Məşhur yazıçıdan 10 tövsiyə
02.10.13
Joyce Carol Oates (Coys Karol Outs) müasir amerikan ədəbiyyatının ən məhsuldar və tanınmış yazarlarındadır. Bu il hətta adı Nobel mükafatı almağa ən şanslı namizədlərdən biri kimi hallandırılır. O, əsərlərində realist və qotik üslubu birləşdirib. Əsərlərində zorlama, insest, uşaq istismarı, təcavüzkarlıq, alçaltma, bədbəxt ailələr mövzusu çoxluq təşkil edir. Yazıçı bu yaxınlarda Twitter-də, yazmağa yeni başlayan yazıçılara məsləhətlərini verib:
1. İçinizdən gələni yazın.
2. İlk cümlə ancaq son cümlə yazıldıqdan sonra yazıla bilər. İlk qaralamalar cəhənnəm, son qaralamalar cənnət kimidir.
3. Unutmayın ki, gələcək nəsillər üçün deyil, öz yaşıdlarınız üçün yazırsınız. Əgər şansınız olsa, yaşıdlarınız gələcək nəslə çevrilə bilər.
4. Oskar Uaylda qulaq asın: “Səmimiyyət az miqdarda təhlükəlidir, çox miqdarda isə ölümcül ola bilər”.
5. Əgər hansısa fəsli necə bitirəcəyinizi bilmirsinizsə, əsərə tapançalı bir adam daxil edin. (Bu mənim yox, Reymond Çandlerin tövsiyəsidir. Mən buna getməzdim.)
6. Əgər əsərlərinizdə hansısa düyünlü, dolaşıq və müəmma dolu formaları sınaqdan keçirmirsinizsə, yazdıqlarınızı adzaslara bölmək imkanından istifadə etməyi unutmayın.
7. Öz redaktorunuz (tənqidçiniz) olun. Xoşməramlı, amma eyni zamanda amansız bir redaktor!
8. İdeal oxucunun, ya da oxucu kütləsinin zövqünü əvvəlcədən ehtimal etməyə çalışmayın. Ola bilsin belə bir oxucu kütləsi var, amma onlar başqa birisini oxuyurlar.
9. Sıx-sıx oxuyun, dinləyin və müşahidə aparın! – sanki, həyatınız bundan asılıymış kimi.
10. İçinizdən gələni yazın.
Tərcümə edən: Namiq Hüseynli
/oxuzali.az/
|