Mövlud Süleymanlı: “Anar romanımı oxuyub qonaqlıq verdi” - MÜSAHİBƏ
26.09.13
“Anarı ziyalı kimi Azərbaycan xalqının çox gərəkli insanı hesab edirəm”
- Mövlud müəllim, xeyli vaxt sizə zəng çatmadı. Deyəsən, səfərə çıxmışdınız. Gəlin, söhbətimizə elə burdan başlayaq: hara getmişdiniz, niyə getmişdiniz? - 15-20 gün əvvəl Zəlimxan Yaquba zəng elədim. Mənə nə desə yaxşıdır: “Mövlud, təsəvvür eləməzsən, nə vaxt zəng edibsən, indi dağ Borçalıda bir gədiyə qalxıb, sizin kəndə baxıram”. Zəlimxana zəng vuranda elə haldaydım, necə deyərlər, göz yaşı kirpiklərimin ucundaydı. Kəndimizin adını çəkməsi, o ellərə uzaqdan-uzağa baxması mənə yaman təsir elədi, Bakıda qala bilmədim. Oturdum maşına, yolda oğlumla köməkləşib növbə ilə sürdük, yollandım birbaş uşaqlığımı yaşadığım obalara. Mənim anam Borçalı qızıdır, Aşıq Hüseyn Saraclının kəndində doğulub, boya-başa çatıb. Birbaşa doğulduğum obaya getdim, sərhəd boyu gəzdim. Obalarımızın, kəndlərimizin xarabalıqları qalıb. Qonşu kəndlərdə ot indi-indi biçilir, arabalara yükləyib daşıyırlar. Amma deyim ki, özümü bəri başdan hazırlamışdım, söz vermişdim ki, toxtaq olacağam, kövrəlməyəcəm. Nə qədər ağır olsa da, hətta söz vermişdim ki, elə bil yad kəndə baxacam. Bakıya qayıdandan sonra özümü sıxıb-saxlaya bilmədim, hönkürdüm. Başımda o yerlərlə bağlı bir yazı dolaşır, mütləq yazacam. Sonra Xınalığa getdim. Tələbə vaxtında bu kənd haqqında çox eşitmişdim, axır gedib çıxa bildim, doyunca gəzdim. Kəndin balacasından böyüyünə qədər hamı prezidentə sağ ol deyir ki, gözəl yol çəkib, gediş-gəliş asanlaşıb. - Bir dəfə sizinlə danışanda qəribə ifadə işlətdiniz: mən ətiacı, çətin adamam. Yəni bu qədər? - Nə bilim, bəlkə səhv edirəm. Hər halda, yan-yörəmdə olan yaxın adamlarım belə düşünürlər. Yəqin onların fikirləri mənə sirayət edib ki, özüm haqqında belə-belə şeylər fikirləşirəm. Səni inandırıram, bəzən özümə o dərəcədə qapanıram ki, bir kəlmə söz tapıb danışmaq çətin olur. Ömrüm boyu radioda, televiziyada çalışmışam, amma nə sirdirsə, kamera, mikrofon - yəni soyuq bir şey görən kimi özümə qapanıram. - “Dəyirman”ı, “Köç”ü, “Səs”i yazıb Azərbaycan dilinin imkanlarını göstərən adamın söz tapmamağı bir az inandırıcı görünmür... - Çox sağ ol, amma mənə inana bilərsən. Bəzən, ümumiyyətlə, danışmaq istəmirəm. Çünki adamın dilinin ucunda növbətçi sözlər olur. Bir ifadə var: dilinin ucunda danışır. Çox vaxt adamın canını elə dilinin ucunda olan söz qurtarır. Amma mən bunu bacarmıram. Tək olanda, yazıya başlayanda isə tamam başqa adam oluram. Cavan vaxtı ətrafımda dostlarım vardı, gəzirdik, Xəzərdə beş kilometr üzürdük, futbol oynayırdıq. Maşın alandan sonra dənizdən də, idmandan da ayağım kəsildi. O vaxt dostlarım deyirdi ki, sən məclisdə danışmırsan, amma nə ki danışılır, yığırsan sinənin altına, yazmağa saxlayırsan. Nə isə, belə şeyləri eyninə alma, əsas odur ki, səninlə oturub danışırıq (Gülür). Əsas odur ki, həmişə hərəkətdə olan adamam. 