Kənan Hacı - Səlim Babullaoğlu haqqında

18.10.13

Təksən... Tanrı Göy üzündə necə təkdisə, insan da Yer üzündə eləcə tənhadı. İnsanın bir adı da Təkdir. Təksən... Kim daha çox təkdir? Bəlkə insan elə təkliyin, tənhalığın övladıdır? Başımız üstündəki qəbir daşları təkliyimizin daşlaşmış nişanəsi, maddiləşmiş formasıdır. Yox, tənhalıq hissini boğmaq lazım deyil, qoy bu hiss azad olsun, içimizdə hökm sürsün. Təkliyin bu daxili vibrasiyaları hər dəfə bizi özümüzə qaytarır, yaddaşımızı oyadır, adi əşyalar qaydası, nəsnələr düzəni bizə çoxdan unutduğumuz nələrisə xatırladır. İşıqlı, səs-küylü gündüzlərin sonunda qaçılmaz bir qaranlıq var və o qaranlığın içində bizi sadiq, vəfalı dost kimi tənhalıq gözləyir. O tənhalıq bizim gün ərzində itirilmiş enerjimizi özümüzə qaytarır, pərən-pərən düşmüş duyğularımızı səfə düzür...
 
Təksən...
 
Səlim Babullaoğlunun təkliyin səhih koordinatlarını nişan verən “IX hissə” balladası beləcə, müraciət formasında qələmə alınıb. Mükəmməl poekonstruksiyası, polifonikliyi, kalambur yaratmaq ustalığı ilə seçilən bu əsər tənhalığın vəsfi deyil, onun diktə etdiyi həqiqətlər məcmusudur. Sözlər əridikcə mətn şəffaflaşır, hər misra real görüntü yaradır, beyində dərhal eskizlər cızır. Bütövlükdə “IX hissə” bir-birinə kip geydirilmiş kristal təbəqəni xatırladır. Qəfil assosiativ dönümlər aramsız diksinmələrlə müşayiət olunur.
 
Təksən,
Diksinsən,
deməli otaqda səndən başqa ən azı, biri var,
hər səhər tezdən səndən tez oyanar,
hələlik çəkilib güzgüyə.
 
Müəllifdən asılı olmayaraq metaforaların süjetə çevrilməsi hadisəsi baş verir. Təkliyin içimizdə zəbt etdiyi yeri bu mətn bizə nişan verir. Gərgin psixoloji ovqatla yüklənmiş misralarda qəribə bir çəkisizlik var – sanki sözlər qanadlanır və fikrin səmasında səfə düzülür.
 
İnsan kölgəylə bütövdü. Niyyət əməllə.
Hər şey sözdü: səslə oxunub,
Qeydə alınıb gizli qələmlə.
Qələm də əşyadı, səsdi, sözdü. Hamısı birdə.
Təksən.
“Yazımmı bunları?” Dursan. Yazsan.
Qələmi kənara qoyanda təsdiq taparsan kölgəndə.
 
Səlim şeir yazmır, ovqatın şəklini çəkir və oxucunu artıq yükdən azad edir. Təbiət öz sözünü zəlzələləri, daşqınları, vulkanları ilə dediyi kimi şair də  öz nəfəsi ilə Sözün üzərindən zamanın tozunu alır. Səlim kimi.
 
Səlim şeir yazmır, nə vaxtsa yaşayıb unutduğumuz günləri yaddaş adlı vətənə qaytarır. Onun “Eksklüziv” adlı böyük bir şeirini oxuduqca bu yazılanların haçansa sırf hüceyrə halında sənin də beynindən keçdiyini zənn edirsən...
 
Yalnız gündəlik işlər bitərsə, bitərsə mənasız,
fani hərəkət;
bədənin üfüqi sükunət halından daimi ritminə
qoşula bilərsə
Yerin – kürənin – ana torpağın (necə ki, canbirdi
bir vaxtlar bətndə)
yalnız bu halda başlanar yuxular.
Başlanır. Yalnız bu halda ruh üçün açılır sirli aləmlər.
 
Səlim Babullaoğlu XXI əsrin şairidir. Deyəsən bir az gurultulu səsləndi. Amma hərdən laübalı sükutun bağrını oymaq üçün belə gurultulara ehtiyac yaranır. Dünyasını dəyişmiş insanlar haqda yeri gəldi-gəlmədi, o qədər gurultulu sözlər döşəmişik ki... Canlı insandan isə halalca haqqını insafsızcasına əsirgəmişik. Həmişə belə olub. Bu yaxında bir şairin yenicə çapdan çıxmış şeir kitabına yazıçı dostlarımızdan birinin yazdığı ön sözü oxudum və sarsıldım. Ön sözün müəllifi qeyd edir ki, mən xoşbəxtəm ki, dostumdan onun ölümünü gözləmədən yazıram və sizə də məsləhət görürəm ki, əgər diriliklərindən yaza bilmirsinizsə, elə sanın ki, dostlarınız ölüb. Fikir təxminən beləydi və bu fikrin ardında həyatımızın bir sıra qaçılmaz həqiqətləri səyriyir...
 
Səlim Babullaoğlunun sözlərindəki həyəcan, çırpınan ritm, quru yağışlar zamanı səmanın köksünü dağıdacaq bir dəhşətlə şaqqıldayan şimşəklərin üsyanına bənzəyir.
 
Üçüncü minilliyin başında dayanıb Yerlə Göy arasında dilmanclıq edən şair... Sən...
 
Təksən!... /kulis.az/

Yenililklər
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.