Qismət - Yusuf Atılgan: özünə çəkilməyin estetikası
29.10.13

YUSUF ATILGAN: ÖZÜNƏ ÇƏKİLMƏYİN ESTETİKASI


68 il yaşamış Yusuf Atılgan (1921-1989) ədəbiyyata “Aylak adam” (təxminən “Sərgərdan adam” kimi tərcümə oluna bilər) romanı ilə gəlib və həməncə də fərqli ifadə tərzi ilə diqqət çəkib.

Universitet illərində 3 il Ahmet Hamdi Tanpınarın tələbəsi olan Atılgan-ın yaşadığı və yazdığı illərdə Türkiyədə hakim olan ədəbi yönüm - daha çox yalnız xarici aləmi birəbir kopyalayan və buna sosial məzmun verən əsərlər idi.

Yusuf Atılgan Tanpınarla başlayan, Oğuz Atayla özünün kulminasiyasına çatan modernist türk nəsrinin ən orjinal romançılarından biri olub.

Bu üç nəfər türk nəsrində daha çox modernist qərb ədəbiyyatını yaxşı öyrənən, daim dünya ədəbiyyatındakı yenilikləri izləyən və özlərindən əvvəlkilərdən də, çağdaşlarından da tamam fərqli olmağı bacaran müəlliflərdir.

Hər üçü forma məsələlərinə, fərqli ifadə tərzinə olan sonsuz maraqları ilə, eyni zamanda ictimaidən individuala keçidləri ilə fərqlərini, qabaqcıllıqlarını ortaya qoyublar.
Bu trionun içində Yusuf Atılgan ən az yazan və lakonizmi ən çox mənimsəmiş müəllifdir.

“Aylak adam” romanı iki daşın arasında qalmış, 3-cü növ ölkənin ziyalısından bəhs edir. Bu ziyalı heç bir kateqoriyaya daxil deyil, heç kimlə dil tapa bilmir və daim zəngin daxili dünyasındakı düşüncələri, duyğuları bölüşə biləcəyi bir sevgilinin həsrətindədir. Onun adı yoxdur, müəllif ona eləcə C deyir. C tez-tez ümidsizləşir, sonra yenidən ümidlənir və bu get-gəlin içində daim yaşadığı mühitə nəsə xeyir vermək istəyir, lakin heç vaxt həmdəm, munis tapa bilmir.

Yusuf Atılgan özü romanı haqqında belə deyib: “Bu roman bir növ gündəlik həyatın tənqidinə həsr olunub, yəni kültürlü bir ziyalının bəzi ictimai qaydalara, evliliyə, əli torbalı olmağa və s. qarşı çıxmasıdır, azadlığa vurğunluğudur.”

“Aylak adam” romanı 1958-ci ildə “Yunus Nadi roman mükafatı”na layiq görülür və ən müxtəlif çevrələrdə müzakirə olunmağa başlayır; bəziləri onu yenilikçi, bəziləri tamam mənasız hesab edir.

Fethi Nacinin sözlərilə desək, Atılgan-ın bu ilk romanından görünür ki, o, təkcə, hər element, hər söz üstündə səbrlə işləməyib, həm də fərdi üslubu var. Təmiz dil romançıların həmişə əsas qayğısı olsa da, çox azının kamil üslubu olur, Atılgan-da isə bu var.

Can Yücel isə romanı başqa rakursdan qiymətləndirib: “Bu roman gəncliyin yetkinləşmək, erkək olmaq üçün çəkdiyi sıxıntıları ifadə edən, depressiya xəttinin önəmli örnəyidir.”
“Yunus Nadi roman mükafatı”nın jürisində olan məşhur romançı Orhan Kemal romanı bəyənsə də, tənqid də edirdi:

“Romanı oxudum. Gözəl romandır. Oğlanda romançı damarı var. Material yaxşı materialdı... Ustalıq da var... Amma romanın qaldırdığı problem nədir? Romanı oxuyub qurtaranda, mənə vermək istədiyi mesaj nədir - deyə düşünür adam. Qeyri-müəyyən bir mesajı var, bir roman üçün, həm də yaxşı roman üçün bu azdır.”

