Elçin Hüseynbəyli: “Maaşlarımız həddən artıq aşağıdır” - MÜSAHBƏ
26.09.13
Azərbaycan Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca qurum daxilində qarşıdurmalar, mübahisələr şiddətlənir. Ən çox söz-söhbətə səbəb olan isə AYB-nin nəşrləridir. Hamı qurultaydan sonra dərgilərdə baş verəcək dəyişiklikləri gözləyir.
Tanınmış yazıçı, jurnalist, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin müsahibəsi.
-Elçin müəllim, üzvü olduğunuz qurumun qurultayı niyə gecikir?
- AYB-nin qurultayının təxmini vaxtı dəfələrlə elan olunsa da sonradan təxirə salınıb. Qurultayın ge-cikməyinin çox səbəbləri var. Bir dəfə qurumun 75 illiyini keçirdik, bir dəfə başqa bir tədbir oldu. Bu il də prezident seçkiləri ilə əlaqədar olaraq gecikmələr olur. Bu da təbiidir. Qurultayın keçirilməsi üçün birinci maliyyə məsələsi həll olunmalıdır. Bunun üçün də Maliyyə Nazirliyinə müraciət etmək lazımdır. Yerlərdə konfrans keçirməliyik, orada nümayəndələr seçməliyik. Bu tip texniki məsələləri bu il ərzində çatdırmaq bir az çətindir. Bundan başqa, gələn il 80 illik yubileyi-mizdir. Düşünürəm ki, qurultay təxminən yazda keçirilər. Əgər yubileyi yazda keçirməyi çatdırsaq, payızda da qurultayı keçirərik.
- Qurultaydan sonra “Ulduz” jurnalından uzaqlaşa bilərsinizmi?
- Mən istərdim ki, “Ulduz” jurnalından gedəm. Bilirsən, ümumiyyətlə, cəmiyyət iyerarxiya üzərində qurulub. Yəni pilləli idarəetmə sisteminə malikdir. Ona görə də mən düşünürəm ki, başqa bir vəzifəyə getməyim çox yaxşı olardı. Eyni zamanda, “Ulduz” jurnalına da daha enerjili, yeni təfəkkürlü, yeni ideyalı birisinin rəhbərliyə gətirilməyinə ehtiyac var. Mən həmişə onu demişəm ki, AYB-də dinamik-ləşməyə, çevikləşməyə ehtiyac var. Onun üçün də işlək, enerjili, ideyalı funksionerlər lazımdır.
- Bir aralar sədrliyə namizəd olacağınızı bildirmişdiniz. Bu fikirlər hələ də qalır?
- Sədrliyə namizədlik məsələsi belədir: Anar müəllim hazırda sədrdir. Gələcəkdə o, namizədliyini irəli sürsə, biz əlbəttə, Anar müəllimi dəstəkləyəcəyik. Ancaq o, bunu istəməsə, mümkün namizədlərdən biri də mən ola bilərəm. Bu da yalnız ədəbi cameədə mənə olan etimaddan asılıdır.
- Ədəbi cameənin etimadı vacibdir, yoxsa Anar müəllimin razılığı?
- Əlbəttə, hər ikisi vacibdir, amma konkret fikir söyləməkdən ötrü hörmətli Anar müəllimin qərarını gözləyirəm.
- Yazıçılar Birliyinin digər nəşrləri kimi “Ulduz” jurnalı da çox tənqid olunur. Sizcə, hazırkı büdcə ilə bundan daha yaxşı jurnal çıxarmaq mümkündürmü?
- “Ulduz” jurnalı mənim yaradıcılığımın bir hissəsidir. Mən bu jurnala yalnız təşkilatçılıq baxımından vaxt sərf edirəm. Ancaq bizi qane etməyən məsələlərdən biri maaşların həddən artıq aşağı olmasıdır. Ona görə də deyəndə ki, “Nəyə görə ”Ulduz" jurnalı yüksək keyfiyyətlə çıxmır?" Cavab verirəm ki, bizə ayrılan maliyyə buna imkan vermir. Nəzərə alsaq ki, bizim əməkdaşlarımız ayda yüz əlli manat pul alırlar, onda yüksək keyfiyyətli iş gözləmək də düzgün deyil. Bu maaş təqaüdçülərə verilən pul qədərdir. Buna görə də mən jurnalın işçilərinə şərait yaratmışam ki, onlar əlavə iş yerlərində də çalış-sınlar. Ancaq düşünürəm ki, istər Yazıçılar Birliyinin rəhbərliyi, istərsə də, əlaqədar qurumlar bu barədə ciddi düşünməlidir. Bir variant da budur ki, müxtəlif layihələr vasitəsilə jurnalımızın büdcəsi artı-rıla bilər. “Ulduz”un satışından gəlir götürmək çətindir. Çünki bizdə infrastruktur elə qurulub ki, biz vahid mühasibatlıq sistemində fəaliyyət göstəririk. Bizim özümüzün ayrı hesabımız yoxdur. Əgər bizim ayrıca hesabımız olsa onda jurnalın tirajını artırıb, satışdan gəlir də əldə edə bilərik. Ancaq hazırda bizə ayrılmış məbləğlə beş yüz tiraj çap edə bilirik.
- Digər nəşrlərə ayrılan pul necə, kifayət qədərdirmi?
- Bu məsələdə mənim öz təklifim, öz fikrim var. İstərdim ki, AYB-nin nəşrlərində ixtisar aparılsın. Yazıçılar Birliyi tərəfindən çap olunan jurnalların birləşdirilməsinin tərəfindəyəm. Bütün dərgilərimiz toplu şəklində üç dildə çıxmalıdır. Azərbaycan dilində ayda bir dəfə, rus dilində rüblük, ingilis dilində isə illik nəşrlər təsis etmək olar. Bundan başqa, “Ulduz” jurnalının elektron variantını hazırlamağı düşünürük. Əgər belə olarsa, onda bizim dinamikliyimiz artacaq. Elektron variant isə hər gün yenilənə bilər.
