Raqif Raufoğlu - Hardasan ay adam?..
20.09.13
Çox nahaq yerə belə fikirləşirsiz. O fikirlərin heç biri sizin deyil. Siz özünüz də heç kimsiz. Siz sadəcə adamsız. Adam isə böyüdükcə çirkinləşir…
Adam ömrünün ən böyük vaxtını özünə ayırır. İctimailəşmişəm, qloballaşmışam deyir, amma yenə də özünü düşünür. Adamın düşüncələri də özünün deyil. Onun düşündəkləri tamam başqa şeylərdir...
Adam özünü olduğu kimi görməyi sevməz. Həmişə özündən qaçar. Özünü şəkillərdə, yazılarda daha çox sevər. Çox qəribə şeydir. Heç kim heç kimi, hətta özünü də olduğu kimi qəbul eləməz...
Necə ola bilər ki, bir adam özünə şəkillərdə baxsın və ləzət alsın? Hələ oturub gözləyir ki, başqaları da onun şəkillərinə baxıb bəyənsin. Bu sənə nə verir, adam? Ləzzət verir? Başqasını da sevəndə belə olur. Bir cüt ayaqdan və əldən, hərəkət edən ətdən ibarət hansısa fiqura baxasan və zövq alasan. O zövq kimə və hara işləyir? Özünü özü kimi sevməyən bir canlı başqasını da tamam başqa obrazda görəndə xoşuna gəlir. Yaxşı, adamdan soruşarlar, ay bacım, qardaşım, nə sən özünsən, nə də o özüdür, onda burda qazanan kimdir ya da nədir? İki başqa adam bir-birindən zövq alır. Zövq də alınan kimi çıxır gedir öz işinin dalınca. Bəs onda sən kimsən, sən hardasan ay adam?..
Necə ola bilər ki, bir adam bildiyi, bilmədiyi üç-dörd cümlə sözü harasa yazsın, sonra da oturub kənardan baxsın və ləzzət alsın. Adam öz içindən gələn, özününküləşdirdiyi sözdən heç vaxt həzz ala bilməz. Bu çox adi olar. Ürəyindən tikan çıxaran, sənə ləzzət verən söz sənin deyil əzizim, o tikanındır, o ləzzətindir. Bəs onda sən kimsən? Sən hardasan?..
Tək adam niyə darıxsın ki? Əgər sən doğrudan da təksənsə kimin üçün, nəyin üçün darıxırsan, ay adam? Deməli ya sən tək deyilsən, ya da adam deyilsən. İndi bunu oturub fikirləşəndə ağlına min cür fikir gələcək. Onların da heç biri sənin deyil əziz adam. Hamısı doğulduğun yerdə gördüyün, eşitdiyin, öyrəndiyin, bildiyin şeylərdir. Bəs sənin özünün nəyin var ay adam? Gətir bölüşdürək...
Avanqard.net
|