Kim bilir, bəlkə də Atılgan-ın ilk romanındakı əsas mesajı sadəcə Orhan Kemal kimi yazmamaq idi...

İlk əsərindən sonra çox uzun müddət səssizliyə qərq olan Yusuf Atılgan, 1973-cü ildə “Anayurt oteli” romanını nəşr etdirir. Roman Manisa ətrafındakı əyalət qəsəbəsində bir otelin mirzəsi olan Zebercetin daxili dünyası, sıxıntıları, ətraf aləmlə kommunikasiya qura bilməməsi və tənhalığından bəhs edir. İlk romanı kimi bu roman da böyük səs-küyə səbəb olur.

Yıldız Ecevitin  fikrincə, “Anayurt oteli” səbəb-nəticə əlaqəsinin olmadığı, kafkaesk bir atmosferdə, XX əsr insanının bəşəri problemlərini – özgələşmə,tənhalıq və ünsiyyətsizlik - əsas götürən romandır. Yazıçı bir cür mənalandırılması mümkün olmayan bu absurd mətndə qəsdən məna boşluqları buraxaraq, oxucunu həmin boşluqları doldurmaq üçün düşünməyə sövq edir.

“Anayurt oteli” ictimailik, sosial məzmun möhürü, ölkənin problemlərinə kürək çevirmək kimi arqumentlərlə suçlansa  da, bir çoxlarına görə türk ədəbiyyatının XX əsrdəki şedevrlərindəndir. Tənqidçilərin əksəriyyətinin həmrəy olduğu fikrə görə Atılgan türk insanının indiyə qədər diqqətdən qaçan tərəflərinə işıq salıb və bu, təsadüfi deyil, çünki o, türk dilinə Kierkeqoru qazandırmış adamdır və fərdin daxili təlatümlərinin fəlsəfəsini, fərdə yönəlməyin önəmini öz çağdaşlarının çoxundan yaxşı anlayırdı.

“Aylak adam” romanının protaqonisti C (modernist romanlarda qəhrəmana çox vaxt protaqonist deyirlər) ətrafına tamam yabançı olub, özgələşib. Özgələşmə modernist romanın əsas mövzularının başında gəlir: fərd özünün yaratdığı şeylərə qarşı özgələşir və nəticədə, dünya onun üçün anlamını itirir, dəyərsizləşir. İnsanların dünyasının dəyərsizləşməsi, nəsnələr dünyasının dəyər qazanması ilə (=Marks) fərdlərin hər biri digərindən təcrid olunmuş kiçik adalara çevrilir. Əlbəttə, özgələşmə çox vaxt düşünüldüyü kimi insanın təkcə başqalarına, dünyaya yabançılaşması deyil, həm də özünün özünə yadlaşmasıdır. Romandan bir misala baxaq:

“Gülər: Dünyadan çox şey gözləmirəm. Üç otaq, bir mətbəx, sevdiyim adam, biri qız, biri oğlan – iki uşaq...” “Bu qız məni əli torbalılardan eləmək istəyir.”

Bu misaldakı “üç otaq, bir mətbəx” və “əli torbalılar” ifadələri nəsnələr dünyasının dəyər qazanmasına və insanın bu dünyaya yadlaşmasına edilmiş vurğudur.

C düşünür ki, insanlar fərqində olmasalar da, öz yaratdıqları nəsnələr dünyasının əsirinə çevriliblər və həyatın yeganə məqsədi onlar üçün başlarını soxacaq bir dam və dolu-dolu torbalardı.

Onlar kinoteatra getmirlər, kitab oxumurlar, eləcə evdən işə, işdən evə qaçır və yeni ildə də evdə oturub yemək yeyir, loto oynayırlar, vəssalam.

