Anar gənc xanım yazardan yazdı
07.10.13
Pərvinin dünyası
Bu günlərdə gənc yazıçı Pərvinin “Balerin” nəsr kitabı Türkiyədə çapdan çıxıb. Türk dilində nəşr edilən kitab nüfuzlu yayım evlərindən biri olan “Akçağ” nəşriyyatında işıq üzü görüb. Kitabı türk dilinə yazıçı-tərcüməçi İmdat Avşar çevirib. Xalq yazıçısı Anar kitaba ön söz yazıb. Ön sözü “525-ci qəzet” oxucularına təqdim edirik.
Hər bir yazıçının – əlbəttə, əgər o, sadəcə, yazı yazan deyilsə, doğrudan da əsl yazıçıdırsa – öz dünyası olur. O, bu dünyaya insanlar gətirir – əsərlərinin personajlarını. Bu personajlarla birgə sevinir, qüssələnir, aşiq olur, darıxır, inanır və aldanır. Bəzən personajlar əsərdən əsərə, hekayədən hekayəyə adlarını, qiyafələrini, bioqrafiyalarını dəyişərək keçirlər, amma hamısında müəllifin özündən pay var – onun ümidlərindən, arzularından, həyata keçmiş və keçməmiş istəklərindən, qəlbinin ən dərin yerində gizlətdiyi sirrlərindən.
Gənc nasir Pərvinin də öz dünyası var. Bu dünyanı bir sözlə səciyyələndirmək olsaydı, mən “işıqlı” sözünü seçərdim, Pərvinin dünyası işıqlı dünyadır, nurlu duyğularla dop-dolu dünyadır, bu dünyada bütün personajlar- yaxşı, xeyirxah, həssas insanlardır, bu dünyada kinə-küdurətə, paxıllığa, həsədə, nifrətə yer yoxdur. Bu da Pərvini bəzi başqa gənc yazarlardan fərqləndirən cəhətdir. Bizim günlərdə bəzən ədəbiyyat kimi qələmə verilən elə yazılarla tanış olursan ki, onları oxuyanda burnunu tutmalı olursan, çox vaxt səhifələrdən gələn üfunətə tab gətirməyib mütaliəni yarımçıq qoyursan. Belə yazılar təbii ki, yaşından asılı olmayaraq – yaşlı müəlliflərin də qələmindən çıxır, cavanların da. Hər sinndə elə qaramat adamlar var ki, mənfi aurası özlərindən qabaq görünür – tornadonu uzaqdan uzağa xəbər verən qara burulğan kimi... Pərvinin yazıları isə ətrafa sanki saflıq, təmizlik, sərinlik, ülvi hisslər çiləyir. Türkiyəli tərcüməçi dostum İmdat Avşar Pərvinin bu ölkədə çıxacaq hekayələr kitabına ön söz yazmağımı təklif etdi. Vaxtiylə Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Səlim Babullaoğlunun Türkiyədə çıxan kitablarına ön sözlər yazmışdım. Bu təklifi də məmnuniyyətlə qəbul etdim. Yazıma başlamazdan Pərvinin kitabı haqqında mətbuatımızda dərc edilmiş bəzi yazılarla tanış oldum. Bu xeyirxah yazılara sevinsəm də, müəyyən təəssüf hissi də keçirdim ona görə ki, gənc yazıçının əsərləri haqqında demək istədiklərimin bir qismi məndən qabaq deyilib. Buna görə belə yazılardan birindən, özü də istedadlı gənc yazıçı olan İlqar Fəhminin səmimi məqaləsindən ürəyimcə olan fikirləri gətirmək istəyirəm. İlqar yazır ki, gənc yazıçılardan bəziləri ədəbiyyata məhz qalmaqalla, hay-küylə, kimlərisə sancmaq meylləriylə gəlməyə çalışırlar. “Bunun səbəbini xırdalamaq istəməzdim, amma bəzi dırnaqarası böyüklər gənclərin beynini doldururdular ki, indi zamanə başqadı, indi ədəbi mühitdə özünü tanıtdırmağın, özünü təsdiq eləməyin yeganə yolu məhz kimlərisə sancmaq, kimlərisə atəşə tutmaq, yaxud da hansısa əxlaq çərçivələrini sındırmaqla diqqəti cəlb eləmək, orijinal görünməkdir...Pərvin də bu mühitə qədəm qoyan gündən bütün hay-küylərdən, qalmaqallardan kənarda dayandı.”
