Çingiz Abdullayev: "Mən axirətə inanmıram" - MÜSAHİBƏ
24.09.13
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayevin müsahibəsi.
– Çingiz müəllim, bu qədər detektiv əsərlər yazmısınız, ölüm mövzusu sizin üçün adiləşibməyib ki?
– Yox. Ölüm mənim üçün həmişə təzə mövzudur. Fransada son günlərdə haqqımda yazılan yazılardan birində qeyd olunub ki, bu yazıçı ölümü sevmir, qəhrəmanları üçün bir-bir vuruşur. Son məqama qədər onları qorumağa çalışır. Balzak deyirdi ki, “insanları iki məsələ maraqlandırır ölüm və pul”. Yerdə qalan şeylər bunlardan yaranır; hətta, ailə, xoşbəxtlik, məhəbbət və s. Detektiv əsərdə isə pul və ölüm haqqında intiriqalar əsas xətt kimi keçir. Dostoyevskinin “Cinayət və cəza” və “Karamazov qardaşları” əsərləri də klassik detektiv əsərlərdir. Detektiv həmişə maraqlı olub.
– Sizin üçün ölüm ancaq hadisədir, yoxsa onun metafizik qatları da var?
– Mən axirət dünyasına inanmıram. İnanmıram ki, o dünyada bizi ağ paltarlı qoca qarşılayacaq, pərilər oynayacaq və s. Həmişə deyirəm ki, seçim olsa cəhənnəm daha yaxşıdır, çünki ordakı insan qrupu daha maraqlı olacaq. Cənnət əgər olsa çox maraqsız olacaq. Ancaq Allaha inanıram, Allaha inanmayanda o hər gün öz varlığını insana sübut edir. İnanmıram ki, ölüb gedəndən sonra kimisə görəcəyəm, ünsiyyətdə olacağam və s. Ancaq Anar müəllim inanır ki, o axirət dünyasında atası ilə görüşəcək. Bu mənada ona paxıllığım tutur ki, o buna inana bilir, yəni onun belə təmiz qəlbi var. Mən də inanmaq istəyərdim ki, o biri dünyada atamı görəcəyəm. Ancaq başa düşürəm ki, bu ola bilməz, olmayacaq da. Biz ölüm haqqında heç nə bilmirik, o biri dünyada nələr olacağını heç kim bilmir. Bu mənada ölüm mənim üçün metafizikdir.
– Detektiv əsərlər müəllifi kimi, sizinçün detektiv xəttinin sirri nədədir?
– Maraqda. Əsər maraqlı olmalıdır ki, əsər necə bitəcək və problemlər, şifrələr hansı cür açılacaq. Ancaq mənim iki dostum rejissor Rasim Ocaqov və bəstəkar Emin Sabitoğlu həmişə mənə deyirdilər ki, bizi süjet maraqlandırmır, sənin fikirlərin maraqlandırır. Bir sıra ölkələrdə haqqımda yazılan yazılarda qeyd edirlər ki, Ç.Abdullayev əsərlərini detektiv adı ilə təqdim edir, ancaq bu əsərlər detektiv deyil, həyatdan və insanlardandır. Mənimçün insan amili maraqlıdır. Maraqlıdır ki, hansı sütuasiyada özünü necə aparacaq, hansı şəkildə ifadə edəcək, yaxud çətinə düşmüş insanların bir-birinə münasibəti necə olur.
– 187 kitabınız var. Bu qədər əsər içində öz üslubunuzun, mövzularınızın təkrarlama halı baş vermirmi?
– Yox, nə danışırsınız. 187 kitabım var, hansı əsərin mövzusunun nədən olduğunu dəqiq xatırlayıram. Əgər belə olsaydı oxucular kitablarımı alıb oxumazdılar. Təkrar mövzular heç kəs üçün maraqlı deyil.
– Detektiv əsərlər yazarkən yazıçı hara qədər reallığı yazır, hardan sonra təxəyyül işə düşür?
– Yazıçı bunu heç özü də bilmir ki, harada reallığı yazır, hardan sonra təxəyyül işə düşür. Yazarkən bu şeyləri düşünməyə aman olmur. Yazarkən ancaq əsər barədə və obrazların problemi barədə düşünürsən.
– Sizinçün Azərbaycan və rus oxucusunun fərqi nədədir?
– Azərbaycanda mənim az kitabım çıxır və çıxıb. Bizim cavanların çoxu mənim kitablarımdakı elə məqamlar var ki, onları Azərbaycan oxucusu başa düşmür. Rusiyada çap olunan kitablarda izahlar olur. Məsələn, indiki gənclərimiz bilmirlər ki, yağ talonu nə deməkdir. Talon anlayışından xəbərsizdirlər, bəzən mənə suallar ünvanlayırlar. Bizdə müasir ədəbiyyat əsərləri çox azdır, çap olunanların da az qismi oxunur. Sevinirəm ki, kitablarımı nəinki oxuyurlar, hətta ordan bilmədikləri məsələləri öyrənirlər, bu da romanlarımın maarifçilik tərəfidir. Yalnız Azərbaycan dilini bilən oxucular üçün kitablarımı oxumaq ona çətin olur.
– Hüquqşünas olmasaydınız nələrdən yazardız?
– Bilmirəm. Həkim olsaydım, bəlkə də həkimlərdən yazardım. Bəlkə, yaxşı müstəntiq ola bilmədim deyə, detektiv əsərlər müəllifi oldum. Yazıçı ürəyində qalan arzularına obrazları vasitəsiylə çatır. Bəlkə yaxşı hüquqşünas, kəşfiyyatçı olsaydım heç yazıçı da olmazdım, bilmirəm.