“Anayurt oteli” romanında eynilə özgələşmə motivi ustalıqla işlənib. İlk romandan fərqli olaraq, burdakı özgələşmə eksiztensial yadlaşmadır:
“Gömüləndən sonra imam nənəsinin adını soruşdu. Bilmirdi.” Kamyünün “Yad” romanının ilk cümləsini xatırlayın. (“Anam dünən ölüb, ya da bu gün, dəqiq bilmirəm”.) Romanın protaqonisti Zebercet tez-tez “mütləq başqaları lazımdırmı?” deyir və bu mənada da sanki Sartrın “Başqaları cəhənnəmdir” sözünü təkrarlayır.

Yusuf Atıgan-ın romanları freydist elementlərlə də zəngindir və müəllifin modernist romana təsir edən məşhur nəzəriyyə olan psixoanalizi də dərindən öyrəndiyi aşkar görünür.

Freyd yazırdı ki,insan davranışlarının kökündə cinsəllik, aqressiya dayanır və modern cəmiyyətlərdə bu instinktlər təhsilin, ictimai normaların və s. təsiri ilə əhliləşdirilib. Lakin bu əhliləşmə, bu təkamül prosesində insan ruhunda travmalar yaranıb və bu, çağdaş insanın ən ciddi problemidir. Buna görə çağdaş insanı anlamaq üçün onun şüuraltına enmək, ictimai normalar tərəfindən altşüura atılan instinktlərini üzə çıxarmaq lazımdır. Freydin nəzəriyyəsində əsas yeri Edip kompleksi və ata qatilliyi məsələsi tutur. Psixoanalizdə uşağın qarşı cinsdən olan valideynə sahiblənmə və öz həmcinsi olan valideynini zərərsizləşdirmə instinkti, onlara qarşı bəslədiyi duyğu-düşüncələrin, fantaziyaların cəminə deyilir Edip kompleksi. Ata-ana fiqurlarının ədəbiyyatda metafora kimi işlənməsi, təkcə, cinsi instinkt deyil, həm də bir növ iqtidar mücadiləsidir. Freyd düşünürdü ki, uşaqlar fallik mərhələdə, yəni 3-5 yaşlarında bir kompleks keçirirlər, analarını sevib, atalarını qısqanırlar. 5 yaşından sonra bu kompleksin təsiri azalır, latent mərhələ başlayır, sonra isə həddi-buluğa çatanda yenidən həmin kompleks aktivləşir. Bu dəfə isə uşaq başqa sevgi subyektinə meyllənir, sublimasiya olur, həmin kompleks yön dəyişdirir, qırılır.

“Aylak adam” romanında freydist elementlər çoxdur. Romanın qəhrəmanı C anasın erkən yaşda itirib, onu xalası böyüdüb.

“Xalam, anamın bacısı. Anamı tanımıram. Mən bir yaşımdaykən ölüb. Bəlkə də xalam onun gözəl mavi gözlərindən bəhs etdiyi üçün, mənə elə gəlir ki, o gözləri xatırlayıram. Mavi gözləri həmişə sevmişəm. Bəlkə də sənə haqqında danışdığım o qıza üç ay dözməyimin səbəbi mavi gözlərinin olması idi.”

C erkən yaşda itirdiyi anasındakı özəllikləri başqa qadınlarda axtarır, uşaqlıq çağında anası olmadığı üçün bu sevgisini anası kimi sevdiyi xalasına yönəldib : “Məni Zəhra xalam böyüdüb. Onu qısqanc, eqoist bir sevgiylə sevərdim. Evə gələn qonşu qadınlara hirslənərdim.”