Təbii ki, Pərvin yalnız hər növ qalmaqallardan, hay-küylərdən uzaq durmasıyla deyil, əsrlərin sınağından çıxmış mənəvi və əxlaqi dəyərlərə sadiq qalmasıyla da seçildi. Bunu gənc yazıçı haqqında dəyərli məqalə yazmış başqa bir müəllif, Xalq şairi Sabir Rüstəmxanlı da xüsusi vurğulayır: “Pərvin yaşında ədəbiyyata yetkin ağılla, saf cilalı dillə, mənəvi, əxlaqi dəyərlərə sayqı ilə başlayanlar az olub. Bu nəticəyə məni gətirən həm də onun araşdırıcılıq fəaliyyəti, cəmiyyət, ailə, ədəbi mühit, vətəndaşlıq borcu, insanlıq haqqında düşüncə və qənaətləridir”.
Mən bu fikirləri də paylaşıram və Pərvinin uğurunun üç tərkib hissəsini xüsusi qeyd etmək istəyirəm – orijinal istedad, iti ağıl və fantastik, yorulmaz zəhmətkeşlik. Bunlara dördüncü bir keyfiyyəti –fenomenal yaddaşı da əlavə etmək olar.
Yazıçının iş prosesini lazımınca təsəvvür edə bilməyənlər onun yalnız masa arxasında yazı yazdığı anlarını iş saatı sayırlar. Əslində isə yazıçı hər gün, hər saat, gecə-gündüz işləyir. Yalnız yazı yazanda yox, mütaliə edəndə də, musiqi dinləyəndə də, kimlərləsə söhbət edəndə də, ətrafı müşahidə edə-edə sadəcə küçəylə gedəndə də, susub fikirlərə dalanda da...Bu mənada Pərvinin zəngin mənəvi dünyası – geniş mütaliəsi, ədəbi və musiqi zövqü, insanları dinləyə və anlaya bilmək bacarığı yenə də onun fitri istedadıyla birlikdə gərgin zəhmətiylə də bağlıdır. Bütün bunların nəticəsində isə o yaşından çox-çox böyük həyat təcrübəsinə, dünya haqqında, insan münasibətləri haqqında kamil biliklərə malikdir. Yenə də İlqar Fəhminin dəqiq müşahidəsinə istinad edəcəm. İlqar qeyd edir ki, gənc yazıçının hekayələrini ardıcıl mütaliə edəndə, “oxucunun gözünün qarşısında Pərvinin çox maraqlı bir daxili portreti, ruhani obrazı canlanır. Adama elə gəlir ki, bu insanın içində öz fiziki yaşından çox-çox kiçik olan kövrək bir qızcığaz və bu yaşdan qat-qat böyük olan dünyagörmüş, müdrik bir qadın əyləşib.”