- Maraqlı təkliflərdir...
- Bu cür planlarım çoxdur. Ancaq o tənqid edənlərə bildirmək istəyirəm ki, hazırkı maliyyə imkanları daxilində bundan daha yaxşı jurnal çap etmək olmaz. Biz aşağı vəsaitlə yüksək işlər görə bilmişik. “Ulduz” jurnalı Azərbaycanda bütün yazarları çap edən ilk ədəbi orqandır. Hazırda köşə yazarları olan çox məşhur imzalar hamısı bizim jurnaldan çıxıblar.
- Bu günlərdə, III Bakı Kitab Sərgi-Yarmarkası keçirilir. Sərgidə iştirak etmisinizmi? Ümumi abi-ha-va xoşunuza gəldimi?
- Mən kitabla bağlı hər bir tədbiri alqışlayan adamam. Artıq bu sərgi üçüncü ildir ki, keçirilir. Bu tipli tədbirlər həm ədəbiyyatımızın, həm mədəniyyətimizin, həm də kitab satışının inkişafına çox böyük töhfələr verəcək. Mən bu gün ora yenə gedəcəm. Çünki mənim naşirim istəyir ki, əsərlərimi Rusiya bazarına çıxarsın. Mən naşirimlə danışmışam. Niyə biz sərgidə iştirak edən Rusiya nəşriyyatları ilə birbaşa əlaqə yaratmayaq?
- Ümumiyyətlə, ölkədəki kitab bazarının ümumi səviyyəsi sizi qane edirmi?
- Azərbaycanda kitab satışı SSRİ dağılandan sonra çox aşağı düşdü. Hətta mən deyərdim, sıfır həddinə. Naşirlərimizin hesablamalarına görə, hazırda aktiv ədəbiyyat oxucusu beş mindir. Bunlardan yalnız mini kitab alır. Kitab bazarında son dövrlərdə inkişaf var. Bu da bizim çox fədakar naşirlərin hesabınadır. Onlar kitabların küçə satışını, fərdi yarmarkaları təşkil edir. Amerikalı bir araşdırmaçı Bakıya gəlmişdi. Mənimlə də görüşdü. Görüş zamanı o dedi ki, sizdə kitab satışı demək olar ki, yoxdur. Amerikada kitab kultu var. Hər yerdə kitaba rast gəlmək olar. Yadımdadır, “Qanun” nəşriyyatının bir aksiyası var idi. Kitab üzərində olan əlavə dəyər vergisinin ləğvini nəzərdə tuturdu. Yazıçılar Birliyi də bu aksiyaya qoşulmuşdu. Ancaq çox təəssüf ki, heç bir nəticə olmadı. Bilirsinizmi, əslində hər hansı bir dəyişikliyə nail olmaq üçün ardıcıl fəaliyyət göstərmək lazımdır. Yəni bir dəfə müraciət etməklə kifayətlənmək olmaz.
- Mətbuata çox açıq adamsınız və mənə elə gəlir ki, bu sizin jurnalist olmağınızdan qaynaqlanır. Bu günki jurnalistikanın səviyyəsi sizi qane edir?
- Azərbaycanda jurnalist peşəkarlığı gündən- günə aşağı düşür. Bizdə azad bazar iqtisadiyyatı və rəqabət zəifdir. Özəl strukturlar iqtisadi baxımdan kifayət qədər geniş imkanlara malik olmalıdırlar ki, onlar da hər hansı bir mətbu orqanı maliyyələşdirə bilsinlər. Bundan sonra Azərbaycanda jurnalistikanın vəziyyəti yaxşılaşa bilər. Amerikada qəzetlərin heç biri pullu deyil. Bütün qəzetlər oxuculara pulsuz paylanır. Çünki reklam verən şirkətlər belə tələb edir. Bizim jurnalistikanın o vəziyyətə gəlib çıxması üçün düşünürəm ki, uzun bir dövrə ehtiyac var.
- Yaradıcılığınızda nəkimi yeniliklər var? Hazırda nə yazırsınız?
- Hazırda iki xırda povest üzərində çalışıram. Bunlardan biri “Çudak” povestidir. Qəhrəmanın adı ilə adlandırmışam əsərin adını. İkincisi də “Mən necə qəhrəman oldum” povestidir ki, bu da mənim əsgərlik macəralarımdan bəhs edir. Hər iki povestim ironik tipdə yazılıb. Eyni zamanda, beş kitabım nəşrə hazırlanır. Bu kitablarımdan biri “Azıx adam” romanımdır ki, ilk dəfə nəşr olunacaq. Qalan dördü isə “Yovşan qağayılar” , “Balıq adam” , “Tut ağacı boyunca” və “Metro vadisi” isə təkrar çapa verilib. “Qələm” nəşrləri ilə danışığım olub. Bu kitablarla yanaşı hekayələrimdən ibarət kitab da çap edəcəyik. Xaricdə yaşayan soydaşlarımızla da əlaqələrimiz davam edir.
- Siz tez-tez xaricdə də çap olunursunuz...
- Litvada Qarabağ hekayələrindən ibarət kitabım çap mərhələsindədir. Gürcüstanda da hekayələrim tərcümə olunur. Bir şeyi də qeyd edim ki, xaricdə çap olunan kitablarımın tərcüməsinə və çapına pul xərcləmirəm, kitablarım xaricdə dostların hesabına və nəşriyyatların təşəbbüsü ilə çap olunur. /teleqraf.com/
|