xəyala dalmışdım ki, qulağıma Bozdarın səsi gəldi. Ürpəndim, tüklərim biz-biz oldu. Elə bildim ki, içimdə kimsə tir-tir əsir, ayağımın altında Yer, başımın üstə tavan dəbərir, üşüməyə başladım. Üşüyürəm. Ağır olmayan, isti saxlayan paltar lazımdı... səsinə bürünsəm, olarmı? Yeməyin iyi paltarımıza hopan bu zirzəmidə bircə mən susmuşdum. Hamı danışırdı. Bu ona, o buna nəsə deyirdi, nəsə pıçıldayırdı, nəsə demək istəyirdi. Sonda hesabı ödəyəcək adama, yanındakıların it kimi yalmandığını Bozdar görsəydi ulayardı. Nə yaxşı ki, nə “Xatun bibi”, nə də Bozdar bu adamları görmədilər. Səslər bir-birinə qarışdığı üçün bürünməyə, sırınmağa səs tapa bilmirdim. Birdən onun səsini eşitdim. Az sonra qapı açıldı, bu o idi, gözündə eynək, damağında siqaret, əlində kitab, yanında da Rəbiqə Nazimqızı. O bizi barışdırdı. /kulis.az/
Şötüklü, 20.09.2013
|