Tamamilə doğrudur. Bu baxımdan Pərvinin ilk hekayələr kitabından başqa onun son aylarda başladığı maraqlı bir layihədən də söz açmaq yerinə düşər. Pərvin “525-ci qəzet”də çox əsrlik poeziyamızın “Yüz gözəl sevgi şeirini” təqdim edir. Seçdiyi şeirlərə verdiyi şərhlər o qədər dərin və mənalıdır ki, sanki həmin örnəklərlə tən gələn onların nəsr variantını yaradır, psixoloji nəsr vasitəsiylə onların daha dərin qatlarına varır, bu şeirlərdən öz dünyagörüşünə, öz duyğularına uyğun nəticələr çıxarır və oxucuları da bu əbədi nümunələri yeni gözlə oxumağa çağırır, onları məhəbbətin bu əsərlərdə əksini tapmış ən müxtəlif çalarları barəsində düşünməyə vadar edir...Eyni ciddilik, eyni professional səriştə Pərvinin müxtəlif peşə sahibləriylə, özündən çox-çox yaşlı tanınmış adamlarla apardığı söhbətlərdə, müsahibələrdə də görünür. Pərvin müsahibinin fəaliyyətiylə qabaqcadan ətraflı tanış olduğu üçün, ona ötəri deyil, işinin, şəxsiyyətinin mahiyyətiylə bağlı konkret suallar verir, ona görə bu müsahibələr böyük maraq doğurur.
Amma təbii ki, Pərvini gənc yaşlarından, ilk kitabından məşhurlaşdıran, ona haqlı olaraq bir neçə ədəbi mükafat qazandıran- nəsridir, əsas hekayələri toplanan “Qar yağacaq” kitabıdır. Kitaba ön söz yazan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid əmin olduğunu bildirir ki, Pərvin “Ədəbi yaradıcılıq sahəsində fəaliyyətini uğurla davam etdirəcək və gələcəkdə Azərbaycan ədədiyyatını layiqincə təmsil edəcək”.
Kitabla ilk tanışlığımdan sonra Rəşadın bu fikrini bölüşürəm. Kitabı oxuduqca gözlərim qarşısında fransız impressionist rəssamlarının, məsələn Klod Monenin, Kamil Pisarronun, ya da bizim Səttar Bəhlulzadənin bəzi tabloları canlandı. Elə bil bu hekayələrdəki yağış Pisarronun “Paris bulvarında” yağan yağışın Azərbaycan nəsr diliylə verilmiş təsviridir. Monenin sis-duman içində peyzajları, ya Səttarın Abşeron təbiətini canlandıran tabloları yada düşür. Pərvinin hekayələrindən hiss olunur ki, o mükəmməl və sağlam ailə tərbiyəsi görmüşdür, ailəsinə çox bağlı bir insandır və ailə dəyərləri onunçün son dərəcədə önəmlidir. “Samir üçün” hekayəsində mühitin eybəcərliyindən əziyyət çəkən insanın yalnız ailəsində, konkret olaraq bacısıyla ünsiyyətdə dayaq axtarması, valideynləriylə kövrək münasibəti, onları incitməmək istəyi və eyni zamanda baş götürüb harasa getmək niyyəti psixoloji ayrıntılarla əks olunub, finalda balaca uşağın səbrlə topladığı qəpikləri atasını saxlamaq üçün sərf etmək fədakarlığı, bu təşəbbüsün sadəlövhlüyü oxucunu riqqətləndirir.
“Eee...dayan” hekayəsində zamansızlıq məkanına düşmüş xəstənin, komadamı, ya başqa bir haldamı ailəsinə, övladlarına, keçmişinə, xatirələrinə bağlılığı onu yenidən həyata qaytarır.
Maraqlı yazılardan biri də “Çarəsiz yalan” hekayəsidir. Şuşasından didərgin düşmüş qoca nənənin ən böyük arzusu doğma yurduna qayıtmaqdır və yaxınları ölüm qabağı onda bu illüziyanı yaradır, çarəsiz yalana əl atırlar. Guya ki, onu Şuşaya apardıqlarını deyirlər. Hekayə nənənin ölümüylə bitsə də, yazıçı bu sonluqda da nikbin bir şey tapır, yazır ki, nənə sevindiyindən öldü... Pərvinin xislətində qoruyub saxladığı uşaqlıq ruhunun nəticəsidir bu... axı ancaq uşaqlar hər şeyin yaxşı bitməsini istəyir və gözləyirlər. Bu hekayənin təsir qüvvəsi elə böyük oldu ki, “Ulduz” jurnalının özəl layihəsi əsasında bir neçə yazıçı ona öz sonluqlarını yazdılar. Bu sonluqlardan uğurlusu da oldu, uğursuzu da. Bir sonluq da mənim ağlıma gəldi, amma daha gecdi, layihə tamamlanmışdı. Ağlıma gələn sonluq isə belə olmalıydı ki, ölümündən bir il sonra yaxınları Şuşadan çox uzaqlarda dəfn olunmuş nənənin qəbri üstünə gələrkən görürlər ki, burada yalnız Cıdır düzündə bitən Xarıbülbül gülü bitib. Bu rəmz nənənin basdırıldığı yad yerdə Şuşa ruhunun canlanmasına işarə olardı.
