Tolstoy: "Elə edin ki, "Nobel"i mənə verməsinlər"
10.10.13
Nobel mükafatını təsis etməyi ölümündən 2 həftə əvvəl vəsiyyət edən İsveç kimyaçısı və mühəndisi Alfred Nobel laureatları seçərkən onların milliyyətinin nəzərə alınmamasını istəmişdi.
Amma bir çoxları düşünür ki, xüsusən də ilk illərdə qaliblərin seçilməsi zamanı İsveç Akademiyasında qəribə meyarlar nəzərə alınıb.
Bəziləri hesab edir ki, mükafat Ədəbiyyat sahəsində həmişə anti-amerikan, elm sahəsində anti-rus, xüsusən 2-ci Dünya Müharibəsinə qədər elm sahəsində almanyönümlü və bütün kateqoriyalarda skandinavyönümlü olub.
Bundan başqa bir çox məşhur yazarlara bu mükafatı verməyi layiq bilməyiblər.
Məsələn, dahi rus yazıçısı Lev Tolstoyun namizədliyi mükafatın verilməyə başladığı 1901-ci ildə irəli sürülsə də, rədd edilmişdi. Münsiflər ekssentrik dini baxışları və anarxist fikirlərinə görə Tolstoyu seçməkdən vaz keçiblər.
Yazıçı xristianlığı, xüsusən pravoslav kilsəsini kəskin tənqid edirdi və 1901-ci ildə “Dirilmə” romanına görə onu Rus Pravoslav Kilsəsinin qərarı ilə pravoslavlıqdan xaric etmişdilər.
Beləliklə, ilk Nobel mükafatına fransız şairi F. A. Sully-Prudhomme layiq görülmüşdü.
1902-ci ildə Tolstoyun namizədliyi yenə irəli sürülür. Amma həmin il mükafat alman yazar Theodor Mommsen-ə çatır. 1906-cı ildə Rusiya Elmlər Akademiyası yenidən Tolstoyun namizədliyini Nobel mükafatına irəli sürür. Bundan xəbər tutan yazıçı həmin il oktyabrın 8-də fin yazıçısı (həm də öz tərcüməçisi) Arvid Yarnefeltə məktub yazır. Fin yazıçıdan xahiş edir ki, “isveçli həmkarlarının köməyilə” mükafatın ona verilməməsinə nail olsun:
Həmin məktubunda Tolstoy qeyd edir ki, “əgər mükafat ona verilərsə, ondan imtina etməli olardı”, özü də bu çox üzücü bir addım olardı. Yazıçı yazır ki, mükafatı almaması onu böyük bir çətinlikdən də xilas etmiş olardı – pul mükafatının nəyə sərf edilməsi ilə bağlı. Çünki onun fikrincə, adi pul kimi pul mükafatı da yalnız şərə xidmət edir. Həmin il mükafat italyan şairi Giosuè Alessandro Giuseppe Carducci-yə verildi.
Bəziləri güman edir ki, mükafatın Tolstoya verilməməsində Rusiya ilə İsveçin tarixən gərgin olan münasibətləri də rol oynayıb. /oxuzali.az/
|