Elşən Böyükvənd - Molla Nəsrəddinin yeni Şeyx Nəsrulla həzərtlərinə məktubu
29.10.13
Ey Azərbaycanlı bacılar və qardaşlar! Bilin və agah olun. Ululuğuna və şövkətinə qurban olduğum Tanrım, il boyunca əhli Bərzəxə verdiyi işgəncə və aldığı etirafdan dincəlmək üçün, onları (yəni məni və bizləri) xəstəxanalara göndərir. Bilmədiyiniz kimi, Bərzəxdə tikanlı qamçıların kürəyimizə, ayağımızın altına, qarnımıza və g.t ovçularının oxundan yayınan g.tlərimizə endirdiyi ruh usandıran zərbələrdən sonra, huşdan gedir və ayaqdan başa qan ayağına (camına) dönürük. Bərzəxdə kanalizasiya borularının olmadığı üçün, milyardlarca qan ayağına dönən insanın qanı və anqırtıları, işgəncəçilərə və ulu Tanrımıza böyük problemlər açmışdı. Buna əsasən, ulu Tanrım yaralarımızın sağalmağı və qasnaq bağlamağı üçün bizə mərhəmət göstərməyə məcbur oldu. Bunu da artırmalıyam ki, əngimiz və gövdəmizdə dincəlməlidir axı. Elə düşünün ki, işgəncəçi və işgəncə olunan insan, səhərdən axşama qədər əngləri açılıb yumulur və birinin əli və başqasının isə gövdəsi durmadan işgəncə edir və işgəncə olunur. Ey əhli xürafə, qır qazanda qaynayan əti yenidən qaynatmaq üçün, biz kafirləri sağaltmaq lazımdır ya yox? Bu qədər qicbəsər olmayın, ulu Tanrımız işgəncəçilərlə bizi əbədi olaraq Xoruzlar kimi boğuşdurmaq üçün hərdən istirahətə göndərməyə və tövşümüzü dərməyə rahat buraxmalıdır. Mən bu məktubu, xəstəxana yatağında uzandığım yerdəcə sizlərə yazıram. Mənim günahim isə, doğu ölkələrində sülənərək cadu, xürafə və qaranlqla apardığım amansız mübarizə yolunda adlarını çəkə bilmədiyim köbələk-başlıları çay-çörək və paradan məhrum etməyimdir. Bərzəxə və öz əhvalatıma görə ətraflı və geniş şəkildə yazmağı sonra kı məktublarıma saxlayıram. Məni yenidən sizə qovuşduran məsələ, Şeyx Nəsrullanın xəstəxanadan qaçıb gizli şəkilədə Əzrayıl peyğəmbərin uçağına minib, Bakı şəhərinə qayıtmasıdır. Hə, hə, düzgün oxudunuz. Şeyx Nəsrulla hal-hazırda Bakıda yaşayır. Mən xəstəxanada ANS kanalına baxarkən Şeyx Nəsrullanın yuyulmamış xiyar kimi Tv-yə soxulduğunu gördüyümdə az qala özümü islatmışdım. Siz bilmirsiniz ki, Bərzəxdə nə kefə baxırdı bu Nəsrulla. Xəstəxanaya necə və hansı səbəbdən gəldiyini ölüb buralra gələndən sonra anlayacaqsınız. Bir sıra məsələlərə görə Şeyx Nəsrullanın xəstəxanaya necə gəlməsini təəssüf ki, sizlərə deyə bilməyəcəyəm. ANS kanalında Şeyx Nəsrullanı aba və əmmamə ilə deyil, gözlük vurmuş və müasir geyimdə, üzü qırxılmış və boyu güdəlmiş şəkildə görən zaman, ay səni yanasan sehirbaz Nəsrulla, dedim. O, palanlı Eşşəyinə minib üz-başı qırxılmamış şəkildə və hamama getmədiyi üçün pis qoxu verdiyi zamanın Nəsrullası deyil artıq. Şeyxiniz ANS kanalının “Gizli Azərbaycan” adlı verilişində ələmlərin gücündən, şəfalı sulardan, qutsal ucaqlar, dəlik deşiklərin dar çərçivəsinə soxularaq aldığı olağanüstü gücdən, sehirli daşlardan və kafir Stalinin müqəddəs ocağın daşına mıx çalıb Sovet Birliyinin öndərliyi rütbəsinə yüksəldiyindən, və cadunun həkimlik və bilimdən daha təsirli olmasını çox məzəli və təlxəkvari hərəkərlərlə Tv tamaşaçılarına inandırmağa və ötürməyə çalışır. Əcəba! Bu Şeyx Nəsrulla, romanda yaza bilərmiş. Kafirlər ocağı olan batını bəyənmədiyini deyib Bilgisayardan istifadə edir və Post Modernizm axımındanda danışır, artıq. Məsələn, “Azərbaycana Post Modernizmi mən getirmişəm, məndə torbama soxub aparacağam” demişdi. Ya, romanının bir parçasında “İran dövləti atom silahına yiyələnib kafirlərə divan tutmalıdır” yazmışdı bu cırtdan Şeyx Nəsrulla. Şeyxiniz dinc və farağat duran deyil ki, birdən birə görürsən ki, onun üçün qutsal torpaq hesablanan İrana gedib və orada belə çıxış edib ki, “İran, batı ölkələrindn daha demokratik və mədəni bir ölkədir”. “İranda bütün azlıqlar bir birinə sevgi və məhəbbət bəsləyərək yaşayırlar”. Otur yerində ay cırtdan kişi, bir həftə İranda qalıb bu düşüncələrə haradan çatdın axı? Məyər sənin rəhmətlik Atan, Pişəvəri hərəkatı çökdürüləndən sonra canın götürüb Quzey Azərbaycana getmədimi? Güneylilərə “Torke Xər” (Eşşək Türk) deyən Farsları harada görübsən axı? Ulu Tanrının verdiyi dili Güney Azərbaycanlılara yasaqlayanları öyürsənmi Şeyx Nəsrulla?
Aman Allah yeni Şeyxiz gəlib iman apara Qoruyın qoymayın imanızı Şeyxiz apara. (Şəhriyar)
Ey qardaşlar və bacılarım! Yazımı yarımçıq buraxmalıyam. Cahil və vəhşi işgəncəçi çəkib dilimi kökündən üzən andaca məndə onun daşş…dan yapşıb sıxdım kı, bu zavallı dilimi kökündən üzməsin. O, anqırandan sonra əngimi çəkib çıraraq dilimi ağzımdan dartıb çıxartmaq istəyirdi, amma, ulu Tanrı səsləndi ki, ay qanmaz çöl eşşəyi, onun dilini kökündən üzsən, o, istintağa necə cavab verəcək?. Buna görə hal-hazırda həkim əfəndi, mənim yırtılmış əngimi iyinə-sapla tikmək istəyir. Əngim sağalandan sonra məndə Tv-yə gəlib, Şeyx Nəsrullanın iç üzünü açacağam, çün ki, mən bildiyim kimi Azərbaycanın hər iki tayında kitab və yazı oxuyan insanların sayı pək azdır. Hələlik, sizi Şeyx Nəsrulla ilə tək qoyub xəstəxanada sağalanacan istirahət etməliyəm. Tanrı sizi qorusun.
Molla Nəsrəddin
|