“Qucci Fatoş” hekayəsində ahəng, harmoniya axtarışı, Pərvinin nəslinə xas olan və yazıçının yaxşı bildiyi markalar, brendlər, geyim, ətirlər, jarqon xüsusiyyətləri – bunların bir-birinə uyğunluğu və ya uyğunsuzluğu sanki insanın yox, manekenin baxışıyla verilir və təbii ki, belə bir insan sonda özü də manekenə çevrilir. Orijinal tapıntıdır. Bu mövzunun ciddiliyi isə yüngül ironiyaya (bu da Pərvinin üslubu üçün səciyyəvidir), zərif istehza, xəfif rişxənd çalarlarıyla yumşalır. Özünü həmişə nəyəsə gərək bilmək istəyi “Bankomat” hekayəsinin qəhrəmanı Timaya da xasdır. Tima zəif, savadsız olsa da, həyatında bir məqsəd, məna, insanlarçün faydalı olacaq bir iş axtaran personajdır. Yenə də müəllifin xəfif ironiyasıyla bu məqsədi bankomata bağlanmaqda tapır. O bankomatda bütün işçilərin hesab kodunu bilsə də, bunlardan öz tamahı üçün istifadə etmək ağlına belə gəlmir, insanlara köməyi də tamamilə təmənnasızdır.
Bu mənada Pərvinin heç bir hekayəsində pis adam yoxdur. Qəribə, qeyri-adi adamlar var, amma yaramazlar yoxdur. Bəlkə tək bir “Şərq şirniyyatı” hekayəsindəki yaşlı qadın istisnadır. Ancaq onu da sırf mənfi personaj saymaq olmaz. Ömrünün bəlkə də son aşamasında gənc bir oğlanla mazaqlaşmaq həvəsi onu cavan, cazibədar qızın qarasınca danışmağa sövq edir. Hekayənin məğzi, bu qadının ifşa olunması yox, gənc qızın həyatda ilk xəyal qırıqlığı, insanlara inamının zədələnməsidi. Əlbəttə qızın ilk baxışdan özünə qaynana seçməsi, onun hələ üzünü belə görmədiyi oğluyla ailə qurmaq planları yenə də müəllif ironiyasının təzahürüdür. Belə azacıq sezilən ironiya “Sevimli...zərif...mənim” hekayəsində də var. Pərvinin hekayələrinə xas olan cəhət (Heminqueyin təbirini xatırlasaq) əsas mətləbin çox hissəsinin aysberq kimi suyun altınla qalıb görünməz olmasıdır. Bu hekayənin də bir neçə qatı var. Yalançı və doğruçu mitinqlərə istehza, onların şişirdilərək rəsmilərin təlaşlarına səbəb olması, televiziya sensasiyabazlarının canfəşanlığı satirik boyalarla verilib. Amma rəssamın pəncərə ardında gördüyü gözələ ilk baxışdan, bir qəlbdən min qəlbə vurulması, onun uzaqdan uzağa bir neçə dəqiqə ərzində şəklini çəkməsi, sonra bu şəkli “Sevimli...Zərif...Mənim...” sözləri yazılmış kağızla həmin qadına göndərməsi, qadının da bundan cuşə gəlib rəssamın ardınca qoşması – realist təsvirdən çox nağıl estetikasına aid edilə bilər. Restoranda pəncərə ardında görünən gözəl qadın isə sanki mahir bir operator tərəfindən çəkilmiş kino kadrıdır. Hekayənin dərin qatında olan fikir, məncə bundan ibarətdir ki, kütləyə və kütlənin oyununa qoşulanların hay-küyü içində onu duymaq lazımdır ki, işıq, yaşamaq eşqi, həyat həvəsi və sevgi möcüzəsi tamam başqa yerdədir.
