“Baku Creativ Center” də tanınmış yazıçı-publisist Həmid Herisçinin “Zero” nəşriyyatında yenicə çapdan çıxmış “Portretlər” kitabının təqdimat mərasimi keçirildi. Çoxsaylı qonaqların iştirakı ilə baş tutan tədbirdə çıxış edən müəllif son kitabı haqda öz fikirlərini belə açıqladı: “Azərbaycan ədəbiyyatında portret janrı işlənməmiş bir janrdır. Ən tanınmış imza sahibləri belə, az sayda sözlə portret çəkə biliblər. Ona görə də mənə elə gəlir ki, bu janrla biz ədəbiyyatımızın çərçivəsini xeyli genişləndirə bildik. Yeni bir janr gətirdik Azərbaycana.
“Portretlər” in özəlliyinə gəldikdə isə qeyd edim ki, mən bu əsəri ikibaşlı yazmışam. Əslində bunlar həm də hekayələrdir. Yəni hər tanınmış bir insan haqqında çalışmışam bir hekayə yazım, yaxud həmin şəxsi hekayə mövzusunun qəhrəmanına çevirim ”.
Tədbirdə iştirak edən Ümid Partiyasından prezidentliyə namizəd, deputat İqbal Ağazadə isə portret janrının ağırlığından və ədəbiyyatın, sözün dəyərindən danışdı: “Mənim üçün çox xoşdur ədəbi mühitə, ədəbiyyata bağlı olan insanları bir yerdə görmək. Mən Həmid Herisçinin oxucusuyam. Ancaq mənim üçün ədəbiyyatda söz, sözün çəkisi qiymətlidir. Ona görə də seçmirəm ki, bu yeni yazardır və ya köhnə. Çalışıram ki, yaxşı əsərlərin hər birini oxuyum. Həmid bəyin bu kitabına gəlincə isə burda mənim portretim də yaradılıb. Ancaq mən bu portretdən qətiyyən narazı deyiləm. Həmid bəyin pəncərəsindən öz dünyama baxmaq mənim üçün çox xoşdur”.
Xatırladaq ki, çoxsaylı oxucuların, ictimayyət nümayəndələrinin iştirakı ilə baş tutan mərasimdə oxucular müəllifin imzası ilə “Portretlər” kitabını əldə etmək imkanı da qazandılar.