70 yaşım tamam olub, ömrümdən narazı deyiləm. 1945-ci il aprelin 23-də atamın qara kağızı gəldi. Tələbə vaxtı aprelin 23-nü beş il sakitcə, heç kimə hiss etdirmədən atama yas saxlamışam. Yataqxanada uzanıb gözümü yummuşam, heç kimlə kəlmə kəsməmişəm. Yetmişinci illərin axırlarında maşın aldım, nömrəsi təsadüfən 23-lə başladı. Elə sevinirdim ki. O nömrə hələ də yadımdadır: «23-28 AQU» Nə isə... - “And olsun əsrə” kitabınızda bir xatirəniz var: Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və siz gənc yazıçılar kimi Heydər Əliyevlə görüşürsünüz. Bir neçə gündən sonra İmran Qasımov hər üçünüzü yanına çağırıb deyir, Heydər Əliyev sizdən muğayat olmağı tapşırdı ki, onlar yaxşı uşaqlardır, gör nə əyər-əskikləri var... - Hə, bax, həmin maşını onda aldım. İmran müəllim soruşdu ki, evin-eşiyin var? Mən də maşın istədim. Təəccübləndi ki, pulun var? Utana-utana dedim, bəli, bir az var. Sonrakı vaxtlarda “Dəyirman” povestinə görə məni çək-çevirə salanda da Heydər Əliyevin çox köməkliyi dəydi. - Sizin ədəbi nəsli 60-cılar adlandırırlar. Hərçənd bu bölgünü qəbul etməyənlər də var... - Nəsillərə bölməkdə yanlış heç nə yoxdur və bunu təbii qəbul etmək lazımdır. Hər şey vaxtla bağlıdır. Vaxt yazıçını da, sözü də yerinə qoyur. İki daşın arasında onu da deyim, mən “yazar” ifadəsini xoşlamıram. Təəssüf ki, “yazıçı” sözünün başına oyun açmışıq. Bu insafsızlıqdır. Dostlarıma da deyirəm, səslənirəm: bu sözü dəyişmək qəti olmaz! O ki qaldı nəsil anlayışına, vaxtilə bizi qəbul etməyən adamlar vardı ki, sovet dövründə yazıb-yaratmışıq. Mənim içimdə poetik ifadə forması var, açığını desəm, bunu özümdə bəyənmirəm. Kəsədən desək, şair kimi obrazlı yazmağı xoşlamıram. Hərçənd mən özüm də bəzən belə şeylər yazmışam. Yazdıqlarımı təzədən oxuyanda fikirləşirəm ki, görəsən, bu yaşımda yenə belə yazardım? - Əsərlərinizi oxuyanda “yaxşı yazmışam” deyirsinizmi? - Hə, ayıb olmasın, deyirəm. Yazdıqlarımdan razıyam. Amma açığını desək, bir az soyuq yazardım. Mən elə yerdən gəlmişdim ki, söz hər şeyi həll edirdi. “Köç”də yazdıqlarımın hamısı bu xalqın yaddaşından, daxili dünyasından gələn məsələlərdir. “Yer üzünə məktub” əsərim mənə elə gəlir, çox maraqlı əsərdir. - Dünya ədəbiyyatında və özünüzdən əvvəlki Azərbaycan ədəbiyyatında hansı yazıçılardan təsirlənibsiniz? - Vallah, açıq hiss eləmirəm ki, kimdənsə nə isə götürmüşəm. Daha doğrusu, onun kimi yazıram. Qətiyyən! Amma şübhəsiz, götürdüyüm olub. “Köç”ü yazandan sonra Markesin “Yüz ilin tənhalığı” romanını oxudum. Hətta bir Rəhim Əliyev vardı, elə indi də var, demişdi, Mövlud Süleymanlı özünü Markesə oxşadıb (Gülür) Açığını deyim, mən “Yüz ilin tənhalığı”nı oxuyanda “Köç”ü yazmışdım. Mənim “Köç”də yazdığım xalq Latın Amerikasındakı xalqdan qat-qat üstündür, nəinki aşağıdır. Bəlkə xalqın müqayisəsi düzgün olmadı, amma mən öz xalqımın böyüklüyünü yazmışam. Azərbaycan ədəbiyyatından