Xəfif ironiya “Professional” hekayəsinə də xasdır. Bəzi qadınların həmişə hər şeydən narazı qalmaları canlı detallarla verilib. Nədənsə “Kitabi Dədə-Qorqud”un müqəddəməsində bu sayaq qadınlara verilən səciyyə yadıma düşdü. Belə deyingən qadınların arasında birdən-birə ləyaqətli insanın obrazı meydana çıxır, fəhlə ərinin sadədən sadə peşəsiylə öyünən, onun məhz peşəkarlığı, professionallığıyla qürur duyan qadının ərini bu cür təqdim etməsinin səbəbi sevgidir. Pərvinə görə sevgi insanı komplekslərdən xilas edən, ona xoşbəxtlik və rahatlıq bəxş edən ilahi bir duyğudur.
“Fiona” hekayəsini də yalnız qadın yazar yarada bilərdi. Çünki iki qadının münasibətlərində elə incə çalarlar var ki, bu müşahidə yalnız qadın müəllifinki ola bilər. Hekayəni danışan adamın Əsmərə münasibəti məhz həssas qadın yanaşmasıdır. Əsmərin ərinin öldüyünü biləndə sanki ona təsəlli vermək üçün – guya ki, öz nisgilini, sonsuzluq nisgilini ona açır, uşaq doğa bilməməsinə yalandan inandırır onu. Bu da psixoloji baxımdan dəqiq tapıntıdır, bəzən insan başqasının dərdini görəndə öz dərdlərini unudur, yaxud daha kobud variantı nəzərə alsaq, rahat olmaq üçün başqasının bədbəxtliyini bilmək lazım olur. Əsmərin həqiqi faciəsi böyükdür, amma başqasının dərdi elə bil ona təsəlli verir. Elə məhz buna görə hekayənin qəhrəmanı öz “bala bəlasını” uydurur. Amma hekayədə toxunulan məsələlər bunlarla bitmir. Əsərin qəhrəmanı Əsmərə Amerika multfilmlərinin personajı olan Fiona oyuncağını bağışlayır və oyuncağın kiminsə uşağına sevinc gətirəcəyini düşünəndə öz analıq hisslərini, gizlətmək ya yubatmaq istədiyi həqiqi duyğularını da biruzə verir. Amma hekayənin daha bir qatında bu xeyirxah niyyət də baş tutmur. Əsmər sonsuz bir qadının hədiyyəsini qızına çatdırmır ki, düşər-düşməzi olar...Bu da milli psixologiyamıza aid olan müəyyən cəhətlərin dəqiq əksidir. Əsərin qəhrəmanı hədiyyəsinin göndərdiyi ünvana çatmamasını biləndə xəyal qırıqlığına uğrayır. Hekayə həmin qadınçün bu qədər əhəmiyyətli hədiyyənin ünvanına çatmamasından doğan yüngül təəssüf hissiylə tamamlanır. Mən “yüngül”, “incə”, “zərif” sözlərini əbəs yerə işlətmirəm, bütün bu qəliz mətləblər yağlı boyalarla yox, xəfif akvarel rəngləriylə rəsm edilib. İmpressionistlərin yağlı boyalarla çəkdiklərini Pərvin nəsrdə akvarel boyalarla canlandırır.
