Daşkənddə “İyirminci əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində nəşr edilib
07.10.13
Daşkəndin “Turon-İqbol” nəşriyyatında “İyirminci əsr Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilmişdir.
Kitabın tərtibçisi şair və tərcüməçi Babaxan Məhəmməd Şərif, məsul redaktor Əziz Səidovdur. Kitabın məsləhətçiləri isə Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.
Antologiyanın tərtibçisi Babaxan Məhəmməd Şərif kitaba yazdığı “Ön söz”də bildirmişdir ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər bu kimi dahi Azərbaycan şairlərinin əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur. Sonra şair və yazıçılarımızın ədəbi əlaqələri və dostluğundan söhbət açılmış, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Nəbi Xəzri, Xəlil Rza Ulutürk və digər görkəmli poeziya ustalarımızın əsərlərindən bəzi nümunələr təhlil edilmişdir.
Həmçinin repressiya qurbanı olmuş Azərbaycan və özbək şairləri, o cümlədən Əhməd Cavad, Mikayıl Müşfiq, Məhəmməd Hadi, həmçinin Çulpan, Fitrət, Behbudi və digərləri yada salınmış, onların əsərləri haqqında oxuculara məlumat verilmişdir.
Kitab böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin əsərləri ilə başlanır, gənc qələm sahiblərimizin şeirləri ilə başa çatır. Antologiyada 60 şairimiz haqqında qısa məlumat və şeirlərindən nümunələr verilmişdir. /AzərTAc/
|