– Dünya ədəbiyyatından sevdiyiniz əsərlər detektiv mövzulardadır?
– Xeyr, detektiv əsərləri görən gözüm yoxdur. Detektiv əsərləri qəti sevmirəm. Daha çox Ayzek Əzimov, Pol Andersonun və s. fantastik əsərləri sevirəm. Detektiv əsər başlayanda mən artıq bilirəm ki, əsər necə bitəcək. Akuninin əsəri haqqında film çəkiblər, əsəri oxumamışdım, film başlayan kimi evdə uşaqlara dedim ki, qatil kim olacaq. Dediyim düz çıxdı, təəccüb elədilər. Çünki maraqlı olmaq üçün yazıçıların işlətdikləri fəndlər artıq mənə aydındır.
– Sizin əsərlərinizdəki obrazlarınızın adına restoran, klub var və s. Sanki o obraz sizdən ayrı yaşayır.
– Bəli, o məndən ayrı yaşayır. Yazıçı üçün bu xoşbəxtlikdir. Qadınlar obrazlarımı məndən çox sevirlər. Şikayətlənmirəm, məni də sevən çoxdur, amma obrazım qədər deyil. Mən çox sevinirəm ki, belə qəhrəmanlar yaratmışam. Bəzən həmin qəhrəmanımın dalınca gəlirlər ki, bizi onunla tanış elə.
– Əsərlərinizin tez yazılması nə ilə bağlıdır?
– Bəzən 3-4 günə bir roman yazmışam. 25-27 saat masa arxasından qalxmadan yazdığım günlər olub. “Əsrin əvvəlində sui-qəsd” romanımı 12 ilə yazmışam. Ancaq tez yazmağın tərəfdarıyam, uzun müddət bir əsərin üstündə qalmağı sevmirəm. Ancaq əsəri yazıb bitirəndən sonra bir-iki ay dincəlirəm.
– Yazıçı üçün dövlət qayğısı nə deməkdir?
– Yazıçı əgər dövlət qayğısının ümidinə qalırsa, onda o yazıçı olmur, ələbaxan olur. Əgər dövlətdən asılısansa, deməli, yazıçı deyilsən. Düzdür, bizim ölkədə yazıçılara çox köməklik edirlər, vəziyyət də çətindir. Bu gün Azərbaycanda 500 tirajla çıxan kitabların qonorarına yaşamaq mümkün deyil. Gənc yazıçıların ilk kitablarının, yaşlı və imkansız yazıçıların əsərlərinin çapına dövlət qayğısının olması yaxşıdır. Ancaq 30-40-50 yaşlı yazıçılar elə yazmalıdırlar ki, əsərləri hesabına dolana bilsinlər. Yazıçı əsərləri ilə hörmətini, şöhrətini və pulunu qazanmalıdır. Mənim 187 kitabım çap olunub, 2000-dən çox kitabım 29 dildə çap olunub. Heç bir əsərimi özüm çap etdirməmişəm. “Qanun” nəşriyyatı mənim bütün əsərlərimin Azərbaycanda çap hüququnu alıb, qonorarımı da verir. Onlar 10 il ərzində bütün əsərlərimi çap edəcəklər. Müstəqillik dövründə bu işin əsasını qoyduğuma görə sevimirəm. Azərbaycanda 20 il heç bir kitabıma pul almamışam. Yazıçılar Birliyindən də heç vaxt əmək haqqı almamışam. Verilən maaşı da burdakı adamlara paylayıram. Sürücülərim məndən çox pul alırlar.
– Bəzən deyirlər ki, Ç.Abdullayevin yazdıqları ciddi, elitar yazıçı deyil, onun yüngül ədəbiyyat nümunələridir, bu fikirlərə münasibətinizi bilmək istərdim.
– Hörmətli Prezidentimiz cənab İlham Əliyev deyir ki, Ç.Abdullayevin əsərlərini oxuyuram. Baş nazirimiz, akademiyanın prezident Akif Əlizadə, Musiqi Akademiyasının rəhbəri Fərhad Bədəlbəyli romanlarımı oxuyur. Bu şəxslərdən elitar insanlar varmı? Yoxdur. Ç.Abdullayev ciddi yazıçı deyil deyiləndə, belə sözləri eşidəndə gülürəm, cavab da vermirəm. Qoy Azərbaycanda elə bir yazıçı tapılsın ki, dünyada demirəm, dünya uzaqdır, Azərbaycanda mənim uğurumu aşsın, bax mən də deyim ki, əhsən. Beləsi yoxdur.
Ona görə də, deyirlər yazıçı deyil, deyirəm razıyam, deyirlər elitar yazıçı deyil, deyirəm razıyam. Deyirlər səviyyəsizdir, deyirəm razıyam. Əgər mənim 2-3 milyon, 5-6 dildə kitabım çıxsaydı nəyisə sübut etmək istəyərdim, ancaq rəqəmlər çox böyükdür. Bundan sonra heç kəsə özümü sübut etməyə ehtiyacım yoxdur. Bu qədər ölkələr dəli deyillər ki, səviyyəsiz bir yazıçının əsərlərini öz ölkələrində çap etsinlər. Boş sözlər danışanlar dərindən düşünmürlər. /kaspi.az, Fərid Hüseyn/
|