Kitaba ad vermiş “Qar yağacaq” hekayəsi, məhz belə akvarel boyalarla çəkilmiş lövhədir. Həyatda əsəb xəstəlikləri də var, dilənçilik etməyə məcbur olan biçarələr də... Amma həyatda insanın gəncliyindən doğan ümid də var, daha xoşbəxt gələcəyə inam da. Və qoy bu inam, bu ümid, rəmzi bir şəkildə yağışın yağması, ya qarın yağacağıyla bağlı olsun. Hər halda bu da bir təsəllidir. Və bu yağış, qar həsrətini Pərvin təsirli sözlərlə ifadə edə bilmişdir:
“Yağış səhərdən yağsa da, havadan qar iyi gəlirdi...Sanki qar bir az qoxusundan yağışa verib onu özündən əvvəl kəşfiyyata göndərmişdi...Bəlkə yağış heç hirslənmirdi də, indi ona göstərdiyim yeganə və böyük ehtiramdan – çantamdakı çətirdən istifadə etməməyimdən məmnun idi. Elə fikirləşirdi ki, onu saçlarıma qovuşdurmaq üçün belə edirəm”...
“Qar yağacaq” hekayəsindən gətirdiyim parçanın üslubu kitabdakı ən iri həcmli əsərdə – “Balerina” kinopovestində artıq əsas təhkiyə tərzində meydana çıxır.
“Balerina” kino-povestinin kitabda özəl və əsas yeri var.
Müəllif bu əsərini kinopovest adlandırıb. Doğrudan da əsərdə lentə çəkilmək üçün xeyli material var –ardıcıl süjet xətti, hadisələr, aktyorların ifa edə biləcəyi personajlar. Amma bununla bərabər mətndə müəllifin özünün də yaxşı dərk etdiyi kimi, çəkilməsi mümkün olmayan yerlər də var. “Yerə tökülmüş gülüş qabıqlarını iri planla” necə çəkəsən? Yaxud “Yerə səpələnmiş sualları tapdalaya- tapdalaya yuxarı qalxmağı” ekranla necə ifadə etmək mümkündür? Doğrudur, müəllif bilərəkdən belə üsullara əl atır ki, çəkilişin emosional gücünü artırsın: “Kamera mətbəxin qapısına söykənib uşağı çəkir, çəkdikcə ƏSƏBİLƏŞİR (kursiv mənimdir- A.), hər tərəfi yanmış rezin qoxusu bürüyür”. Məgər Pərvin çağdaş kinonun qoxuları verə bilməməsindən xəbərsizdir. Əlbəttə bunu bilir, amma təsvirin reallığını daha da əyaniləşdirmək üçün bu sayaq ayrıntılardan istifadə edir. Təhkiyəsinə görə bu əsəri kinopevest yox, kinopoema adlandırmaq daha uyğun olardı. Ümumi təəssüratım belədir ki, əsərin süjet xətti ənənəvidir, məsələn Anna Manyaninin iştirakıyla çəkilmiş “Hamıdan gözəl qızım” adlı İtalyan filmi yada düşür. Əsərin süjetindən daha maraqlı onun yazılış üslubu, təhkiyə tərzidir. Konkret məvhumlarla mücərrəd anlayışların vəhdətdə verilməsi, bir-birinə qəribə bir şəkildə calanması, qoşulması, şübhəsiz gənc müəllifin uğurlu və orijinal tapıntısıdır, bu tapıntılar bənzərsiz effekt yaradır. Əsərdən bir neçə misal: “Çarpayının üstündə uçuşan nağıllar... tünd həsrət rəngində divar kağızı... dodaqaltı zümzümə edən royal...keramik güldanın içindəki uzun ümidlər... meyvəqabının içindəki xatirələr ...sonra tam göyərən masmavi musiqi...gecənin yuxusunu əynindən çıxaran, səhəri səliqəylə əyninə geyinən qadın...divarları kənar baxışlardan gizlətmək istəyən çiyin-çiyinə dayanmış güzgülər...qutudan bir acı vərdiş götürüb damağına qoyan kişi...musiqi gölməçəsi...paxıllıqdan ağzı açıq qalmış royal...(Pərvinin yazılarında yeganə paxıl bu royaldır-A.) əsnəyib gözlərini açan noutbuk... külqabıda kədərin üstünə basılıb söndürülən siqaret”... – bunlar mətndəki poetik təşbehlərin yalnız bir neçəsidir, onların sayını xeyli artıraraq bir şairin şeir kitabını bəzəyə biləcək miqdara çatdırmaq olardı.