C-nin anası yerinə qoyduğu xalasını bu cür sevməsi, onu ata nifrətinə qədər aparır:

“Xalamın da atamdan iyrəndiyini düşünürdüm. Vəziyyəti məndən gizlətmişdilər. Gec bildim. Orta məktəbi bitirdiyim yaz, bir gün qapımız döyüldü. Atamın səsini eşitdim. Atam idi, “Xidmətçi evdədi?” –soruşdu, xalam “Gedib” – dedi. Sonra səssizlik oldu. Əyilib qapı deşiyindən baxdım. Atam bir əliylə xalamın ətəyini qaldırmış, o biri əliylə ayaqlarını sığallayırdı. "Zəhra, bu ayaqların üçün ölürəm də” – dedi. Dünyam qaraldı. Cumdum, üstlərinə atıldım. “Burax onu, burax...” - deyə qışqırdım. Əlini dişlədim. “Uyy anam” – dedi. Dişlərim ağrıdı.”

C-nin xalasını atası ilə sevişən görəndə onların üstünə atılmağı, atasına zərər verməyə çalışmağı, sonrakı səhnələrdən birində yuxuda özünü atasını öldürərkən görməsi psixoanalizdəki ata qatilliyi məsələsinin təzahürüdür.

“Anayurt oteli” romanında da eyni freydist elementlər var. Romanın qəhrəmanı Zebercet otelə gələn bir cütlüyün qeydiyyatını apararkən, qəfil görür ki, qadın anası ilə adaşdı. Sonra gecə gizlincə qadının əriylə sevişmələrinə qulaq asır. Zebercet gecə yuxusunda xadiməylə sevişərkən və ya xəyali bir qadını düşünüb masturbasiya edərkən, otelə gələn cütlüyə gizlincə qulaq asanda, anasıyla adaş qadının dediyi sözləri təkrarlayır : “Ohh, səninəm... Ohh, necə səninəm...”

***

Qayıdaq bir az əvvələ - 1955-ci ilə. Yusuf Atılgan “Tercüman” qəzetinin hekayə yarışmasına iki hekayə göndərir, hərəsini bir imzayla. Nevzat Çorum imzası ilə yarışmaya göndərdiyi “Evdeki” adlı hekayəsi birinci yerə, Ziya Atılgan imzası ilə göndərdiyi “Kümesin ötesi” adlı hekayəsi isə yeddinci yerə çıxan yazıçı ortaya çıxıb adını açıqlamır, mükafatını da götürmür. Onun üçün yazmaq tanınmaqdan önəmli idi.


Bir az da əvvələ qayıdaq. 1946-cı ildə Yusuf Atılgan kommunistlikdə ittiham edilir və 10 ay həbsdə yatır, müəllimlik vəzifəsindən uzaqlaşdırılır, bundan sonra o, ömrünün sonuna qədər Hacırahmanlı kəndində inziviya çəkilir və ancaq əkinçiliklə və oxumaqla,yazmaqla məşğul olur.

Hacırahmanlı kəndində Atılgan-la dostluq etmiş Tahir Canuyar onu belə xatırlayır: “Yusuf  sürüdən kənar olan insanlardan bəhs edən filmləri, romanları sevirdi. Başqaları mənlik deyil deyirdi. Ən çox Tanpınarın romanlarını bəyənirdi, bir də o vaxtlar gənc olan Orhan Pamukun “Səssiz ev” romanını çox bəyənmişdi.”

Yusuf Atılgan-ın müsahibələri və dostlarının dedikləri əsasında sevdiyi, diqqətlə oxuduğu yazıçıların təxmini siyahısını belə tərtib etmək olar: Dostoyevski, Andre Jid, Montherlant, Kamyu, Sartr, Simenon, Haksli, Coys, Qrin, Kapote, Sait Faik Abasıyanık, Vüsat O.Bener, Nezihe Meriç və xüsusilə Çexov, Folkner.

Sonda. Yusuf Atılgan yazmaq haqqında deyirdi: “Mən yazmaq istəyi olanda yazıram. Bir növ məktub kimi: “Baxın, mən bəzi insanlar haqqında danışıram, bəlkə sizi maraqlandırar. ”Kim istəyər maraqlanar, kim istəməz kitabı atar.Hər yazıçı öz oxucusunu seçir.” /oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.