Qəşəm Nəcəfzadə - Yerli şairin faciəsi
28.10.13
İnsan bildiyi, yaşadığı, tanıdığı hadisələri daha yaxşı qələmə alır. Bu mənada keçmiş böyük sosial və həm də əbədi bazadır. Keçmiş həm müasirdir, həm də gələcək.
Mənə elə gəlir ki, elə hadisələr var, onlar qoşadır. Bir gördüyünü təkrar bir də görürsən.
1981-ci il.... Gəncə şəhəri və Gəncə Dövlət Pedoqoji İnstititutu... Rektor fəlsəfə elmlər namizədi Şaiq Şıxkərimov... Və mən də 1-ci kurs tələbəsi.
Üçüncü mərtəbədə 301 zalda xalq şairi Bəxtiyar Bahabzadə ilə görüş keçirilir. Zal ağzına qədər dolu, hətta koridorda ayaq üstə dayanab qulaq asanlar var. Axşamdan hazırlaşmışam ki, mən də bu görüşdə bir şeir oxuyacağam, hokmən Bəxtiyar müəllim də məni çağırıb üzümdən öpəcək və bununla da mənim şair taleyim həll olunacaq. Çünki eşitmişdim ki, Səməd Vurğunla universitetdə keçirilən bir görüşdə tələbə Hüseyn Arif “Sən dərsə gəlməyəndə” şeirini oxuyub və Səməd Vurğun da Hüseyn Arifin üzündən öpüb. Ona görə bu ideyanı rəhbər tutaraq oxuyacağım şeiri axşamdam dönə-dönə təkrarlamışam və indi zalda həyacandan ayağımın birini götürüb o birini qoymaqdayam, ürəyimin döyüntüsü köynəyimin yaxsanı külək kimi yellədir. Amma hər ehtimala qarşı müəyyən hazırlıq işləri də görmüşəm, məsələn əvvəlcədən dekana, sonra kafedra müdirinə fikrimi bildirmişəm, onlar deyib ki, sən institutumuzun aman zaman yeganə şairisən, niyə də söz verməyək, trubinaya yaxın yerlərin birində otur, söz verəndə daha çox vaxt getməsin. Hamıdan tez gəlib birinci sıranın qıraq tərəfində oturdum ki, səhnəyə çıxmaq asan olsun. Elə bu zaman bir qocaman müəllimim geldi, yerimi tez ona verib keçdim arxa sıraya, dedim yəqin bu əxlaqım rektorumuzun xoşuna gələr. Sonra bir qadın müəllimə gəldi bu yerimi də ona verib keçdim arxaya, nə isə, hamıya yer verə-verə düz gəldim zalın lap sonuna. Amma bir az da kədərləndim ki, deyəsən çox arxaya getdim. Tez buna da bir çıxış yolu tapdım ki, lap yaxşı rektor mənə söz verəndə trubinaya gedənə qədər hamı mənə baxacaq, bəlkə əl çalanlar da oldu, çünki qrup yoldaşlarım məni çox istəyirdilər, yer verdiyim müəllimlər deyəcklər bayaq bizə yer verən oğlandı, halal olsun. Mən hər ehtimala qarşı başqa hazırlıq işləri də görmüşdüm. Axşamdan kağız parçalara -xahiş edirəm, mənə söz verəsiniz, altından da birinci kurs tələbəsi filankəs, yəni mən- yazmışdım. Qrub yoldaşlarım da bu cür hazırlıq işləri görmüşdülər. Gördüm vaxt çox uzandi, mənə deyəsən söz verilməyəcək, ona görə də hər ehtimala qarşı çibimdəki kağız parçalarını yaz kəpənəkləri kimi irəli uçurtdum, yəni verdim qabaqkı adama, o da özündən qabaqkı adama ötürdi, beləliklə, kağızlar əldən -ələ keçərək rektorun və Bəxtiyar müəllimin qarşılarındakı stola qondu, gördüm o tərəfdəndə bir kəpənək cığırı başladı, bildim ki, bu da qrub yoldaşlarımın mən üçün yazdığı kağızlıardı. Hər dəfə rektor və Bəxtiyar müəllim kağızları qaldırıb baxdıqca deyirdim ki, aha, bu dəfə məni hökmən çağıracaqlar.
Bakıdan Bəxtiyar müəllimlə gələn şairlər çox uzun çıxış eləyirdilər. Elə bil Bəxtiyar müəllimi Bakıda heç görüb eləmirlərmiş... Ümidim vardı ki, Bakıdan gələn şairlərdən, məsələn elə Şahmar Əkbərzadə mənim adımı çəkə, bu da olmadı.
Mənə söz verilmədi. Içlas qurtardı. Çox pis oldum. Ilk dəfə yerli şair olmağın ağrısını çəkdim. Bildim ki, heç vaxt böyük salonlarda yerli şairlərə söz vermirlər.
2009-cu ildə 50 yaşımın tamamında həmin məzunu olduğum Gəncə Dövlət Pedoqoji İnstitutu mənimlə görüş keçirdi. Yenə həmin 301-ci zal. Ağzına qədər dolu. İnstitutun rektoru professor Elman Məmmədov görüşü aparır. Zalın sonuna baxıram, ayaq üstə oğlanlar dayanıb. Haqqüımda film göstərirlər, saytımdan fraqmentlər zalı daha canlandırır. Utandığımdan stolun üstünə qoyulmuş gülün arxasında gizlənirəm. Sonda Elman müəllim şeir oxumaq üçün sözü mənə verdi. Mən həmin bu zalda 1981-ci ildə yuxarıda dediyim hadisəni zaldakılara olduğu kimi danışdım. Gülənlər, kövrələnlər, əl çalanlar oldu. Dedim mən şeir oxumaq istəmirəm. Sonra qəflətən üzümü zala, özü də zalın sonunda ayaq üstə dayanan oğlanlara tutub dedim: -Tələbələrdən kim şeir yazır? Zaldan 5 nəfər oğlan əlini qaldırdı.Onlara soz verdim, şeirlərini oxudular, Şeirləri xöşüma gəldi, üzlərindən öpdüm. Elə bil 1981-ci ildə qalan Qəşəmin üzündən öpdüm, özümü ayağa qaldırdım Düşündüm ki, yəqin bu zalda onların sevdikləri qızlar var, elə sevinirdilər ki... Çıxanda onlarla şəkil də çəkdirdim, sonra şeirlərini “Ulduz” jurnalında çap etdirdim.
Bilirdim ki, onlar yerli şairdirlər, yerli şairin faciəsini mən yaxşı bilirəm. Mənə elə gəldi ki, o gün Səməd Vurğunun tələbə Hüseyn Arifi öpməynin sırasını mən qırmadım, qırılanları isə daha bərk bağladım.
Avanqard.net
|