Əsərin əsas qəhrəmanı qadının xasiyyətindəki, təbiətindəki qeyri adilik, əcaiblik, çılğınlıq, tərslik qızını məşhur balerina görmək inadçıllığının manikallığı onun içində olduğu hadisələri də belə qəribə təşbehlərlə təsvir etməyə əsas verir. Qızının balerina ola bilməyəcəyi barədə ağır xəbəri eşidəndə, qadın tamam başqalaşır, mələk qəddar bir iblisə çevrilir, hamıya, o cümlədən onacan mehriban olduğu qonşularına, sevdiyi kişiyə, hətta gəncliyini, qadın səadətini, bir sözlə bütün həyatını qurban verdiyi qızına belə qənim kəsilir, hamını acılayır, təhqir edir, incidir. Əvvəllər heç kəsi narahat etməmək üçün ehmallıca çıxdığı pilləkanları indi qəsdən cırıldada-cırıldada çıxır. Bu təbəddülatın əyani obrazı – bu yerdə həqiqi kinematoqrafik kadr görünür – qadının əsəbi vaxtında üzünü pəncərə şüşəsinə dirəməsi və buna görə də sifətinin eybəcərləşməsidir.
Əsərə bir iradım var – onun sonluğunadır bu irad. Ciddi təsvirlərlə qələmə alınmış yazının Hollivud HEPPİ END-iylə tamamlanması məni qane etmədi. Şərti, poetik, hardasa sürrealist boyalarla çəkilmiş tablo sonda nikbin plakatla tamamlanır. Mənə elə gəlir ki, iki sevdiyi insan – kişi və qızı onu bu depressiyadan qurtarmaq üçün realist planda işlənmiş və deməli əvvəlcədən də asan həll oluna biləcək vasitəylə deyil, başqa bir “çarəsiz yalana” əl ataraq xilas etməli idilər. Qızının guya ki, böyük uğurla çıxış etdiyi və ona görünməmiş şöhrət gətirən bir tədbirin yalançı video çəkilişini təşkil edə və bunu anaya göstərməklə onu ağır iztirablardan qurtara bilərdilər. Bu xoş sonluq, bəxtəvərlik illüziyası Pərvin dünyasının nikbin mahiyyətinə də, əsərin məntiqinə də daha uyğun olardı, mənim fikrimcə. Amma bu əlbəttə sırf şərti təklifdir, əsər tamamlanıb, nəşr olunub, tanınıb, mükafatlandırılıb, mətbuatda müsbət rəylər qazanıb. İndi də Türkiyə oxucularına məhz belə – yazıldığı şəkildə çatdırılır. Türkiyə oxucusunun istedadlı gənc yazarımızla tanışlıqdan məmnun qalacağına əminəm.
Pərvinin kitabının təqdimatında dediyim fikri təkrar etmək istəyirəm, yazıçının şübhəsiz istedadına verdiyimiz yüksək qiymət müəyyən mənada bir avansdır. Pərvinin ayıq başı bu başın təriflərdən əsla gicəllənməyəcəyinə təminat verir, özünə son dərəcə sakit, tənqidi münasibəti, yaradıcılığına tələbkarlığı isə gələcəkdə daha böyük uğurlar qazanacağının rəhnidir. Pərvin ədəbiyyat dünyamıza öz dünyasıyla daxil olur. Bu dünyanın getdikcə daha da genişlənəcəyinə, zənginləşəcəyinə, işıq və sevgi dolu bir aləm kimi uzun illər yaşayacağına, oxucularını, onu sevənləri sevindirəcəyinə inanıram. /525.az/
|