Mirzə Cəlildən, Axundovdan, Ömər Faiq Nemanzadədən, Üzeyir Hacıbəyovdan bədii mətnə, hadisəyə yanaşmanı öyrənmişəm. İsa Hüseynovun sözə, mövzuya yanaşması qüdrətlidir. Sonrakı yaradıcılığı tamam dəyişdi. Bu haqda nə isə demək istəmirəm. - İsa Hüseynovun sonrakı yaradıcılığını qəbul etmirsiniz? - Vallah, yox, o yozmaları-filanı qəbul eləyə bilmirəm. Mənim İsa müəllimə çox böyük hörmətim var, həmişə sevə-sevə oxumuşam. Adicə “Şəppəli”... Bilirsən, nədir? Dahiyanə əsərdir. Məsələn, mən “Şamo”nun, Əli Vəliyevin romanlarının adını qeyd etmək istərdim. Xalqı yada salmaqda, kənd həyatına güzgü tutmaqda onlar məktəbdirlər, yoldurlar. Səliqəsiz olsa da, indi bəyənməsək də, o yol var. Düzdür, ola bilər, dərindən işləyə bilməyiblər, amma bu yazıçıları xatırlamaq lazımdır. İsmayıl Şıxlının “Dəli Kür”, Yusif Səmədoğlunun “Qətl günü” romanları bizim ədəbiyyatımızın yaxşı romanlarıdır. Yusif Səmədoğlunun gözəl hekayələri var, adlarını xatırlayım... - “İncə dərəsində yaz çağı”, “Bayatı-şiraz”, “46-cı ilin oyunları”... - Gözəl hekayələrdir. Mən gürcü prozasını xoşlayıram. Soyuqqanlı yazmaq mənasında, mənim dolana-dolana getdiyim yolu, gürcülər kəsədən gedərdilər. Və bəlkə də onlar oxucusuna məndən tez çatırlar. Onlar mənim kimi sallana-sallana getmirlər, hayıl-mayıl olub poetik yazmırlar. Özümə bir az belə tənqidi yanaşan adamam. Anar, Elçin mənim qəbul etdiyim, oxuduğum yazıçılardır. - Bəs Əkrəm Əylisli? - Vallah, Əkrəm Əylisli... Biz doğrudan da yaxın olmuşuq, cavan vaxtı səfərlərə bir yerdə çıxan dostlar idik. Əkrəm Əylisli maarifçidir, xalqı tanıyan adamdır. Mən “xalqı sevən” ifadəsini işlədə bilmirəm. Daha doğrusu, istəyirəm, amma alınmır. Hər halda, onun Azərbaycan ədəbiyyatında xidmətləri olub. - Sizi bəyənməyən cavanlar kimlərdir? - Məni yox, ümumən sovet dövründə yazılan əsərləri qəbul etməyən adamlar var. Böyük çıxmasın, mənə nə deyə bilərlər ki? Ömrü boyu işləmişəm, ortalığa əsərlər qoymuşam. Bir ara cavanlar hay-küy salmışdılar, heç kimi bəyənmirdilər. Cavanlıqdır də, olur belə şeylər. - Sizə elə gəlmir ki, müasir dövrdə ədəbiyyat prioritet sahə deyil? - Yox, elə deməzdim. Vaxt gələcək, ədəbiyyata maraq daha da artacaq. Siz cavanlar ruhdan düşməməlisiniz. Vaxt gələcək, ədəbiyyat daha da inkişaf edəcək, nüfuzu indikindən yaxşı olacaq. Sadəcə, müasir dövrdə nəsr kəsədən getməyi bacarmalıdır. Mən bu şəkildə yazdıqlarımla lazım olmaya bilərəm. Heç kəs obrazlı, poetik nəsri oxumaq istəmir. İnsanların vaxtı yoxdur. Deyir, hər dövranın bir aşiqi var. Ona görə də hər dövranın aşiqi olmalısan. - Cavanlardan kimi oxuyursunuz? - Oxuduğum gənclər var. Aqşin Quşu oxuyuram. Əvvəllər bu imza ilə çap olunurdu, sonradan Yenisey oldu. Onunla görüşəndən sonra çox təəssüf elədim. Aqşin özünü istedadının sahibi kimi aparmır. Biz radioda görüşəndən sonra mətbuatda yazdı ki, Mövlud Süleymanlı ilə görüşdüm, mənə dedi, gəl güləşək (Gülür). Çox