İranda tanınmış azərbaycanlı yazıçı Səid Nəimi azadlığa buraxılıb
28.10.13
Səid Nəimi 31 günlük həbs həyatından sonra oktyabrın 26-da Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Qeyd edək ki, azərbaycanlı fəal sentyabrın 24-də barəsində çıxarılmış birillik həbs cəzasının icrası üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq belə bir cəza verib.
S. Nəimi 2011-ci il mayın 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Hüquq müdafiəçisinin barəsində çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi və girov qarşılığında azadlığa buraxılmasına dair vəsatətinə iki dəfə mənfi cavab verilib.
Azərbaycanlı fəal İrandakı mövcud rejimin müxalif qruplarına üzv olmaqda, əcnəbilərlə əlaqədə, yalan xəbər yaymaqda və s. ittiham olunub. S. Nəimi həmin il dekabrın 29-da 235 günlük həbs həyatından sonra zəmanətlə azadlığa buraxılıb. Azərbaycanlı dissidentin azadlığa buraxılması 70 min ABŞ dolları məbləğində girov qoyulub. Qərar yazıçı-publisistin vəkillərinin iştirakı ilə keçirilən üçüncü məhkəmə prosesində, yəni oktyabrın 26-da qəbul olunub./teleqraf.com/
|