Azərbaycan Yazıçılar Birliyinin qurultayı bu il keçirilməyəcək
24.10.13
Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı bu il keçirilməyəcək.
Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, AYB-nin noyabrda keçirilməsi planlaşdırılan qurultayının vaxtı dəqiq olmayıb: “Həmin tarix dəqiq deyildi. Azərbaycan Yazıçılar Birliyinin qurultayı 2014-cü ilin ilk aylarında keçiriləcək. Bununla bağlı müəyyən işlər görülür və qurultaya ciddi hazırlıq işləri gedir”. X.Rza əlavə edib ki, birliyin qurultayının bu il təxirə salınmasının müxtəlif səbəbləri var: “Azərbaycan Yazıçılar Birliyinin 1500-dən çox üzvü var. Bundan başqa, müxtəlif bölgələrdə təşkilatlarımız var. Bu qurultay əvvəlki qurultaylardan öz genişliyi ilə seçiləcək. Ona görə də katiblik qurultay üçün ən uyğun vaxtın 2014-cü ilin ilk ayları olduğunu düşünür”. Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 9 il əvvəl - 2004-cü ilin mayında olub. Nizamnaməyə görə, qurultay hər 5 ildə bir dəfə keçirilməlidir. /Cavid Zeynalov, APA/
|