təəssüf elədim. Adamın düşüncəsində naqislik, xəstəlik oldu, deməli, məsələ aydındır. Son yazılarını oxuyandan sonra dedim hə, Aqşin o deyil. Cavanlardan Aysel Əlizadəni də oxuyuram. Bu qızın yazdıqları dərddən keçəndir. Son illərdə ədəbi prosesdə bir canlanma hiss olunur. Oxucular bir az detektivə meyl edirlər. Bu da bir janrdır, mənim detektiv yazan sevimli yazıçılarım var. Amma eşitdiklərini, uydurduqlarını yazanda alınmır. Məsələn, bir dəfə atdı dəymədi, ikinci dəfə də yan keçdi, üçüncü dəfə düz gözündən vurdu və s. Belə ədəbiyyatı oxumağa vaxt ayıra bilmirəm. Vaxt tapa bilmirəm desəm, yalan olar. Sadəcə, vaxt ayıra bilmirəm. - Çingiz Abdullayevin detektivlərini də oxumursunuz? - Yox, vallah, oxumuram. Bir əsərini nə vaxtsa oxumuşam. Çingizlə dostuq, amma o da məni oxumur. Qəşəngcə bir-birimizi oxumuruq (Gülür). Amma görüşürük, söhbət edirik. O, yaxşı oğlandır. Deyir, belə yazıram da, iddiam yoxdur. Anar ona deyib ki, Mövlud ən gözəl yazıçıdır. Çingiz bunu mənə deyəndə, xoşuma gəldi. İndi istəyirəm, mən də ona nə isə deyəm, deyə bilmirəm. Çünki oxumamışam. Anar da deməyib ki, Çingiz yaxşı yazıçıdır (Gülür). - Çingiz Abdullayev sizi niyə oxumur? - Vallah, nə bilim. Rusdillidir də. Amma indi Azərbaycan dilini yaxşı öyrənib. Onun iddiası yoxdur, otuz il əvvəl necə idisə, indi də elə qalıb! Oturub işi məşğul olur, heç kimlə işi yoxdur. - Yazıçılar Birliyinin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz? - Yazıçılar Birliyi haqqında 50 il qabaq nə düşünürdümsə, indi də o fikirdəyəm. Ora Anarla görüşməyə gedirəm. Anarla biz yaxın dostuq. Rəsul Rza xəstə olanda Anar məni onunla görüşdürməyə aparmışdı. Məni təqdim edəndə, Rəsul Rza dedi, nə yaxşı oldu, dəyirmançını görə bildik. Mənim “Dəyirman” povestimi oxumuşdu, onu nəzərdə tuturdu. - Anara Yazıçılar Birliyinə görə olan münasibəti necə qiymətləndirirsiniz? - Vallah, onlar hamısı boş şeylərdir. Anar kimə nə edib ki, ona bu münasibəti bəsləyirlər? Deyirlər, Anar Yazıçılar İttifaqının sədri niyə oldu? Necə yəni niyə oldu? Başqa kim olmalıydı? Qurultayda Anar namizədliyini versə, ona səs verəcəm. Yazıçılar Birliyi mənə qurum kimi maraqlıdır. Orda bir xitabət kürsüsü olub, üstündə bizim böyük yazıçıların imzaları vardı. İndi həmin kürsü yerində yoxdur deyə, mən pis olmuşam. Anarı da görmürəm ki, deyəm, o kürsünü niyə götürüblər? Yazıçılar Birliyinin Mövlud Süleymanlının yaradıcılığına nə dəxli var? Əlimdən tutub yazı yazdırırlar? Anar “Erməni adındakı hərflər” romanımı oxuyub, beş-altı dostla bir yerdə qonaqlıq verdi. Onun romanıma olan bu münasibəti mənə xoşdur. Anarı ziyalı kimi Azərbaycan xalqının çox gərəkli insanı hesab edirəm. - Sonda nə demək istəyərdiniz? - Mən yaxşı müsahib deyiləm. Bilmirəm, söhbətimiz necə alındı. Elə adam var, daha yaxşı danışır. Oxucular məni bağışlasın, içimdə olan böyüklüyü danışanda o qədər də yaxşı ifadə edə bilmirəm. / Cavid Zeynallı, APA/
|